Əlcəzairin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik missiyası başa çatır
Siyasət

Əlcəzairin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik missiyası başa çatır

Oktyabrın 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Salima Abdelhakla ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Ceyhun Bayramov səfirin ikitərəfli münasibətlərin inkişafı istiqamətindəki səylərini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Azərbaycan ilə Əlcəzair arasında siyasi dialoqun yüksək səviyyədə olduğunu vurğulayan nazir bu əlaqələrin müxtəlif istiqamətlərdə daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb.

Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası yaranmış yeni vəziyyət və Azərbaycan tərəfindən üçtərəfli bəyanatların icrası ilə əlaqədar həyata keçirilən konkret addımlar barədə ətraflı məlumat verib. Ərazilərimizin işğalı amilinin aradan qaldırılması ilə bölgədə yeni əməkdaşlıq imkanlarının yarandığı diqqətə çatdırılıb.

Ceyhun Bayramov, həmçinin pandemiya ilə əlaqədar birbaşa təmasların məhdud olmasına baxmayaraq, əlcəzairli həmkarı ilə beynəlxalq platformalarda təmaslarını qeyd edib. O, ölkələrimizin beynəlxalq təşkilatlarda, o cümlədən BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiyini bildirib.

Səfir Salima Abdelhak diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və ölkələrimiz arasındakı münasibətlərin inkişafından məmnunluqla bəhs edib. Səfir ölkəsinin hər zaman beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutduğunu və bu xüsusda, ölkəsinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəklədiyini vurğulayıb.

Görüş zamanı tərəflər iki ölkə arasında münasibətlərin inkişafı perspektivlərini müzakirə ediblər.

AZƏRTAC