KÖNÜLLÜLƏR ölkəmizdə həyata keçirilən tədbirlərdə fəal iştirak edir
Sosial həyat

KÖNÜLLÜLƏR ölkəmizdə həyata keçirilən tədbirlərdə fəal iştirak edir

Hər il dekabr ayının 5-i dünyada Beynəlxalq Könüllülər Günü kimi qeyd olunur.  BMT Baş Assambleyası 1985-ci il dekabrın 17-də hər il dekabrın 5-nin Beynəlxalq Könüllülər Günü kimi qeyd olunması barədə qətnamə qəbul edib. 

Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında heç bir maddi qazanca əsaslanmayan və cəmiyyətin rifahının daha da yaxşılaşdırılmasını qarşıya məqsəd qoyan sosial fəaliyyət istiqamətidir. XX əsrin ikinci yarısından etibarən könüllülük həmrəylik, sosial məsuliyyət kimi ali dəyərlər sistemləşdirilərək dünyada kütləvi sosial fəaliyyətə çevrilib.

Müstəqil Azərbaycanda könüllülük sahəsində inkişaf ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illərdə başlayıb. Belə ki, Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk illərindən başlayaraq hərtərəfli və davamlı inkişaf yolunda dövlət və özəl sektor, vətəndaş cəmiyyəti arasında əməkdaşlıq diqqət mərkəzində saxlanılıb. İnsanları ölkədə baş verən proseslərə könüllü şəkildə cəlb etməyə, onların təcrübəsindən yararlanmağa mühüm önəm verilib. 1998-ci ildə Gənclər, İdman və Turizm Nazirliyi, BMT-nin İnkişaf Proqramı və BMT Könüllüləri Proqramının birgə layihəsi fəaliyyətə başlayıb. 1998-2000-ci illərdə proqramın həyata keçirilməsi nəticəsində ölkəmizdə güclü, çoxsaylı könüllü komandası yaradılıb və könüllülük prinsiplərinin geniş auditoriyaya təbliğinə start verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin reallaşdırdığı siyasətin əsas məqsədlərindən biri də neft kapitalının insan kapitalına çevrilməsidir. 2009-cu ildə Milli Məclisin "Könüllü fəaliyyət haqqında" qanun qəbul etməsi ölkəmizdə könüllülük hərəkatında təkanverici rol oynadı. Qarşıya qoyulan məqsədləri gerçəkləşdirmək üçün geniş kütlənin maraqlarına cavab verən könüllülük fəaliyyəti mühüm önəm daşımağa başladı. Qəbul edilən qanunla Azərbaycanda könüllülük fəaliyyəti davamlı inkişaf yoluna qədəm qoydu.

2012-ci il dekabr ayının 29-da 1 saylı Bakı "ASAN Xidmət" mərkəzinin açılışı zamanı Prezident İlham Əliyev "ASAN" könüllülük hərəkatına xeyir-duasını vermişdir. Həmin vaxta qədər bəzi qeyri-hökumət və beynəlxalq təşkilatlarda azərbaycanlı gənclər könüllü kimi fəaliyyət göstərsələr də, könüllülük hərəkatı "ASAN Xidmət"in  fəaliyyətə başlaması ilə fəallaşıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev könüllülərin ölkə həyatının bütün sahələrindəki fəallığına yüksək qiymət verərək deyib: "Azərbaycan könüllülər hərəkatı geniş vüsət almışdır. Mən bunu çox alqışlayıram. Təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə işləyir, xeyir gətirir. Könüllülər hərəkatının xüsusi əhəmiyyəti var. Bu, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarını təbliğ edir və təsadüfi deyil ki, bu sahədə gənclər öz rolunu oynayır. Könüllülər hərəkatı "ASAN Xidmət" dən başladı və "ASAN Xidmət"də işləyənlərin mütləq əksəriyyəti gənclərdir".

Artıq bu gün ölkəmizdə könüllülük fəaliyyəti özünün inkişaf mərhələsinə yüksəlmişdir. Eyni zamanda, bu fəaliyyət gənclərin həyatında yeni fürsətlər yaratmışdır. Xüsusilə, son illərdə Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirlərin təşkilinə ümumilikdə on minlərlə könüllü gənc cəlb olunub. Məhz ölkəmizdə belə tədbirlərin keçirilməsi nəticəsində beynəlxalq miqyasa çıxarılacaq böyük potensiala malik, təcrübəli könüllü bazası formalaşıb.

Ölkəmizdə könüllülük hərəkatının inkişafında qazanılan uğurlarda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu böyükdür. Məhz onun əzmkar fəaliyyəti nəticəsində bir çox mötəbər tədbirlərdə on minlərlə könüllü gəncin fəaliyyətinə şərait yaradılıb. Bu hərəkatda iştirak edən gənclərin əməyi yüksək qiymətləndirilməklə yanaşı, həm də onların gələcək perspektivlərinə yol açılır. Ölkəmizdə mövcud olan böyük gənclik ordusunun potensialının, fəallığının cəmiyyət üçün çox vacib olduğunu vurğulayan Prezident İlham Əliyev 2020-ci ilin "Könüllülər İli" elan edilməsi haqqında Sərəncam imzalamışdır. Azərbaycan könüllü gəncləri artıq ölkə həyatının bütün sahələrində, ölkədə baş verən bütün mühüm proseslərdə fəal iştirak edirlər. Könüllülər üçün ən həlledici sınaqlardan biri də 27 sentyabr 2020-ci ildə Vətən müharibəsində oldu. Məhz "Könüllülər İli" kimi qeyd edilən həmin ildə, ölkə gəncləri könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar. Erməni faşizmi üzərində qələbə çalaraq 30 illik torpaq, yurd həsrətimizə son qoydular. Yüzlərlə könüllü gənc Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun sıralarına yazılaraq torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda döyüşlərə qatıldılar. Könüllülərimiz cəbhədə gedən döyüşlərlə bərabər eyni zamanda, arxa cəbhədə də yüksək fəallıq, qəhrəmanlıq göstərdilər. İşğal olunan torpaqlarımızda erməni vandallarının 30 il ərzində törətdikləri vəhşilikləri, talan olunan kəndlərlə,  şəhərlərlə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. Azərbaycan könüllü gəncləri həm də Azərbaycan tarixinə yeni, möhtəşəm bir səhifə yazdılar.

Ölkəmizdə könüllülük hərəkatının inkişafına təkan verən qüvvələrdən biri də Gənclər Fondudur. Keçirilən Qrant müsabiqələri, xüsusi layihə, tədbir və təşkil olunan düşərgələr yolu ilə könüllülüyün təşviqi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir.  Bu gün Azərbaycan könüllüləri ölkədə baş verən bütün proseslərdə fəal iştirak edərək aparıcı qüvvələrdən biri kimi özünü təsdiq edir. Daim yenilik axtarışında olan gənclərimiz dövlətin onlara olan inam və dəstəyi sayəsində yeni uğurlara imza atır. Bu gənclərin yeni baxışları, ideya və düşüncələri cəmiyyətimiz üçün çox vacibdir.

Ramidə YAQUBQIZI,

"Respublika".