Kollec peşəkar kadrları ilə fəxr edir
Elm və təhsil

Kollec peşəkar kadrları ilə fəxr edir

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci 2013-cü ildən fəaliyyət göstərir və gənclərin müxtəlif ixtisaslara yiyələnməsində müstəsna rola malikdir.

İlk vaxtlar 9 ixtisas üzrə fəaliyyət göstərən təhsil müəssisəsi hazırda 14 ixtisas üzrə mütəxəssis hazırlayır. Kolleci müvəffəqiyyətlə bitirən gənclərə subbakalavr diplomu verilir. Məzunların əksəriyyəti respublikanın ali məktəblərində təhsillərini davam etdirir, ya da müxtəlif bölgələrdə peşəkar mütəxəssis kimi çalışırlar.

Kollecin direktoru, dosent Kəmalə Süleymanlı bildirdi ki, məqsədimiz peşəkar kadrlar və vətənpərvər nəsil yetişdirmək, qabaqcıl təhsil ocaqlarından biri olmaqdır. Qeyd etdi ki, işçi qrupunun köməyilə kollecdə yeni təlim metodları əsasında açıq dərslər təşkil etdik və bu işdə bütün fənn müəllimlərinin iştirakı üçün şərait yaratdıq. Təcrübəli pedaqoqlarla, mütəxəssislərlə məsləhətləşmələr apardıq. Qısa zaman ərzində kollecdə genişmiqyaslı tədbirlər həyata keçirildi. Daxili nəzarətin yeni imkanlarını müəyyənləşdirdik. Müəllimlərin metodiki hazırlıq səviyyəsini, xüsusən ayrı-ayrı fənlərin tədrisini vaxtaşırı izləmək, öyrənib təhlil etmək, müəyyən mənada "özünə nəzarət"in çevik mexanizmi hazırlandı. Kollecdə yaradıcı bir mühit yarandı.

Hazırda 862 nəfər tələbənin təhsil aldığı kollecdə keçirilən ədəbi-bədii gecələrdə, diskussiyalarda, disput və konfranslarda tələbələr fəal iştirak edir. Milli-mənəvi dəyərlərin təbliğinə və hərbi vətənpərvərlik tərbiyəsinin möhkəmlənməsinə kömək edən rəngarəng tədbirlərin keçirilməsinin vacibliyini vurğulayan direktor tələbələrin şəxsiyyət kimi yetişməsindən iftixarla danışdı. Qeyd edək ki, müəllimlərin metodiki hazırlığını artırmaq üçün kollecin özündə hər cür şərait yaradılıb. Texniki baza formalaşıb. Yeni avadanlıqlar alınıb, optik internet sistemi qurulub. Tələbələrin bütün məlumatları şəxsi kabinetlərinə yerləşdirilir. Dərs prosesini izləmək üçün kameralar quraşdırılıb, yanğından mühafizə qurğuları qurulub, əlavə korpus təmir olunaraq istifadəyə verilib. Burada auditoriyalar, laboratoriya, inzibati və tibb otağı, müəllimlər və tələbələr üçün yeməkxana fəaliyyət göstərir.

Direktor bildirdi ki, kollecdə Microsoft Teams proqramı vasitəsilə dərslərin keçirilməsi, bütün müəllim və tələbə heyətinin dərslərə qoşulması və imtahanların video yazısının saxlanılması təmin edilib.

Bu yenilik təhsil sistemimizin bütün pillələrində özünü göstərir. Bu gün təhsil sistemində aparılan sistemli iş, məqsədyönlü fəaliyyət gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, dünyada ölkəmizi layiqincə təmsil etməyə qadir vətəndaşlar yetişdirilməsinə layiqli töhfə vermişdir. Biz təhsil işçiləri gündəlik işimizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsillə bağlı imzaladığı mühüm sərəncamların icrası ilə əlaqədar görülən tədbirlərin müsbət bəhrəsini aydın görürük. Bu səbəbdən də kollecə qəbul olunanların və kolleci Fərqlənmə diplomu ilə bitirənlərin sayı ildən-ilə artır. Kollecdə kənd təsərrüfatı və turizm yönümlü ixtisasların sayını artırmaq nəzərdə tutulub. Bu məqsədlə keçən tədris ilindən etibarən üç yeni ixtisas - zootexnik, aqronom və qida təhlükəsizliyi ixtisasları açılıb.

Tələbələrin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan danışan direktor qeyd etdi ki, ilk şəhidlərimizdən biri kollec tələbəsi Əliyev Fərid Hamlet oğlu oldu. Bu qeyrət savaşında məzunlarımız Lətifli Orxan Xancan oğlu, Həmidli Rəhim Ehtiram oğlu da qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlmişlər. Onların hər biri göstərdikləri rəşadətə görə medallarla təltif olunub.

 O, daha sonra bildirdi ki, son zamanlar orta ixtisas müəssisələrinin tədris proqramlarının yenilənməsi onların əmək bazarına uyğun peşəkar kadrların hazırlanmasına istiqamətlənmiş fəaliyyət planı gələcəkdə gənclərin orta ixtisas təhsili müəssisələrinə marağının artmasına səbəb olacaq. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli qərarına əsasən subbakalavrların qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə ali təhsil müəssisələrinə qəbul olunmaları gənclərdə orta ixtisas müəssisələrinə marağı artırıb. Biz məzunlarla əlaqə saxlayır, onların sonrakı fəaliyyətləri ilə daim maraqlanırıq. Kolleci əla və yaxşı qiymətlərlə qurtaran məzunların xoş sədaları öz ixtisasları üzrə qəbul olduqları ali təhsil müəssisələrindən, həmçinin çalışdıqları dövlət və özəl müəssisələrindən gəlir.

M.NƏRİMANOĞLU,

"Respublika".