Laçında Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib
Digər xəbərlər

Laçında Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib

Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Ekoloji məsələlər üzrə İşçi qrupun iclası keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iclasda İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Şuşa şəhəri Dövlət Qoruq İdarəsinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları iştirak ediblər.

İclası açan İşçi qrupun rəhbəri, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın tədbirlər planında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 16 tədbirin əsas, 25 tədbirin digər icraçı qurumu kimi müəyyən olunub.

Nazirlik tərəfindən bu tədbirlərin icrası istiqamətində azad edilmiş ərazilərin torpaq-iqlim şəraitinə uyğun olaraq ümumilikdə 66 hektara yaxın sahədə 46 mindən çox ağac tingi əkilib, yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 hidroloji avtomat stansiyanın quraşdırılması işləri həyata keçirilib, eləcə də Zəngilan rayonunda "Ağıllı kənd" ərazisində avtomat aqrometeoroloji stansiya quraşdırılıb.

İşğaldan azad edilmiş ərazilərdə ekosistemin bərpası məqsədilə meşəbərpa, yeni yaşıllıq sahələrinin salınması, xüsusi mühafizə olunan təbiət ərazilərində infrastrukturun bərpası tədbirləri ilə yanaşı, fauna növlərinin reintroduksiyası layihələri də həyata keçirilir. Bu məqsədlə ötən il oktyabrın 19-20-də 33 baş ceyran Cəbrayıl rayonu ərazisinə buraxılıb.

Həmçinin 2022-ci ildə Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazisindən axan Bəsitçay, Həkəriçay, Köndələnçay və Bərgüşad çaylarına 408 min, eləcə də Suqovuşan və Xaçınçay su anbarlarına 400 min qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb. Nazirlik tərəfindən reintroduksiya və su bioresurslarının artırılması layihələrinin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulub.

İclasda AMEA-nın tərkibində fəaliyyət göstərən elmi-tədqiqat institutları tərəfindən aparılmış bioloji, radioekoloji, mikrobioloji monitorinqlərin nəticələri haqqında, o cümlədən Laçın rayonunun bioloji müxtəlifliyi, flora və faunası, Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş və arealları içərisində Laçın rayonunun da olduğu növlər haqqında ümumi bəhs olunub.

Həmçinin, işğaldan azad edilmiş ərazilərdə mineral xammal ehtiyatlarının monitorinqi, təftişi, axtarışı və qiymətləndirilməsi işləri barədə tədbir iştirakçılarına məlumat verilib. Laçın rayonu ərazisində ehtiyatları müvafiq qaydada təsdiq olunmuş 40 faydalı qazıntı yatağı mövcuddur. Bu yataqlar mineral tərkibinə görə çox müxtəlif olub, filiz, qeyri-filiz və mineral su yataqlarından ibarətdir. Bu yataqlar müxtəlif təyinatlı tikinti materialları (sement xammalı, üzlük daşı, vermikulit, civə, mişar daşı, tikinti daşı, qum-çınqıl, əlvan daş, gil) və mineral su yatağından ibarətdir. Laçın rayonu ərazisində yerləşən faydalı qazıntı yataqlarının potensialından istifadə etməklə işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafında geniş istifadə oluna bilər. Həmçinin Laçın rayonu ərazisində bir çox faydalı qazıntı təzahürləri mövcuddur ki, bu da gələcəkdə rayon ərazisində yeni faydalı qazıntı yataqlarının aşkarlanmasının böyük potensialının olduğunu göstərir.

Daha sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələrin ekoloji ekspertizası, kənd təsərrüfatı, bərk məişət tullantılarının idarə olunması sahələrində görülən işlər haqqında məlumat verilib.

Sonda Laçın rayonunun ekoloji durumu müzakirə olunub, bu sahədə atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb.

Tədbirdən əvvəl İşçi qrup üzvlərinin iştirakı ilə Laçın rayonunun Sus kəndi ərazisində Həkəri çayına qızıl xallı forel balıqları buraxılıb.