Gülüş Səmədli: Ağalı sakinlərinə hüquqşünas kimi  xidmət edəcəyəm
Sosial həyat

Gülüş Səmədli: Ağalı sakinlərinə hüquqşünas kimi  xidmət edəcəyəm

Zəngilanda doğulmasam da, ora ilə bağlı qiyabi təsəvvürlərim çoxdur. Həmçinin Zəngilan haqqında yaxınlarım bizi məlumatlandırıb. Bu səbəbdəndir ki, o ərazilər bizim uşaqlıq arzumuz olub. Mən Ağalı kəndində yaşayan vətəndaşlara hüquqşünas kimi xidmət edəcəyəm.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Ağalıya köçən gənc sakin Gülüş Səmədli söyləyib.

Zəngilana daha əvvəl də getdiyini xatırladan Gülüş Səmədli deyib: "Bu dəfə Ağalıya yaşamaq üçün gedirəm. Bu proses hamımız üçün xeyirli olsun. Qəribə və eyni zamanda, sevincli hislər yaşayıram".

 Atasının Zəngilandan çıxdığı yaşda oraya qayıtdığını qeyd edən Ağalının gənc sakini bildirib: "Zəngilandan çıxan ən son insanlardan biri də atam olub. Əlbəttə ki, əzablı günlər olduğu kimi sevincli anlar da baş verir. Belə ki, bu gün bizim xoşbəxt günümüzdür. Çünki biz Ağalıya məskunlaşmağa gedirik".

O vurğulayıb ki, Qarabağda aparılan bərpa-quruculuq işləri MDB və region ölkələrinə səs saldı. Dünya gördü ki, Azərbaycan Ermənistan tərəfindən dağıdılmış ərazilərdə həyatı geri qaytarır. Bu günləri bizə yaşadan Allaha şükürlə olsun. Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən müzəffər Azərbaycan Ordusuna təşəkkür edirik. Şəhidlərimizə rəhmət, qazilərimizə isə cansağlığı arzulayıram.

AZƏRTAC