Hacıqabul rayonunda pambıqçılıq kənd təsərrüfatının əsas sahələrindən hesab olunur. Fermerlər Kürətrafı ərazilərdə becərdikləri “ağ qızıl”ın məhsuldarlığından razılıq edirlər. Dövlət başçımız cənab İlham Əliyevin pambıqçı əməyinə verdiyi yüksək qiymət, prioritet hesab olunan bu sahənin inkişafına göstərdiyi qayğı və diqqət qədim peşə sahiblərinə yeni impuls, ruh yüksəkliyi bəxş edir. Cənab Prezident Hacıqabul rayonuna səfər edərkən fermer Elşən Xəlilovun pambıq sahəsində olub, əkinin gedişini nəzərdən keçirərkən “ağ qızıl” ustalarına verdiyi məsləhətlər insanların işgüzarlıq əzmini daha da artırmışdır. Fermerlər cari ildə yüksək məhsuldarlıq uğrunda çalışırlar. Əsas sifarişçi olan “P-Agro” MMC və digər aidiyyəti təşkilatlar becərmənin keyfiyyətlə aparılmasına kömək etmək məqsədilə xüsusi qərargah yaratmış və əlaqəli iş qurmuşlar. 300 hektar sahədə əkin aparılmışdır. Bitkiyə yüksək səviyyədə aqrotexniki qulluq göstərilir. Normal çıxış alınmışdır. Suvarmada heç bir problem yoxdur.
Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, “P-Agro” MMC-nin və rayon Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi müntəzəm olaraq sahələrdə olur, mövcud vəziyyətlə maraqlanır, fermerlərə lazımi köməklik göstərirlər. Əlaqəli iş məhsuldarlığın yüksəldilməsinə öz səmərəsini verəcəkdir.
Tofiq HÜSEYN,
“Respublika”.