Etibar Hacıyev
Sosial həyat

Etibar Hacıyev

Hər kəsin bir ömür payı var. Ulu Tanrı 21 yaşlı Etibarın ömrünə şəhidlik yazmışdı.

Ağrının-acının elçisi olmur. Qəfil qasırğa kimi gəlir, neçə-neçə ömrün rahatlığını, xoş növrağını pozur, taleyinə qaralar hörür. 1988-ci ilin qarlı-çovğunlu bir günündə özümüzə "dost" bildiyimiz erməni quldurlarının xəyanət tonqalı Zodda - Etibargilin ocağında da yandırıldı. Tüstüsündən zülmət, ayrılıq, işgəncə, ölüm, fəlakət qoxusu duyulurdu.

Bu gün şəhid kimi yana-yana xatırladığımız Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layiq görülmüş Etibar Ələmdar oğlu Hacıyev 1988-ci ilin qış günündə Qərbi Azərbaycanın Basarkeçər rayonundan, ata-baba yurdundan ayrılıb Azərbaycana pənah gətirdi. Ab-havasında, suyunda Göyçəyə bənzərliyi olan bir diyarda - Göygöldə özlərinə yurd-yuva saldılar.

Etibar 1989-cu il iyun ayının 13-də ordu sıralarına yollandı. Göyçə dərdi, Göyçə niskili çəkə-çəkə Perm vilayətində əsgəri xidməti başa vurub, Göygölə qayıtdı.

1991-ci ilin oktyabr ayı idi. Qarabağımızın digər bölgələrində olduğu kimi, Goranboy ərazisindəki keçmiş Şaumyan kəndində də erməni daşnakları bir-birinin ardınca qanlı cinayətlər törədir, ev-eşikləri xarabalığa çevirirdilər. Erməni daşnaklarının torpaqlarımıza, gülüstan çöllərimizə göz dikdiyini görən Etibar rahatlıq tapa bilmədi, valideynləri ilə razılaşıb, könüllü olaraq öz arzusu ilə cəbhəyə, odlu səngərlərə yollandı.

...1992-ci il Ağcakənd uğrunda qızğın döyüşlər gedirdi. Hər tərəfə güllə yağışı yağırdı. Etibara və onun yoldaşlarına mühüm tapşırıq verilmişdi. Onlar lazımi yerlərdə mövqelərini möhkəmləndirib erməni quldurlarını geri oturtdular. Döyüş tapşırığını yerinə yetirərkən Etibar Hacıyevin sinəsi düşmən gülləsinə tuş gəldi.

Etibar Hacıyevin Goranboyun Böyük Canbar, Kiçik Canbar, Buzlaq, Erkəc və digər kəndlərinin düşmən tapdağından təmizlənməsində böyük xidmətləri olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 23 iyun 1992-ci il tarixli fərmanı ilə Hacıyev Etibar Firudin oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görülmüşdür.

Göygöl rayonundakı Zod kənd orta məktəbi Etibar Hacıyevin adını daşıyır.

Qədir ASLAN,

"Respublika".