İngilis jurnalist: Ağdamdakı xarabalıqları görəndə dəhşətə gəldim
MÜSAHİBƏLƏR

İngilis jurnalist: Ağdamdakı xarabalıqları görəndə dəhşətə gəldim

A ğdama səfərim zamanı şəhərin xarabalıqlarını və dağıntılarını görüb dəhşətə gəldim.

Bu sözləri AZƏRTAC-a müsahibəsində İngiltərədə fəaliyyət göstərən "T-wine" xəbər saytının əməkdaşı Edvar Rov söyləyib.

O bildirib ki, Azərbaycana səfəri onun üçün mükəmməl təcrübə olub. O, Bakıda İçərişəhəri, Şirvanşahlar Sarayını, Heydər Əliyev Mərkəzini ziyarət edib.

"Azərbaycana səfərim zamanı Zəngilandan olan qaçqınlarla görüşdüm. Müharibə nəticəsində bu qədər insanın ev-eşiyini itirdiyini görmək çox acınacaqlı idi. İşğaldan azad olunmuş Ağdama səfərim zamanı isə özümü min il əvvəlki xarabalıqları ziyarət edən bir arxeoloq kimi hiss etdim. O yerlər, əlbəttə ki, otuz il əvvəl insanların yaşadığı əraziyə bənzəmirdi. Bu, həyatımda gördüyüm ən pis görüntülərdən biri idi. Ağdam Cümə məscidini elə baxımsız vəziyyətdə görmək mənim üçün çox dəhşətli idi. Lakin hazırda ərazilərdə aparılan quruculuq işlərini yaxından izləyən biri olaraq deyə bilərəm ki, çox böyük irəliləyiş var. Yenidənqurma layihələri, o cümlədən "Ağıllı kənd" layihələri məcburi köçkünlərin geri qayıtması üçün yol açır. Ümid edirəm ki, insanlar yenidən o ərazilərdə həyatlarını bərpa edə biləcəklər".

İngiltərəli jurnalist ümidvar olduğunu bildirib ki, Türkiyə və Azərbaycan tezliklə Ermənistanla normal münasibətlərə qovuşacaq və bu, bütün region üçün daha böyük sabitlik, sıx rabitə, nəqliyyat və ticarət əlaqələri yaradacaq. Regiona sülh və firavanlıq gələcək.

AZƏRTAC