Kerri Kennedi: Azərbaycan minillik tarixi olan inanılmaz ölkədir
MÜSAHİBƏLƏR

Kerri Kennedi: Azərbaycan minillik tarixi olan inanılmaz ölkədir

Azərbaycan minillik tarixi olan inanılmaz bir ölkədir. Bu əsrarəngiz ölkənin tanınmış filosofları, şairləri, riyaziyyatçıları var. Bir sıra digər ölkələr kimi, Azərbaycan insan haqları uğrunda mübarizə aparır, bu mübarizəyə töhfələr verir.

Bu fikirləri Robert F.Kennedi İnsan Hüquqları Fondunun prezidenti Kerri Kennedi AZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.

Kerri Kennedi deyib: "Biz Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi bu Foruma insan haqları, demokratiya, Ukraynada gedən müharibənin təsirindən, dünyada demokratiyanın inkişafı kimi məsələlərdən danışmaq üçün gəlmişik. Son 40-50 ildə insan haqları və demokratiya uğrunda mübarizə gedib. Bu mübarizə kiçik qruplar tərəfindən aparılıb. Hərbi rejimlər, eyni zamanda, Avropanın bir hissəsi kommunizmin diktaturasında olub. Yəni, insan hüquqları beynəlxalq gündəlikdə deyildi. Bu gün bunların hamısı dəyişib. Onlar hökumətlər tərəfindən, yaxud hərbi, eləcə də millətlər arasındakı əməkdaşlıqla dəyişməyib. İnsan haqlarını tələb edən kiçik qruplar tərəfindən dəyişdirilib. Yəni, ailəmiz, dostlarımız, həmkarlarımız - biz birlikdə toplaşaraq nələri dəyişməyin mümkün olduğunu deməliyik".

K.Kennedi uzun illərdir işğaldan əziyyət çəkən, amma sonda qətiyyəti ilə işğala son qoyan bir ölkədə - Azərbaycanda olmaqdan məmnunluğunu dilə gətirib və ölkəmizin bütün sahələrdə inkişaf etdiyini bildirib.

AZƏRTAC