Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq əlaqələri
Siyasət

Həştərxan vilayəti ilə səmərəli əməkdaşlıq əlaqələri

Bakının Nərimanov rayonu ilə Rusiyanın Həştərxan vilayəti arasında dostluq və qardaşlıq əlaqələri də Azərbaycan-Rusiya münasibətlərinin yüksək multikultural etimada əsaslanmasının ən gözəl nümunələrindən biridir. İki ölkə arasındakı münasibətlərə, ortaq mədəni dəyərlərə söykənən bu əlaqələri daha da inkişaf etdirmək son illərin diqqət yetirilən əsas istiqamətlərindəndir.

Məhz buna görə də iqtisadi-siyasi və mədəni sahədə sıx dostluq və əməkdaşlıq əlaqələri daha da dərinləşir.

2010-cu ildən başlayaraq, Prezident İlham Əliyevin göstəriş və tapşırığı əsasında Həştərxan vilayətində Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə genişmiqyaslı layihələr həyata keçirilmişdir. Bu cür dinamik inkişafın göstəricisi və iki dövlətin dostluq əlaqələrinin bariz nümunəsi kimi, Həştərxan vilayətinin mərkəzində yerləşən 3,5 hektar ərazisi olan parkda geniş abadlıq və quruculuq işləri aparılmış, Bakı küçəsində yerləşən 11 nömrəli orta məktəbə ulu öndər Heydər Əliyevin adı verilmişdir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə həmin məktəbin əsas korpusu genişmiqyaslı rekonstruksiya olunmuş, müasir standartlara uyğun yeni korpus inşa edilmiş və şagirdlərin təhsilinin lazımi səviyyədə təşkil edilməsi üçün geniş şərait yaradılmışdır. Məktəb bütün texniki avadanlıqlarla təchiz edilmişdir. Həyata keçirilən layihələrin davamı olaraq Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunmuş və Rusiya Dostluq körpüsünün və Heydər Əliyev parkında yaradılmış, “Meçta” uşaq əyləncə şəhərciyinin və eyniadlı uşaq kafesinin, Müqəddəs Vladimir məbədinin önündəki meydanda Knyaz Vladimirin abidəsinin və abidənin yerləşdiyi ərazidə salınmış parkın təntənəli açılış mərasimləri olmuşdür. Həmçinin, Həştərxan şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə Voljskiy küçəsində “Dostluq” uşaq bağçasının açılışında  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir.

Rusiya Federasiyasının Həştərxan vilayətinin nümayəndə heyətinin ölkəmizə, eyni zamanda, Azərbaycan nümayəndə heyətinin Həştərxana dəfələrlə  rəsmi və işgüzar səfərləri baş tutub.

Həştərxan şəhərindəki Heydər Əliyev adına 11 nömrəli orta məktəbinin bir qrup şagirdi Bakı şəhərinə gəlmiş, respublikamızın, o cümlədən paytaxtımızın görməli yerləri, tarixi abidələri ilə tanış olmuşlar.

2015-ci il ilk Avropa oyunlarının açılış mərasimində vilayətin qubernatoru A.Jilkinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi və işgüzar səfərə gəlmişdir.

Həştərxanda keçirilmiş I Xəzər Media Forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində Nərimanov  rayonunun nümayəndələri də iştirak etmişlər.

Görüşlərdə Bakı və Həştərxanın müəssisələri  arasında birbaşa əlaqələrin qurulması, innovativ texnologiyaların tətbiqi, təhsil müəssisələrinin elmi potensialının fəal şəkildə birləşdirilməsi yolları müzakirə olunmuşdur.

Rus xalqının, o cümlədən Həştərxan sakinlərinin Azərbaycanın ümummilli lideri, Azərbaycan-Rusiya əlaqələrinin yeni mərhələdə inkişafının banisi olan və multikultural dəyərlərə böyük önəm verən Heydər Əliyevin xatirəsinə göstərdikləri ehtiram sonsuzdur. Bu ehtirama əsaslanaraq Həştərxan şəhərinin mərkəzində Volqa çayının sahilindəki mənzərəli bağda nümunəvi abadlıq işləri aparılaraq ümummilli lider Heydər Əliyevin xatirəsi əbədiləşdirilmişdir. Bu abidə azərbaycanlıların Həştərxana töhfəsi və xalqlarımız arasında dostluğun rəmzidir. Bir məqamı da qeyd etmək lazımdır ki, Həştərxanda “Azərbaycan-Rusiya dostluq körpüsü”nün açılması, Nərimanov rayonunda isə “Bakı və Həştərxan dostluğu” abidəsinin ucaldılması iki qardaş xalqın səmimi münasibətlərinin uğurlu simvoludur. Azərbaycan Prezidenti İlham Əliyev şəhər dumasının qərarı ilə “Həştərxan şəhərinin fəxri vətəndaşı” adına, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” ordeninə layiq görülmüşdür. Həmçinin, Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin də Azərbaycanın yüksək dövlət mükafatı - “Dostluq” ordeni ilə  təltif edilmişdir.

İnamla qeyd etmək olar ki, Həştərxan vilayəti ilə Azərbaycan arasında əməkdaşlıq bundan sonra da inkişaf etdiriləcək.

Qədir ASLAN,

“Respublika”.