Melioratorlar 63 min hektar əkin sahələrini suvarırlar
İQTİSADİYYAT

Melioratorlar 63 min hektar əkin sahələrini suvarırlar

Ağcabədi ölkənin ən böyük kənd təsərrüfatı rayonlarından biridir. Hər il bu rayonda 100 min tondan çox taxıl, 30 min tondan artıq pambıq və digər kənd təsərrüfatı bitkiləri istehsal olunur. Təbii ki, bu da melioratorlardan gərgin işləməyi tələb edir.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Ağcabədi Suvarma Sistemləri İdarəsinin əsas fəaliyyəti 2261 kilometr suvarma kanalı, 2549 kilometr kollektor-drenaj şəbəkəsi, 4445 ədəd hidrotexniki qurğu, 53 ədəd elektrik nasos stansiyası, 1026 ədəd subartezian quyusu, 8 ədəd SNP markalı səyyar nasos, 2 ədəd üzən nasos, 3 ədəd inzibati və 16 ədəd yaşayış binasının istismarı və təmiri ilə məşğul olmaqla ümumilikdə 63 min hektar əkin sahələrini suvarma suyu ilə təmin etməkdən ibarətdir. İdarə tərəfindən suvarmanı yaxşılaşdırmaq üçün bir sıra təxirəsalınmaz işlər görülür. 2022-ci il ərzində əkilmiş kənd təsərrüfatı bitkiləri nasoslarla 13 min hektar, öz axımı ilə 23291 hektar, artezianlarla isə 26709 hektar suvarılıb.

İdarə tərəfindən cari ildə kollektor-drenaj şəbəkələri lildən təmizlənib. 134 ədəd subartezian quyusunun cari təmiri və balansda olan nasos stansiyalarında təmir işləri aparılıb. Hazırda suvarmanın yaxşılaşdırılmasında daim işləyən nasos stansiyalar və subartezian quyuları fasiləsiz olaraq sahələrə xidmət göstərir. İdarə tərəfindən yeraltı suların aşağı səviyyəyə düşməsi nəticəsində batan subartezian quyularının da yenidən bərpası nəzərdə tutulur.

Qeyd edək ki, Ağcabədi rayonunda əsas su mənbəyi Yuxarı Qarabağ kanalı, Araz çayının qolu olan Xan qızı kanalı və subartezian quyularıdır.

N.CAVADOV,

"Respublika".