Elman Hüseynov
Sosial həyat

Elman Hüseynov

1968-ci ilin yay fəsli idi. Tərtər rayonunun İlxıcılar kəndində elin sevimlisi olan Süleyman kişinin geniş bağ-bağatlı evində xudmani bir məclis qurulmuşdu. Bu ailədə boya-başa çatan Elman Hüseynov Azərbaycan Texniki İnstitutunun Hidromeliorasiya fakültəsinə daxil olmuşdu. Hamı ali məktəbə daxil olan bu gənc oğlanı təbrik edir, ona uğurlar arzulayırdı.

Ən çox sevinənlər arasında Elmanın müəllimləri də var idi. Axı o, valideynləri ilə bərabər pedaqoji kollektivin də başını uca etmişdi.

28 fevral 1952-ci ildə Azad Qaraqoyunlu kəndində dünyaya göz açan Elman Hüseynov Texniki İnstitutda oxuduğu illərdə mükəmməl bilik qazanmağa maksimum səy göstərir, semestr imtahanlarından həmişə alnıaçıq çıxırdı.

Elman ordu sıralarında qulluq etdiyi illərdə də dəfələrlə tərifnamələrə layiq görülmüş, ordu sıralarında olmaqdan qürur duymuşdur. O, 1975-ci ildə ordudan tərxis olunur və Tərtər rayonunda müxtəlif vəzifələrdə çalışır.

1988-ci ildə uydurma Qarabağ məsələsini ortaya atan terrorçu, millətçi erməni daşnakları Azərbaycanın sərhəd bölgələrində dinc əhalini atəşə tutur, havadarlarının dəstəyi ilə günahsız insanları qətlə yetirirdilər. Mixail Qorbaçov kimi ermənipərəst qüvvələr isə müharibə alovunu daha da sürətləndirirdi.

90-cı ilin əvvəllərində sərhəd bölgəsində yerləşən Tərtər rayonu faşist xislətli erməni quldurları tərəfindən tez-tez atəşə tutulurdu. 1991-ci il sentyabrın 22-də Tərtər rayonunda könüllülərdən ibarət ərazi özünümüdafiə qərargahı yaradılır və Elman Hüseynov qərargahın rəisi olur. 12 noyabr 1991-ci ildə isə "Tərtər" batalyonuna komandir təyin edilir. O, bir komandir kimi "Tərtər" özünümüdafiə batalyonunun güclənməsində gecə-gündüz ikiqat səylə çalışırdı. Çalışırdı ki, batalyonun heyəti hərbi texnikanın sirlərini mükəmməl öyrənsin, düşmənin istehkamlarını yarmaq üçün həmişə sayıq olsun, kəşfiyyata ən bacarıqlı, cəsur əsgərlər cəlb olunsun.

Ağdərə, Seysulan, Yarımca, Çaylı, Marquşavan, Marağa, Həsənqaya, Levonarx, Ortakənd, Sərsəng su anbarı, Kasaped, Drımbon, Maqaviz, Çıldıran istiqamətlərində rəşadətli döyüş yolu keçən "Tərtər" batalyonunun döyüşçüləri vuruşduqları hər yedə özünəməxsus iz qoyurdu. Bu döyüşlərdə onlarca erməni yaraqlısı məhv edildi, xeyli hərbi sursat qənimət kimi götürüldü. Batalyon komandiri döyüşlərdə neçə dəfə yaralansa da, silahdan, odlu səngərlərdən ayrılmadı.

14 yanvar 1993-cü ildə cəsur komandir Vəng kəndinin azad edilməsi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına həlak oldu.

Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 1995-ci il tarixli 202 saylı Fərmanı ilə mayor Hüseynov Elman Süleyman oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verildi.

Elman Hüseynovun yurdunda qalan bir oğlu və iki qızı fəxr edirlər ki, atalarının adı Azərbaycanın müharibə tarixinə qızıl hərflərlə yazılmışdır. Mayor Elman Hüseynov Tərtər rayonunun Qaraqoyunlu kəndində dəfn edilmişdir. Rayonun küçələrindən biri onun adını daşıyır. Tərtər şəhərində Milli Qəhrəman Elman Hüseynovun büstü qoyulub.

Qədir ASLAN,

"Respublika".