Moldova ilə Azərbaycan arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur
Digər xəbərlər

Moldova ilə Azərbaycan arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Moldova Respublikası Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonu ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov da iştirak edib.

Görüşdə Kəmaləddin Heydərov Azərbaycan və Moldova arasında möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu vurğulayan nazir qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini qeyd edib.

Sonra səfirə FHN-in fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir iki ölkənin uyğun qurumları arasında birgə təlim və seminarların keçirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Həmçinin Moldova Daxili İşlər Nazirliyinin əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən S.Diyakonu ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində iki nazirlik arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlığın daha da genişləndirilməsinin qarşılıqlı faydalı olduğunu deyib. Səfir Moldovada təbii və texnogen xarakterli fövqəladə halların idarə olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, qarşılıqlı səfərlərin, birgə təlim və seminarların, təhsil proqramlarının təşkilinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə ikitərəfli saziş layihəsi barədə geniş fikir mübadiləsi aparılıb.

Sonra səfir FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

AZƏRTAC