Əsas hədəf xərcləri optimallaşdırmaqla gəlirləri artırmaqdır
Siyasət

Əsas hədəf xərcləri optimallaşdırmaqla gəlirləri artırmaqdır

Azərbaycanda neft və qaz hasilatı sənayesində dövlətin iştirakı SOCAR vasitəsilə həyata keçirilir. SOCAR təkcə dövlət şirkəti deyil, həm də Azərbaycanın ən böyük şirkəti və vergiödəyicisidir. SOCAR istehsal-satış zənciri boyunca şaquli inteqrasiya edilmiş şirkətdir və əsasən quruda və Xəzər dənizinin Azərbaycan sektorunda axtarış, kəşfiyyat və işlənmə, emal, daşınma və pərakəndə satış fəaliyyətlərini həyata keçirir. Daxili pərakəndə fəaliyyəti ilə yanaşı, həmçinin Gürcüstan, Rumıniya, İsveçrə və Ukraynada pərakəndə fəaliyyət həyata keçirir. SOCAR-ın neft-qaz emalı və neft-kimya müəssisələrinin yenidən qurulması, modernizasiyası, həmin müəssisələrin emal, istehsal, əməliyyat, keyfiyyətə nəzarət, əməyin təhlükəsizliyi, təmir-baxım işlərinin koordinasiyası, xammal və aralıq məhsulun ötürülməsi, digər texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, habelə maliyyə resurslarının daha rentabelli idarə edilməsi məqsədilə 2019-cu ilin sonunda SOCAR-ın təsisçiliyi ilə "SOCAR Downstream Management" şirkəti yaradılıb.

Hazırda beynəlxalq təcrübəyə uyğun olaraq operativ idarəetmə mexanizmlərinin, vahid texnoloji prosesin yaradılmasının, SOCAR emal zəncirinin dayanıqlı fəaliyyətinin təmin olunmasının, hazır məhsulun rəqabət qabiliyyətinin, həmçinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit (SƏTƏM) normativlərinə daha da ciddi riayət olunmasının gücləndirilməsi məqsədilə SOCAR-ın neft-qaz emalı və neft-kimya sənayesi üzrə fəaliyyət göstərən digər emal müəssisələrinin də qanunvericilik və nizamnamələr nəzərə alınmaqla "SOCAR Downstream Management" şirkətinin idarəetməsinə verilməsi prosesinə başlanıb. Bu emal müəssisələri arasında "Azərikimya" İstehsalat Birliyi, Karbamid zavodu, Metanol Zavodu, "SOCAR Polymer", Qaz Emalı Zavodu da var. Neft-kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi, idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəlməsinə və əməkdaşların karyera inkişafının təmin edilməsinə zəmin yaradacaq. Bu proses şaquli inteqrasiya prinsipi əsasında həyata keçirilir. Qeyd edək ki, şaquli inteqrasiya (şaquli konsentrasiya) - istehsalın və tədavülün bütün və ya əsas halqalarının vahid texnoloji prosesdə birləşdirilməsi, məhsul və ya xidmət üzrə istehsal prosesləri zəncirində bir infrastruktura malik, ümumi biznes prosesləri, texnologiyaları, səlahiyyətləri və s.-yə malik holdinq şirkətinin yaradılması, eyni zamanda, xammal təchizatçıları ilə inteqrasiya şaquli geri inteqrasiyadır. Belə ki, şaquli inteqrasiya çərçivəsində SOCAR-ın neft emalı və neft kimya müəssisələrinin dəyər zənciri üzrə bir-biri ilə inteqrasiyalı fəaliyyəti nəticəsində güclü sinerji yaradılaraq xərclərin optimallaşdırılması və gəlirlərin artırılması hədəflənir. Hazırda Heydər Əliyev adına NEZ, "Azərikimya" və "SOCAR Polymer" müəssisələri vahid dəyər zənciri üzrə bir-birini xammal ilə təmin edir. Bu müəssisələr arasında şaquli inteqrasiya əsasında güclü sinerji yaradılaraq istehsalat prosesində səmərəliliyin artırılması, fasiləsiz istehsalatın təmin edilməsi, nəticədə SOCAR-ın xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur. Emal və neft-kimya müəssisələrinin vahid mərkəzdən idarə edilməsi, idarəetmədə səmərəliliyi artırmaqla yanaşı, layihələrin daha sürətli icrasına, əməyin təhlükəsizliyinin gücləndirilməsinə, rəqəmsal və innovativ texnologiyaların tətbiqinə, insan kapitalının yüksəldilməsinə əməkdaşların karyera inkişafının təmininə zəmin yaradacaq.

Qaz xammalına əsaslanan yeni tipli "SOCAR-Polymer" və Karbamid zavodlarının inşası qısa müddətdə iqtisadiyyatın daha da şaxələndirilməsinə, aqrar sektorun, kiçik və orta biznesin inkişafına güclü təkan verəcək. Neft emalı və neft-qaz kimyasının vahid kompleksdə birləşdirilməsi və istehsal zəncirinin tamamlanması seqmentlərin qarşılıqlı fəaliyyətində müstəsna rol oynayıb, yeni inşa olunan zavodlar xammal kimi "Azərikimya"nın, o isə Heydər Əliyev adına Neft Emalı Zavodunun məhsullarından istifadə edir. Buradan da zəncirin bütün həlqələrində ahəngdar iş tsiklinin təminatı məsələsi qarşıya çıxır. Təsadüfi deyil ki, Heydər Əliyev adına NEZ və "Azərikimya"da aparılan yenidənqurma tədbirləri də yeni zavodların inşası ilə eyni vaxtda həyata keçirilir. SOCAR-ın qarşısında böyük enerji və biznes imkanlarına malik beynəlxalq şirkətlərlə rəqabət apara bilən güclü və modern bir qurum kimi həm ölkə daxilində, həm də xaricdə investisiya fəaliyyətini genişləndirmək vəzifəsi durur. "Petkim" və "STAR" NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində müxtəlif kateqoriyalarda, xüsusilə istehsalat, satınalma, ticarət, texniki xidmət, maliyyə, IT və korporativ xidmətlər sahəsində yaradılan əlavə maliyyə dəyəri 2019-2021-ci illər üzrə təqribən 100 milyon ABŞ dolları təşkil edib. Pandemiya dövrünün çətinliklərinə və qlobal miqyasda təchizat zəncirində baş verən fasilələrə baxmayaraq, "Petkim" və "STAR" NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət qabiliyyətini artırıb. Hazırda "Petkim" və "STAR" NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində "Petkim" əsas xammal ehtiyacı olan yüngül nafta məhsulunu "STAR" NEZ-dən daha yüksək keyfiyyətdə tam təchiz edir. "STAR" NEZ-dən əvvəl isə "Petkim" yüngül nafta xammalının tamamını xarici ölkələrdən idxal edirdi. Beləliklə, "Petkim" yüngül nafta idxalı üçün sərf etdiyi nəqliyyat və idxal xərclərini tamamən aradan qaldıraraq rəqabət qabiliyyətini və daha keyfiyyətli, stabil yüngül nafta istifadəsi sayəsində gəlirlərini artırmağa nail olub. Eyni zamanda "Petkim" və "STAR" NEZ-in inteqrasiyalı fəaliyyəti nəticəsində istehsal prosesi daha səmərəli idarə olunmağa başlanıb. Respublikanın neftə, qaza, emal və kimya məhsullarına olan daxili tələbatını tam təmin etməklə, regional və qlobal enerji təhlükəsizliyində ölkəmizin payını durmadan artırmaq başlıca strateji hədəflərdən biridir.

Azərbaycanın qlobal brendi olan SOCAR artıq aparıcı enerji şirkətləri ilə bir sırada dayanır. Odur ki, iqtisadiyyatın sənaye sektorunda aparılan islahatların davam etdirilməsi və intensivləşdirilməsi zərurəti bu gün daha aktualdır. Rəqəmsal texnologiyalar iri müəssisələrdə fəaliyyətin optimallaşması üçün imkanları genişləndirir, iqtisadi səmərəliliyi, ekoloji effektivliyi və əməyin təhlükəsizliyini dəfələrlə artırır. Son illər ölkəmizdə və onun hüdudlarından kənarda həyata keçirdiyi genişmiqyaslı layihələr çərçivəsində SOCAR-ın əldə etdiyi nailiyyətlər ilk növbədə onunla əlaqədardır ki, enerji sektorunda ən müasir rəqəmsal texnologiyalardan istifadə edərək buna nail olmuşdur.

Mustafa KAMAL,

"Respublika".