Əsrin bəlasına “yox”deyək
Region

Əsrin bəlasına “yox”deyək

Şirvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının, Şirvan Şəhər Polis şöbəsinin birgə təşkilatçılığı ilə 21 nömrəli tam orta məktəbin akt zalında şəhərin ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Narkomaniyaya, əsrin bəlasına yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirildi.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində bir sıra qanun və Dövlət proqramlarının qəbul edildiyini və uğurla həyata keçirildiyini bildirdi.

Milli Məclisin deputatı İltizam Yusifov narkotiklərin insan orqanizminə məhvedici təsiri, doğurduğu faciələr, narkomaniya ilə mübarizənin uzunmüddətli və çoxşaxəli bir proses olduğunu və narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynamasının vacibliyi bildirildi.

Şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov hazırda narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsi, şəhərin narkotik tacirlərindən təmizlənməsi məqsədilə xeyli işlər görüldüyünü vurğuladı.

21 nömrəli tam orta məktəbin müəllimi Sevinc Nəsirova yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən hüquq pozuntularının əsas səbəbləri və profilaktikası ilə bağlı vacib məqamları tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Tofiq HÜSEYN,

“Respublika”.