Gəncə hadisələri: böhranın təzahürü
Region

Gəncə hadisələri: böhranın təzahürü

1990-cı illərin əvvəllərində, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra, çox böyük çətinliklərlə üzləşmişdi.

Ölkə daxilində hakimiyyət uğrunda mübarizənin fonunda baş alıb gedən xaos və anarxiya respublikanı uçuruma sürükləyirdi. Müxtəlif şəxslərə tabe olan qeyri-qanuni silahlı qruplaşmalar özbaşınalıqla məşğul idi. Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait yaranmışdı. Ölkəyə rəhbərlik edənlərin təcrübəsizliyi, dövlət idarəçiliyindəki naşılığı, üstəlik, xarici himayədarlarının göstərişi ilə hərəkət etmələri vəziyyəti getdikcə gərginləşdirirdi. Hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, qorxu, xof altında saxlanılması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması xalqı hiddətləndirmişdi. Hərc-mərclik insanların səbrini son həddə çatdırmışdı. Belə ağır zamanda, dövlətin, millətin taleyi "olum, ya ölüm?" dilemması qarşısında qalanda xalqın ziyalıları üzlərini xalqın böyük oğluna təcrübəli, güclü siyasətçi, qətiyyətli Heydər Əliyevə tutdular.

Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın təkidli dəvətini qəbul edib 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəldi. Xalqın gurultulu və sürəkli alqışları ilə təyyarədən endi. Ulu Öndərimizin bu tarixi qaydışı ilə daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğradı. Xilaskarlıq missiyasını öz üzərinə götürən müdrik şəxsiyyət yaranmış mürəkkəb vəziyyətlə əlaqədar  həyatını təhlükə altında qoyaraq Gəncəyə gəldi. Hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün qətiyyətli addımlar atdı. İndi inamla söyləyə bilərik ki, Heydər Əliyevin Gəncəyə səfəri vətəndaş qarşıdurmasının genişlənməsinə imkan vermədi. Bəli, onun Gəncəyə səfəri xilaskarlıq missiyası, qətiyyət və cəsarət nümunəsi idi. O zaman ümummilli liderimiz Gəncədə baş verən hadisələrə münasibət bildirərkən demişdir: "Hadisələr dəhşətlidir. Qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və qanunu pozmuş bütün adamlar, cinayətdə iştirak etmiş adamlar, cinayəti təşkil etmiş, hansı tərəfdən asılı olmasına baxmayaraq, qanun qarşısında məsuliyyət daşımalıdırlar". Bütün gəncəlilər bu gəlişi böyük ümid və sevinclə qarşıladılar. Bundan sonra qısa bir zamanda dahi rəhbərin siyasi iradəsi və xalqın dəstəyi sayəsində ölkədə əmin-amanlığa təhlükə törədən, müxtəlif siyasi maraqlara xidmət edən qanunsuz silahlı dəstələr ləğv edildi, ictimai-siyasi sabitlik bərqərar olundu. Ermənistan-Azərbaycan müharibəsində atəşkəs elan olundu və dünyanın aparıcı neft şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında "Əsrin müqaviləsi" imzalandı.

Ulu öndərin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk demokratik Konstitusiyası hazırlandı və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olundu.

Ümummilli liderin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkənin demokratikləşdirilməsi iqtisadi islahatların sürətlə həyata keçirilməsi və siyasi islahatların genişlənməsi fonunda baş verirdi. Azərbaycan dövlətinin təşəbbüsü ilə respublikanın və ümumilikdə regionun iqtisadi inkişafına təkan verən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tibilisi-Ərzurum qaz kəmərləri kimi beynəlxalq layihələr reallığa çevrilir, respublikanın beynəlxalq əlaqələri və nüfuzu möhkəmlənirdi.

Bəli, ulu öndər böyük əzmlə müstəqil Azərbaycanda xilaskarlıq missiyasını yerinə yetirdi və ömrünün qalan hissəsini Azərbaycanın müstəqil dövlət kimi inkişaf etməsinə həsr etdi. Bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır.

Zabit XƏLİLOV,

"Respublika".