Əbədiyyət qazananların xatirəsinə
Region

Əbədiyyət qazananların xatirəsinə

Vətən müharibəsində canı-qanı bahasına erməni quldurlara layiqli dərs verib şəhidlik zirvəsinə ucalan Masallının qəhrəman oğullarının xatirəsi həmişə uca tutulur. Xalqın qəhrəmanlıq simvoluna çevrilən Vətən sevdalıların adları ilə bağlı il boyunca müxtəlif mühüm işlər görülür.

Bu günlərdə, rayonun Xırmandalı ərazisində Vətən müharibəsi şəhidi Masim Qurbanovun atası Hafis Qurbanovun təşəbbüsü ilə Hacıtəpə-Ərəb yolu boyunca ümumu uzunluğu 550 metr olan "Şəhidlər bağı" salınmışdır. Həmçinin bu işin görülməsində şəhid ailələrinin və sakinlərin köməkliyi də olmuşdur. Adıçəkilən yolun mühafizə zolağında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Qəhrəman Masallı şəhidlərinin şəkilləri olan lövhələr qoyulmuş, müxtəlif ağaclar əkilmiş və ətrafı çəpərə alınmışdır.

Daha sonra Masallının Şıxlar kəndində şəhid atası tərəfindən Birinci Qarabağ müharibəsi şəhidləri Natiq Əliyar oğlu Orucov və Telman Mirzə oğlu Hüseynovun şərəfinə "Şəhidlər bulağı" tikilərək kənd sakinlərin istifadəsinə verilib.

 1973-cü ildə rayonun Qasımlı kəndində anadan olmuş Natiq Orucov Ağdərə bölgəsində gedən ağır müharibədə böyük qəhrəmanlıq göstərib. 1992-ci ildə Vətən, müqəddəs torpaq uğrunda şəhidlik zirvəsinə ucalmaqla əbədi bir ömrə sahib olur.

Telman Hüseynov 1973-cü ildə rayonun Şıxlar kəndində dünyaya göz açmışdır. Birinci Qarabağ müharibəsi zamanı Telmanın sorağı bir müddət ən qaynar bölgələrdən eşidilir. 31 mart 1993-cü ildə itkin düşüb.

 Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü.