Görkəmli alim, elm və təhsil təşkilatçısı
Sosial həyat

Görkəmli alim, elm və təhsil təşkilatçısı

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor, Əməkdar elm xadimi, AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov bütün həyatını elmə həsr edən ziyalılarımızdan biridir.

Misir Cumayıl oğlu Mərdanov 1946-cı il oktyabrın 3-də Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Göyərçin kəndində anadan olmuş, yeddiillik təhsilini Salah kənd məktəbində, onillik təhsilini isə 1964-cü ilin martına qədər Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin mart ayında Bakı şəhərinə gəlib eksternat qaydası ilə 49 nömrəli orta məktəbi bitirmiş, həmin ildə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə bu fakültəni fərqlənmə diplomu ilə bitirmiş, həmin ilin noyabr ayında ADU-nun əyani aspiranturasına qəbul edilmişdir.

1973-cü ildə mexanika-riyaziyyat fakültəsinin Müdafiə Şurasında Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, professorlar Qoşqar Əhmədov və Kazım Həsənovun rəhbərliyi ilə yazdığı "İnteqro-diferensial tənliklər sistemi üçün optimal idarə nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası işini müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüşdür. Misir Mərdanov 1989-cu ilin iyun ayında Ukrayna Elmlər Akademiyası Riyaziyyat İnstitutunun ixtisaslaşdırılmış Dissertasiya Şurasında "Gecikmələri və məhdudiyyətləri olan optimal proseslərin tədqiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib, SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

1981-ci ildə dosent, 1991-ci ildə professor elmi adını alan Misir müəllim 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir.

M.Mərdanovun əmək fəaliyyəti çoxşaxəlidir: alim-pedaqoq, elm və təhsil təşkilatçısı, Azərbaycan Maarifçilik tarixinin fəal araşdırıcısı və təbliğatçısı, ictimai və dövlət xadimi… Pedaqoji və ümumilikdə təhsil sistemində əmək fəaliyyətinə 1969-cu ildə təyinatla göndərildiyi Həsən bəy Zərdabi adına Gəncə Pedaqoji İnstitutunda başlamış, aspiranturanı bitirdikdən sonra 1973-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim, 1980-1989-cu illərdə Diferensial və inteqral tənliklər kafedrasında dosent, eyni zamanda 1978-1989-cu illərdə mexanika-riyaziyyat fakültəsinin dekan müavini vəzifələrində çalışmışdır. O, 1989-1992-ci illərdə Azərbaycan Təhsil Nazirliyində Ali Təhsil İdarəsinin rəisi və nazir müavini, 1992-ci ilin oktyabr ayından 1996-cı ilin oktyabr ayına qədər Bakı Dövlət Universitetində tədris işləri üzrə prorektor, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru vəzifələrində işləmişdir. 15 il müddətində - 1998-2013-cü illərdə Azərbaycan Respublikası Təhsil naziri vəzifəsində çalışan Misir Mərdanov 2013-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun direktorudur. 2002-ci ildən Bakı Dövlət Universitetində Ümumi riyaziyyat kafedrasının müdiridir.

Misir Mərdanov 50 ildən artıq müddətdir ki, elmi fəaliyyətlə məşğuldur və elmi tədqiqatları əsasən optimal idarəetmənin riyazi üsulları sahəsinə aiddir. Onun elmi yaradıcılığının iki istiqamətini xüsusi qeyd etmək lazımdır. Bu istiqamətlərdən biri kəsilməz və diskret sistemlərlə təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiq olunması, ikincisi isə klassik variasiya məsələlərinin yeni üsullarla tədqiqindən ibarətdir. 2013-cü ilə qədər əsasən gecikən arqumentli adi və xüsusi törəməli diferensial tənliklər sistemi ilə təsvir olunan, həmçinin, bərabərlik və bərabərsizlik tipli məhdudiyyətlərə malik geniş sinif optimal idarəetmə məsələlərini tədqiq etmişdir. Nəticədə optimallıq üçün yeni və konstruktiv olan birinci və ikinci tərtib zəruri şərtlər almış, bu optimallıq şərtlərinin bəzi məsələlər üçün həm də kafi olduğunu isbat etmişdir.

Yeni tədqiqat metodları təqdim etməklə geniş sinif optimal idarəetmə məsələlərində məxsusi idarəedicinin optimallığı üçün matris impuls, Kelli və bərabərlik tipli şərtlər almışdır.

Misir Mərdanov 2020-ci ildən başlayaraq, hamar olmayan müxtəlif variasiya məsələlərinin, həmçinin cırlaşmaya malik variasiya məsələlərinin tədqiqi ilə məşğul olur. Tədqiqat zamanı o, ədədi parametrlə xarakterizə olunan Veyerştras tipli variasiyadan və onun yeni modifikasiyalarından istifadə etmişdir. Nəticədə Veyerştras tipli zəruri şərtlər, həmçinin cırlaşma hallarında funksionalın minimumu üçün bərabərlik və bərabərsizlik tipli yeni zəruri şərtlər almışdır. Bu şərtlər vasitəsilə məlum olan uyğun nəticələr gücləndirilmiş və dəqiqləşdirilmişdir.

AMEA-nın müxbir üzvü, professor Misir Mərdanovun elmi işlərinin bir hissəsi böyük tətbiqi əhəmiyyəti olan, qeyri-lokal şərtli diferensial tənliklərin və bu tipli tənliklərlə təsvir olunan optimal idarəetmə məsələlərinin tədqiqinə həsr olunmuşdur. O, adi diferensial tənliklər və impuls təsirli diferensial tənliklər üçün üçnöqtəli, çoxnöqtəli və inteqral tipli sərhəd məsələlərinin həllinin varlığı və yeganəliyini təmin edən kafi şərtlər tapmışdır.

Misir Mərdanov həm də kəsr tərtibli impuls təsirli diferensial tənliklər sistemi üçün qeyri-lokal şərtli sərhəd məsələsini araşdırmış, çoxnöqtəli ayrılmayan sərhəd şərtli adi diferensial tənliklər sistemi ilə təsvir olunan optimal idarəetmə məsələsini tədqiq etmişdir.

Təhsil problemlərindən biri də universitetlərin idarə olunması, onların rəqabət qabiliyyətinin artırılması yollarının optimallaşdırılmasıdır. Misir Mərdanovun bu sahə üzrə nüfuzlu elmi jurnallarda onlarla məqaləsi çap olunmuşdur. Bu məqalələrdə riyazi statistikanın metodlarından, qeyri-səlis çoxluqlar və neyron şəbəkələri nəzəriyyələrindən, hibrid (neural-fuzzy) sistemlərdən, müasir informasiya texnologiyalarından istifadə edərək təhsil xidmətlərinin marketinq məkanının və əmək bazarında universitetin rəqabət qabiliyyətinin qiymətləndirilməsi üçün modellər təklif edilmişdir.

Alimin Azərbaycan maarifçilik tarixinin təqdiqatı sahəsindəki fəaliyyəti onun vətəndaşlıq mövqeyinin göstəricisidir. O, XIX, XX əsrlərdə Azərbaycan təhsil tarixinin müxtəlif sahələrinin öyrənilməsinə çox böyük zəhmət, enerji, vaxt sərf etmişdir. Dörd cilddən ibarət olan "Azərbaycan təhsil tarixi" (2011-2012), indiyədək altı cildi işıq üzü görmüş "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" (2018-2021), "Bakı Dövlət Universiteti" (2021) kitablarının ərsəyə gəlməsi üçün çoxlu sayda arxiv materiallarından istifadə edilmiş, tarixi şəxsiyyətlər haqqında maraqlı məlumatlar əldə olunmuş və nəticədə bu günədək geniş oxucu kütləsinə məlum olmayan faktlarla zəngin olan əsərlər yaradılmışdır.

Riyaziyyat fənni üzrə orta və ali məktəblər üçün dərsliklərin hazırlanmasında onun bilavasitə istər layihə rəhbəri, istərsə də həmmüəllif kimi iştirakı xüsusi qeyd olunmalıdır.

Ümumtəhsil məktəblərində tədris olunan "Həndəsə" (VII-XI siniflər), "Cəbr" (VII-IX siniflər), "Cəbr və analizin başlanğıcı" (X-XI siniflər) dərslikləri, "Elementar Riyaziyyatın əlavə fəsilləri və olimpiadalar" (I, II və III) kitabları, universitetlərdə qeyri-riyaziyyat ixtisaslarında təhsil alan tələbələr üçün "Ali riyaziyyat" (2020) dərsliyi onun riyaziyyat fənninin tədrisi ilə bağlı fəaliyyəti haqqında təsəvvür yaradır.

Azərbaycan riyaziyyatçıları haqqında geniş, hərtərəfli, dolğun məlumatlara malik, demək olar ki, Azərbaycan riyaziyyatçılarının ensiklopediyası adlana biləcək "Azərbaycan riyaziyyatçıları" (2017), "Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutu" (2019), "Predşestvenniki Sovremennoy Matematiki Azerbaydjana" (2016) kitabları, Azərbaycanın görkəmli riyaziyyatçıları haqqında yazdığı onlarla məqalələr və "Müəllimim Qoşqar Əhmədov" (2017) xatirə kitabı Misir Mərdanovun həm Azərbaycan riyaziyyatının tanınmış simalarını tarixiləşdirmək, müəllimlərinin xatirəsinə olan hörmətini ifadə etməklə yanaşı, maraqlı faktlarla zənginliyi baxımından da böyük əhəmiyyət kəsb edir.

Professor Misir Mərdanov 1996-cı ildən Azərbaycan Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, 2000-ci ildən Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, 2005-ci ildən Rusiya Təhsil Akademiyasının xarici üzvü, 2011-2014-cü illərdə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin prezidenti, 2014-cü ildən Türk Dünyası Riyaziyyat Cəmiyyətinin fəxri prezidenti, 2014-cü ildən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. "AMEA riyaziyyat və Mexanika İnstitutunun əsərləri" jurnalının baş redaktoru, "Azerbaijan journal of Mathematics" jurnalı redaksiya heyətinin üzvü, "TWMS Journal of Pure and Applied Mathematics" və "Çebışevskiy sbornik" jurnallarının beynəlxalq redaksiya heyətinin üzvüdür.

O, riyaziyyat üzrə bir elmlər doktorunun elmi məsləhətçisi olmuş və yeddi nəfər fəlsəfə doktoru hazırlamışdır. 500-dən çox məqalənin müəllifidir. Riyaziyyata aid elmi məqalələrinin sayı 150-dən çoxdur və onların əksəriyyəti nüfuzlu elmi jurnallarda çap olunmuşdur.

2000-ci ildə elm və təhsil sahəsindəki nailiyyətlərinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Əməkdar elm xadimi" fəxri adına, 2006-cı ildə isə "Şöhrət" ordeninə, 2011-ci ildə Dağıstan Respublikası prezidentinin sərəncamına əsasən Dağıstan və Azərbaycan respublikaları arasında elmi əməkdaşlığın inkişafına verdiyi böyük töhfələrə görə "Dağıstan Respublikasının Əməkdar elm xadimi" fəxri adına layiq görülmüşdür. 2001-ci ildə "Qızıl qələm" media mükafatını almışdır.

Misir Mərdanov respublikanın siyasi həyatında fəal iştirak edir. O, 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 1998-2013-cü illərdə YAP İdarə Heyətinin üzvü, 2013-2021-ci illərdə YAP Siyasi Şurasının üzvü, 2021-ci ildən isə YAP Veteranlar Şurasının üzvüdür.

İşgüzar, əməksevər, nizam-intizama əməl olunmasına ciddi nəzarət edən, təmasda olduğu insanlarla səmimi olan Misir müəllim işlədiyi hər bir kollektivdə hörmət qazanmış, həmişə nüfuz sahibi olmuşdur.

Həyatının kamillik zirvəsini yaşayan Misir müəllimə möhkəm cansağlığı arzulayırıq və inanırıq ki, sahib olduğu bilik, dünyagörüşü, topladığı təcrübələrdən istifadə edərək daha sanballı əsərlər yaradacaq, Azərbaycan təhsilinin, elminin nüfuzunun artması istiqamətində hələ xeyli işlər görəcəkdir.

Yusif MƏMMƏDOV,

akademik, Əməkdar elm xadimi,

Ədalət AXUNDOV,

professor,

Telman MƏLİKOV,

professor.