Laçına həyat yenidən qayıdır
Siyasət

Laçına həyat yenidən qayıdır

Ordumuzun bölmələrinin keçirdiyi uğurlu "Qisas" cavab əməliyyatı nəticəsində bir neçə  strateji əhəmiyyətli yüksəklikdə yeni mövqelər quruldu

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli Bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərk-silah edilməsi mütləq şəkildə labüddür.

Təəssüf ki, bu çağırışlar bilərəkdən müxtəlif bəhanələrlə cavabsız qalmışdı. Bunun əksinə, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törətmişdilər. Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olmuşdu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərmişdilər. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb. Bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Hazırda Üçdik-Qırxqız-Sarıbaba yüksəklikləri erməni minalarından təmizlənib. Laçın rayonu ərazisində dəqiqləşdirilmiş mövqelərdə qanunsuz erməni silahlı dəstələrinin basdırdığı piyada əleyhinə mina sahələrindən avqustun 15-dən indiyə qədər 1318 ədəd 2021-ci ildə Ermənistanda istehsal olunan piyada əleyhinə mina çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda bildirilir ki, avqust ayı ərzində işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən 1275 ədəd piyada əleyhinə, 16 ədəd tank əleyhinə və 281 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib, 1428 hektar ərazi tam təmizlənib. "Ermənistan tərəfi növbəti dəfə silahlı təxribata əl atdı və bu hərbi təxribat nəticəsində bir hərbçimiz şəhid olmuşdur. Allah ona rəhmət eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq hər kəs gördü və görməlidir ki, şəhidimizin qanı yerdə qalmadı. Biz dərhal "Qisas" əməliyyatı keçirərək şəhidimizin qanını aldıq və qarşı tərəfi ciddi cəzalandırdıq". Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasının müxbirinin ermənilərin törətdiyi növbəti təxribata dair sualına cavabında bildirib. Bir neçə saat ərzində davam edən "Qisas" əməliyyatının cəza tədbiri olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Azərbaycan şəhidinin qanı düşmənlərə baha başa gəldi və onlar bunu unutmamalıdır. Əgər yenə də buna oxşar təxribat törədilərsə, cavab da eyni olacaq. Heç kim bizə mane ola bilməz, heç kim bizi durdura bilməz.

Silahlı Qüvvələrimizin keçirdiyi əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib, həmçinin bir neçə haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarılıb. Ordumuz tərəfindən nəzarətə götürülən yüksəkliklərin strateji əhəmiyyəti barədə hərbi ekspertlər bildirirlər ki, bu yerlər hakim yüksəkliklərdir. Bununla böyük bir ərazi, təminat yolları, gediş-gəliş yolları, Qarabağdakı qanunsuz yerləşən erməni silahlı bölmələri nəzarət altına alınıb. Bu da, Azərbaycan Ordusuna müvəqqəti təmasda yerləşən mövqelərdən böyük bir ərazini nəzarət altında saxlamaq üçün imkan verir. Hər halda bütün istiqamətlərdə əməliyyat şəraiti Azərbaycan Ordusunun nəzarəti altındadır. Təbii ki, üstünlüyümüzü genişəndirmək və gücləndirmək üçün bu istiqamətlərdə, xüsusilə də Laçın istiqamətində olan yüksəkliklər də nəzarətə götürülüb. Qeyd edək ki, verilən məlumatlara görə, Sarıbaba zirvəsi - Şuşa və Laçın rayonlarının sərhədlərində, dəniz səviyyəsindən 2295 (yaxud 2334 metr) yüksəklikdə, Laçın-Şuşa-Xankəndi yolundan hava xətti ilə 5-6 km məsafədə yerləşir. Sarıbaba dağının qoynunda Şuşa rayonunun Xəlfəli, Şırlan, Xanalılar, Cəmilli, Zaman pəyə, Nəbilər, Zarıslı kəndləri, Turşsu qəsəbəsi, Onverst kəndi, Salatınkənd (yaxud Sarıbaba), Böyük və Kiçik Qaladərəsi kəndləri yerləşir. Laçın rayon ərazisində Sarıbaba dağının qoynunda Qozlu kəndi, Böyük İpək kəndi, İpək kəndi, Təmirazlar kəndi, Bülüldüz kəndi, Tıgik kəndi, Zerti kəndi, Laçınkənd kəndi, Xırmanlar kəndi, Qaradağlı kəndi, Haqverdi talası, Səfilər kəndi, Ağbulaq kəndi, Seyid Alılar kəndi, Miralılar kəndi, Əsgərkənd kənd, Dərəbaşı kəndi yaşayış məntəqələri yerləşir. Sarıbaba yüksəkliyi böyük hərbi strateji əhəmiyyətə malikdir. O zirvədən baxanda Laçın şəhəri, Şuşa rayonunun Turşsu qəsəbəsi və hətta Zəngilan da görünür. Sarıbaba Laçın dəhlizinə 2 km məsafədə, Laçın-Şuşa yolunun üzərində yerləşir və Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Sisian, Qafan kimi mərkəzlərə birbaşa və ya dağ yolları ilə keçən ənənəvi xətlərin mərkəzində yer alır. Hündürlüyə malik olmaqla, cənub cəbhəsini tam, şərq və şimal cəbhəsini qismən, Laçın-Şuşa yolunu tam nəzarətdə saxlamağa imkan verir.

Ekspertlərin rəyinə görə, Sarıbabada cəmləşən qüvvələrimiz göstərir ki, prosesin ana xəttini Laçın dəhlizinin boşaldılması, yeni yolun işə salınması təşkil edir. Əks halda isə, terrorçuların hərbi xarakterli cəzalandırılması və gələcəyə yönəlik bütün hərbi-coğrafi üstünlükləri əldə saxlamaqdır. Şuşanın təhlükəsizliyini tam təmin etməyə qadirdir. Qırxqız dağı Azərbaycan Respublikasının Qarabağ silsiləsinin şimal ərazisində Laçın, Kəlbəcər və Xocalı rayonunun ərazisini əhatə edən dağ silsiləsidir. Başqa sözlə, dağın əldə edilməsi - Kiçik Qafqazın Qarabağ hissəsində 3 min metr hündürlükdən bütün Xocalının nəzarətə alınması, həmçinin Laçına nəzarətin təmin edilməsidir. Qarabağ silsiləsi Kiçik Qafqaz sıra dağlarında şimal-qərbdən cənub-qərbə tərəf 120 kilometr məsafədə uzanır. Şuşa ərazisində olan Kirs dağı Qarabağ silsiləsinin ən yüksək zirvələrindəndir, hündürlüyü 2725 metrdir. Vaxtilə aran Qarabağının əhalisi dağlara köçəndə məhz bu dağı oylaq seçirlərmiş. Qarabağ silsiləsinin şimal hissəsində, Laçın, Kəlbəcər və Xocalı rayonu ərazisini əhatə edən və Qırxqız adı ilə tanınan dağ ümumilikdə orta hesabla dəniz səviyyəsindən yüksəkliyi 2697 metrdir. Ən hündür zirvəsi Laçın və Xocalı rayonlarının sərhədində və dəniz səviyyəsindən 2843 metr yüksəklikdə qərarlaşan Qızqala dağ zirvəsidir. Qırxqız adlanan zirvə isə dəniz səviyyəsindən 2629 metr yüksəklikdə yerləşir. Dağın qərb ətəklərində Laçın, şərq ətəklərində isə Xocalı rayonlarının kəndləri sıralanır. - Yəni Qırxqız əməliyyatı - məhz indki halda Laçın, gələcəkdə isə Xocalı əməliyyatları üçün əsas zona təşkil edir.

Azərbaycan öz ərazisində terroristlərə göz yuma bilməzdi. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə həm Ermənistana, həm Rusiyaya, həm dünya mətbuatına xəbərdarlıq edib. Azərbaycanın BMT hüququ və keçərli olan qaydalar əsasında atacağı addımı açıqlayırdı. Əsgərimizin bir terrorist tərəfindən vurulması cavabsız qalması mümkünsüz idi. Azərbaycanın bütün ərazisində öz təhlükəsizliyini bərpa etməsi labüd məsələdir. Bu, bizim hüququmuzdur və 44 günlük müharibədən sonra ermənilərin imzaladığı kapitulyasiya bəyanatna uyğundur. Bu Qarabağ ərazisində qeyri-qanuni fəaliyyət göstərən kriminal qruplar üçün bir dərs olmalıdır. Seçdikləri yolun perspektivsiz olduğunu anlayan təxribatçılar və terrorçular silahı yerə qoyub Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olmalı və ya ölkə ərazisini tərk etməlidirlər. "Qisas" əməliyyatı bunu düşmənlərimizə anlatdı. Azərbaycan Ordusunun keçirdiyi "Qisas" əməliyyatı artıq nəticələrini verir. Ermənilər həm Laçın dəhlizinə alternativ yolun çəkilişini tezləşdirir, həm də bu rayon ərazisini artıq tərk ediblər. Laçının mərkəzində artıq Azərbaycan bayrağı vüqarla dalğalanır. Buna qədər rəsmi İrəvan 10 noyabr Bəyanatını öz maraqları çərçivəsində şərh etməklə, dəhlizin köçürülməsini bundan sonra ən yaxşı halda bir il yarım uzatmaq niyyətində idi. Verilən rəsmi açıqlamalar da bunu təsdiq edirdi. Lakin ordumuzun "Qisas" əməliyyatından sonra burada vəziyyət tamamilə dəyişdi.

Mustafa KAMAL,

"Respublika".