İraq mətbuatında Ulu Öndər haqqında məqalə dərc olunub
Digər xəbərlər

İraq mətbuatında Ulu Öndər haqqında məqalə dərc olunub

İraqın "remonews.com", "hammurabinews. com", "mustaqbil.net", "alrased.news" saytları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev barədə məqalə yayıblar.

AZƏRTAC xəbər verir ki, İraq Tədqiqatlar Mərkəzinin rəhbəri professor Mutəz Muhi Əbdülhəmidin müəllifi olduğu məqalədə Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən geniş bəhs edilib.

Məqalədə diqqətə çatdırılıb ki, 1990-cı illərin əvvəllərində Azərbaycan parçalanmaq ərəfəsində idi. Bir tərəfdən Ermənistanın ərazi iddiaları və müharibə, digər tərəfdən isə daxili çəkişmələr ölkəni uçuruma aparırdı. Lakin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev qısa zaman ərzində atəşkəs əldə etdi, Azərbaycanda ictimai-siyasi sabitliyi bərpa etdi və Qərb investisiyalarını cəlb edərək iqtisadi inkişafının əsasını qoydu.

Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə təhsil, mədəniyyət, səhiyyə sahələri inkişaf etməyə başladı. Azərbaycan dünya birliyinin tamhüquqlu üzvünə çevrildi.

"Bu gün Heydər Əliyevin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev Azərbaycanı dünyanın dinamik inkişaf edən dövlətlərindən birinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qarabağı Ermənistan işğalından azad etdi. Bu gün Qarabağda böyük quruculuq işləri həyata keçirilir", - deyə yazıda qeyd olunub.