Digər xəbərlər

"İnklüziv, mütərəqqi və təkmilləşdirilmiş miqrasiya idarəçiliyi üçün 15 illik tərəfdaşlıq" mövzusunda beynəlxalq tədbir keçirilib

Martın 16-da Bakıda "İnklüziv, mütərəqqi və təkmilləşdirilmiş miqrasiya idarəçiliyi üçün 15 illik tərəfdaşlıq" mövzusunda beynəlxalq tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Dövlət Miqrasiya Xidmətinin (DMX) rəhbər heyəti, miqrasiya sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların, dövlət orqanlarının, vətəndaş cəmiyyəti institutlarının, özəl sektorun, xarici ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin rəhbər şəxsləri, eləcə də miqrantlar iştirak ediblər.

Tədbirdə çıxış edən DMX-nin rəisi Vüsal Hüseynov Azərbaycanda miqrasiya proseslərinin tənzimlənməsində xüsusi rol oynayan Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 15-ci ildönümü ərəfəsində təşkil olunan və beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığı təcəssüm etdirən tədbirin əhəmiyyətini, miqrasiya idarəçiliyi sahəsində birgə qazanılan uğurları, əldə edilən nailiyyətləri, gələcək perspektivləri diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə daim əhatə olunub və ölkəmizdə müasir tələblərə cavab verən Xidmət formalaşdırılıb.

Xidmət rəisi qeyd edib ki, ötən illərdə beynəlxalq əməkdaşlığın ikitərəfli və çoxtərəfli əsaslarla inkişaf etdirilməsi və möhkəmləndirilməsi, o cümlədən müqavilə hüquq bazasının genişləndirilməsi məqsədilə məqsədyönlü addımlar atılıb. Fərəhli haldır ki, Dövlət Miqrasiya Xidməti son 15 il ərzində müxtəlif beynəlxalq təşkilatların, ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərin, müvafiq dövlət orqanlarının, habelə Azərbaycanda olan, yaşayan, işləyən əcnəbilərin etibarlı tərəfdaşına çevrilib.

Mütərəqqi miqrasiya idarəçiliyinin daha da gücləndirilməsi istiqamətində geridə qalan 15 illik yolumuzu tərəfdaşlarımızla birgə layiqincə keçmişik. Bu yolu bundan sonra da sıx əməkdaşlıq çərçivəsində davam etdirmək niyyətindəyik", - deyə Vüsal Hüseynov bildirib.

Tədbirdə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı missiyasının rəhbəri Vladimir Qyorqiyev, BMT-nin qaçqınlar üzrə ali komissarının Azərbaycandakı nümayəndəsi Guido Ambroso, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) ölkəmizdəki nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin bölmə rəhbəri Viktor Boykov çıxışlarında səmərəli və qarşılıqlı əməkdaşlıq əlaqələrindən məmnunluqlarını ifadə ediblər.

Sonra Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin baş direktoru Mixael Şpindeleggerin və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreevanın videomüraciəti nümayiş etdirilib. Beynəlxalq ekspert Elizabet Ştrasser miqrantların inteqrasiyası sahəsində ən yaxşı təcrübələri tədbir iştirakçıları ilə bölüşüb.

Mərasimdə Dövlət Miqrasiya Xidməti yanında Miqrant Şurasının təqdimatı olub, Şuranın üzvləri və fəaliyyət istiqamətləri barədə məlumat verilib.

Tədbirdə Vladimir Qyorqiyev, Guido Ambroso, Səltənət Məmmədova miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə Azərbaycan Respublikasının medalı ilə təltif olunublar.

Sonda - mərasimin bədii hissəsində ölkəmizdə yaşayan əcnəbilər Azərbaycan dilinə, mədəniyyətinə, musiqisinə sevgilərini incəsənət nümunələri vasitəsilə diqqətə çatdırıblar.

AZƏRTAC