Füzuli: işğaldan azad edilən torpaqlara həyat qayıdır
Region

Füzuli: işğaldan azad edilən torpaqlara həyat qayıdır

Vətən müharibəsindən sonra Azərbaycan qalib dövlət kimi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Heç kəsə sirr deyil ki, qırx dörd günlük müharibə gücümüzü, Silahlı Qüvvələrimizin rəşadətini, qəhrəmanlığını, xalqımızın birliyini nümayiş etdirib. Xalqımız  bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdi, düşməni torpağımızdan qovduq. 

Tarixi qələbədən dərhal sonra işğaldan azad edilən torpaqlarda düşmənin 28 il ərzində basdırdığı saysız-hesabsız minaların təmizlənilməsinə başlanılıb və gizli düşmənə qarşı bu çətin, eyni zamanda təhlükəli axtarış-xilasetmə işləri uğurla davam etdirilir. Ardınca isə azad edilən rayonların ərazilərində iri infrastruktur layihələrin icrasına başlanılıb. Həm də ilkin layihələr həyat əhəmiyyətli sahələri, yol, enerji, su və başqa zəruri sahələri əhatə edir.

Düşmən Füzuli şəhərini xarabalığa çevirib, bu yerlərdəki həyat işartılarını belə məhv edib, faşist ermənilər torpağa və ağaclara qəsd ediblər. Şanlı Azərbaycan ordusu Füzulini işğalçılardan azad edəndən sonra dövlət tərəfindən burada yenidənqurma və bərpa işlərinə başlanılıb. Qalib Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən ordumuzun Şuşaya doğru hərəkət etdiyi keçilməz cığırların yerində Zəfər yolunun tikintisinə başlanılıb. Ötən ilin payızından başlanan Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər sürətlə davam etdirilir. Qeyd edək ki, 4 və 6 hərəkət zolaqlarından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq. Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində inşa edilən körpüdə tikinti-quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilir. Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq.

Çətin relyefi olan yerlərdə yolların çəkilməsi, tunellərin qazılması, körpülərin tikintisi sözün əsl mənasında, fədakarlıq və işgüzarlıq tələb edir. Yolçəkənlər Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində tunelin inşasına başlayıblar. Rahat gediş- gəlişi təmin etmək məqsədi ilə burada ümumilikdə iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr olacaq.

Füzuli Beynəlxalq Hava Limanının tikintisinə yanvar ayında başlanıb. Burada 3 min metr uzunluğunda, 60 metr enində uçuş-enmə zolağının tikintisi yüksək standartlara uyğun aparılır. Hava limanında təyyarələrin enişi iki tərəfdən də təmin olunacaq. Bu il sentyabr ayının əvvəllərində ilk sınaq uçuşları həyata keçiriləcək. Hava limanı bölgədə turizmin inkişafına və eyni zamanda sərnişin daşımalarının keyfiyyətinə güclü təkan verəcək.

Füzuli şəhərində yeni 110/35/10 kilovoltluq yarımstansiya Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. Bu yarımstansiya yeni aeroportun hava limanı da daxil olmaqla, Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Qeyd edək ki, işğaldan azad edilən ərazilərin böyük hissəsinin Azərbaycanın ümumi enerji sisteminə qoşulması üçün “Şükürbəyli” yarımstansiyası genişləndirilərək tam yenidən qurulub. Bu məqsədlə yarımstansiyanın gücü artırılmaqla yanaşı, 110 kilovoltluq açıq paylayıcı qurğu sökülərək daha müasir formada yenidən tikilib. Burada yeni avadanlıqla komplektləşdirilmiş mühafizə və avtomatika sistemləri ilə təchiz edilən İdarəetmə Mərkəzi yaradılıb.

Köndələnçay su anbarı ulu öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. Su anbarı Füzuli rayonunda kənd təsərrüfatının inkişafına və minlərlə hektar torpağın suvarılmasına münbit şərait yaradıb. Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 6200 hektar sahəni suvarmağa imkan verirdi.

1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradıblar. İşğaldan azad edilən ərazilərdə su anbarlarının gələcək istismarı ilə bağlı müvafiq göstərişlər verilib.

Yeri gəlmişkən qeyd edək ki, ərazilərin işğaldan azad olunması nəticəsində 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Belə ki, işğaldan azad olunan ərazilərdə 13 iri çay, 9 su anbarı mövcuddur.

Bu yaxınlarda Füzuli rayonuna səfər edən Prezident İlham Əliyev su anbarında olarkən bildirib ki, Köndələnçay su anbarı uzun illər düşmənin əlində olub. Uzun illər biz bu sudan məhrum idik. İkinci Qarabağ müharibəsindən sonra artıq bizim əlimizdədir və bundan sonra Azərbaycan xalqının maraqlarına xidmət edəcək. Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır. Bizim bütün su ehtiyatlarımız, çaylarımız, göllərimiz, su anbarlarımız - bu sərvətimiz indi bizim əlimizdədir. Bu sudan səmərəli şəkildə istifadə etmək üçün yeni kanalların çəkilməsi və köhnə kanalların bərpası məqsədilə artıq vəsait də ayrılıb, müvafiq göstərişlər verilib və geniş proqram icra edilməyə başlanıb.

Füzuli Rayon Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Atakişi Babayev bidirir ki, Aşağı Köndələnçay su anbarının ümumi tutumu 9,5 milyon kub metrdir. Bəndin uzunluğu 925 metr, hündürlüyü isə 25 metr təşkil edir. Su anbarının güzgü səthinin sahəsi 1,53 kvadratkilometr təşkil edir. Su anbarının qidalandırıcı mənbəyi əsasən Köndələnçay, qismən Quruçaydır. Ümumilikdə, 3 su anbarının ümumi tutumu 15,5 milyon kub metrdir. Hazırda təmir-bərpa işlərinin gedişinə əngəl olan minalanmış ərazilər tam olaraq təmizlənib. Qiymətləndirmə işləri də başa çatıb. Su anbarında təmir işləri ilin sonunadək yekunlaşacaq.

Füzuli əsasən iri kənd təsərrüfatı rayonudur. İşğaldan azad edilən su mənbələrinin istismara verilməsi kənd təsərrüfatı məhsullarının artımına səbəb olacaq. Düşmən tərəfindən yandırılmış, susuzluqdan qovrulmuş torpaqlar cana gələcək, ermənilərdən fərqli olaraq azərbaycanlılar əzəli və doğma torpaqlarını əsl cənnətə döndərəcək.

                                                    Salman ALIOĞLU,

                                                      “Respublika”.