Ərazi bütövlüyümüz milli qürurumuzdur
Digər xəbərlər

Ərazi bütövlüyümüz milli qürurumuzdur

Son otuz il ərzində xalqımız zamanın ağır və çətin sınaqlarından keçdi, torpaqlarımız təcavüzkar Ermənistan və onun havadarları tərəfindən zəbt edildi, bir milyona yaxın soydaşımız öz yurdundan didərgin salındı, dəhşətli hadisələrdən sarsılsaq da, büdrəsək də, yıxılmadıq, ləyaqətli və xilaskar bir Liderin ətrafında birləşdik. Azərbaycan xalqı 19 il bundan əvvəl keçirilən prezident seçkilərində görkəmli dövlət xadimi, dünyaşöhrətli siyasətçi Heydər Əliyevin davamçısı İlham Əliyevə səs verərək xoşbəxt gələcəyə doğru bir yola çıxdı. Addım-addım irəlilədik. Təcavüzkarı müdafiə edənlərin haqsızlığı, münaqişəni dondurmaq cəhdləri, ermənipərəstlik, ikiüzlü siyasət qətiyyətlə, yüksək siyasi bacarıqla dəf edildi. Saman altından su yeridən, sözü ilə əməli düz gəlməyən, Azərbaycanı gözü götürməyən, onun uğurlarını həzm edə bilməyən siyasi oyunçuları yerində oturdan Silahlı Qüvvələrimizin Ali Baş Komandanı düşmənin hərbi təcavüzünün qarşısının alınması, əhalinin təhlükəsizliyinin qorunması üçün vaxtında və qətiyyətli bir addım atdı.

Torpaqlarımızın işğaldan azad edilməsi üçün ordu bölmələrimizin keçirdiyi döyüş əməliyyatları ermənilərin öyündüyü ordusunu darmadağın edərək alınmaz qala sayılan Şuşaya üçrəngli bayrağımızı sancdı və şanlı tarix yazdı. Qürur hissi ilə qeyd edək ki, Şuşa əməliyyatı görünməmiş döyüş strategiyası və taktikası ilə dünya hərb tarixinə yazıldı. İndi dünyanın bir çox ölkəsi 44 günlük müharibədə ordumuzun taktikasını, xüsusilə də Şuşa əməliyyatını yaxından öyrənir. Azərbaycan Silahlı Qüvvələrinin 27 sentyabr 2020-ci ildə başladığı əks-hücum əməliyyatı nəticəsində havadarlarının himayə etdiyi Ermənistanın işğalı altında olan torpaqlarımız, qədim yurd yerlərimiz işğaldan azad edildi. Ermənilərin xarabalığa və viranəyə çevirdiyi Qarabağda və Şərqi Zəngəzurda çox genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Mübaliğəsiz demək olar ki, son iki ildə işğaldan azad edilən ərazilərdə həyata keçirilən infrastruktur layihələr, kifayət qədər irihəcmli quruculuq işləri dövlətimizin gücünün, iradəsinin təsdiqidir.

Prezident, Qalib Ali Baş Komandan İlham Əliyevin Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə hərbçilər qarşısındakı çıxışındakı mesajlar Qarabağda və Ermənistanda baş qaldıran revanşist qüvvələrə bir daha qəti xəbərdarlıq oldu. Təbii ki, ən əvvəl sülh prosesini pozmağa çalışan Ermənistan bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Səbrimiz sonsuz deyil, - söyləyən Prezidentimiz noyabrın 8-də Şuşada, 11-də isə Səmərqənddə Ermənistanı 10 noyabr 2020-ci il tarixli razılaşmaları sonuna qədər yerinə yetirməməkdə, silahlı qüvvələrini Qarabağdan tam çıxarmamaqda, Zəngəzur dəhlizini açmamaqda haqlı olaraq ittiham etdi. Dövlətimizin başçısının mən bir daha xəbərdarlıq etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımları atacaq sözləri müharibədən əvvəl verdiyi bəyanatları xatırladır. Prezidentin Şuşadakı çıxışından bəzi məqamlara diqqət yetirəndə bir daha aydın olur ki, onun mövqeyi birmənalı, dəyişməz və qətidir.

Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Əgər orada kimsə - istər iqtidar, istər müxalifət, istərsə də xaricdən göndərilmiş, öyrədilmiş hansısa ünsür yenidən bizə qarşı hansısa bəd fikirdə olmaq niyyətindədirsə, o, bizim yumruğumuzu bir daha görəcək və son iki ilin tarixi bunu göstərdi. Hətta bu il "Fərrux" əməliyyatı, "Qisas" əməliyyatı, 13-14 sentyabr Ermənistan-Azərbaycan sərhədindəki hadisələr - bütün bunlar Ermənistan üçün dərs olmalıdır, - deyən Prezident həm də öz ordusuna tapşırıq verir ki, biz hər zaman hazır olmalıyıq.

Baş verən hadisələr və düşmən ölkədən gələn xəbərlər onu göstərir ki, Ermənistan odla su arasında qalıb, hansı tərəfə getmək haqqında müstəqil fikir yürüdə bilmir, havadarlarının göstərişi, öz xalqını aldatmaq yolu ilə, həqiqəti ört-basdır etməklə üzərinə götürdüyü öhdəlikdən yayınır, vaxt qazanmağa ümid edir. Necə ki, işğal dövründə Ermənistanın rəsmi təbliğatı, onların havadarlarının media resursları bir fikri bütün dünyaya, eyni zamanda, xalqımıza çatdırmağa çalışırdı ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Qarabağda azərbaycanlılara qarşı cinayətlər törətmiş, cinayətkar xunta rejiminin dəllalları Robert Köçəryan, Serjik Sərkisyan və digər yanların sərsəm bəyanatları erməni xalqını ağır faciələrə, itkilərə düçar etdi. İki ildir ki, ermənilər günah bataqlığında çırpınır və fəryad edir, kimlərdənsə imdad diləyirlər. Bütün bunlar onu göstərir ki, sağlam düşüncəyə malik olmayan erməni cəmiyyəti sağalmaz xəstəliyə tutulub. Məhz buna görə də Ermənistan havadarlarının yardımı ilə bir vaxtlar işğal etdiyi Azərbaycan torpaqlarını yenidən ələ keçirmək üçün xəyallar qurur. Son iki il ərzində müşahidə etdik ki, Ermənistan rəhbərləri Rusiyaya, Fransaya, İrana və digər ermənipərəst dövlətlərə səfər edərək yardım və kömək istədi. Fransanın Ermənistanla müttəfiqliyi isə xəyalların əsiri olmaqdan başqa bir şey deyil.

Dövlətimizin başçısının Şuşadan verdiyi mesajlardan sonra Ermənistandakı bəzi mətbuat və internet resuslarına göz gəzdirdim ki, bu xəbərdarlığın erməni cəmiyyətində yaratdığı əhvali-ruhiyyəni öyrənim. Qeyd edək ki, sərsəm fikirlərdə olanlar da var və onların böyük əksəriyyəti revanşistlərin tör-töküntüləridir. Lakin sağlam mövqe bildirənlər, sülh arzusunda olanlar da az deyil. Erməni siyasi analitik Qalust Qriqoryan internet resurslarındakı məqaləsində bildirir ki, İlham Əliyev Şuşadakı çıxışı zamanı qeyd etdi ki, 2025-ci ildə Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlılar regionu tərk edəcək. Ermənistan tərəfi əlbəttə ki, "bu, sadəcə populizmdir" deyib bu məsələni bağlamaq istəyərdi. Lakin tarix bizə sübut edib ki, Əliyev dediklərini edən liderdir. Ermənistanın baş naziri Nikol Paşinyan isə ölkənin ictimai televiziyasına müsahibəsində deyib ki, Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün əlindən gələni edəcək. Əlbəttə, onun nə qədər səmimi olduğunu zaman göstərəcək, onsuz da ilin sonuna sayılı günlər qalıb. Ermənistandan fərqli olaraq Azərbaycan götürdüyü öhdəliklərə ləyaqətlə əməl edir, ötən iki il ərzində Laçın yolu ilə Ermənistandan Qarabağa və əks-istiqamətə gedən maşınlara toxunulmur. Ermənistan isə götürdüyü öhdəliyə əməl etmir, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol bağlantısı üçün heç bir iş görmür, boynuna götürdüyü öhdəlikdən yayınmağa cəhd edir. Əbəs yerə, unutmaq lazım deyil ki, Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə qəhrəman Silahlı Qüvvələrimiz yerləşib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşadan xalqımızın mövqeyini bir daha bütün dünyaya çatdıraraq bildirdi ki, irəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər. Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı, bütün xalqımıza inam və ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik.

İkinci Qarabağ müharibəsində Azərbaycan xalqı bir yumruq kimi birləşərək tarixi missiyasını qələbə ilə yerinə yetirdi. Ağır müharibədən çıxmış Azərbaycan azad edilmiş torpaqlarda iki il ərzində genişmiqyaslı quruculuq işləri aparır, özü də heç bir ölkədən, təşkilatdan, donordan bir manat belə yardım almadan viran edilmiş yurd yerlərimizi əsl gülüstana çevirir, burada gözəl bir həyat qurur.

Salman ALIOĞLU,

"Respublika".