Masallı rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb
Digər xəbərlər

Masallı rayonunda ağacların qanunsuz kəsilməsi ilə bağlı cinayət işi başlanıb

Masallı rayonunun Binə Xocavar kəndi ərazisində ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatı əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla Lənkəran rayonunun Günəhir kənd sakini Rüfət Səfərovun idarə etdiyi "Qazel" markalı yük avtomobilində meşə məhsullarının buraxılış orderi - meşə bileti olmadan qanunsuz kəsilmiş ağaclar aşkarlanıb. Nəticədə dövlətin qanunla qorunan mənafelərinə ümumilikdə 1275 manat məbləğində ziyan vurulduğu müəyyən edilib.

Faktla bağlı Baş Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Masallı Rayon Polis Şöbəsinə həvalə olunub.

Hazırda iş üzrə istintaq davam etdirilir.

AZƏRTAC