Molla rejiminin insanlıqdan kənar gizli üsulları
Digər xəbərlər

Molla rejiminin insanlıqdan kənar gizli üsulları

Aylardır etiraz aksiyalarının meydanına çevrilmiş İranda bir sıra müəmmalı hadisələr baş verir. İranın məktəb və universitetlərində qızların kütləvi zəhərlənməsi halları davam edir.

Qeyd edək ki, bununla bağlı ilk fakt ötən il noyabrın 30-da Qum şəhərində yerləşən "Nur" qızlar gimnaziyasında qeydə alınıb. Həmin gün 18 məktəblinin zəhərləndiyi barədə xəbər yayılıb, onların təngnəfəslik, əl və ayaq əzələlərinin keyiməsi əlamətləri ilə tibb mərkəzinə müraciət etdiyi bildirilib. Ölkə parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyxinin sözlərinə görə, indiyədək təkcə Qum şəhərində 799 zəhərlənmə halı qeydə alınıb, son bir həftə ərzində Burucərdi şəhərində isə 400 tələbə qız zəhərlənib. Hüquq-mühafizə orqanlarının bu insidentlərlə bağlı heç bir təhqiqat aparmaması isə şübhələrin yaranmasına səbəb olub. İlkin ehtimallara görə, zəhərlənmə halları qızları universitetlərdən uzaqlaşdırmaq məqsədi daşıyır.

Belə ki, bu hücumlarda  Əfqanıstandakı Taliban və Nigeriyadakı Boko Haram  terror qruplarının əli olduğu bildirilir. Düşünülür ki, onlar valideynləri qorxutmaqla qızların məktəbə getməsinin qarşısını almağa çalışırlar. Digər bir versiyaya görə, hakimiyyət bu əməlləri törətməklə bir növ hicab və rejim əleyhinə nümayişlərdə iştirak edənlərə qarşı bioloji silah tətbiq edir. Hakimiyyət orqanlarının artıq silsilə xarakteri alan zəhərlənmə faktlarını açıq-aşkar gizlətməyə çalışması da bu ehtimalı gücləndirir.

Molla rejiminin sərgilədiyi bu mövqe isə ölkə daxilində ciddi narazılığa səbəb olur. Aylardır davam edən etiraz aksiyaları səngimək yerinə yeni fazaya keçir. Beynəlxalq ictimaiyyət də Tehranda baş verənlərdən narahatdır. BMT-nin İnsan Haqları üzrə Komissarlığı, Uşaq Fondu, eləcə də UNİCEF İran hökumətini hadisələri araşdırmağa çağırıb. Nüfuzlu təşkilatların yaydığı bəyanatlarda bildirilib ki, rəsmi Tehran tədqiqat prosesi yekunlaşandan sonra nəticələri ictimaiyyətə çatdırmalı və günahkarları məsuliyyətə cəlb etməlidir. Bununla belə, görünən odur ki, hələlik qlobal səviyyədə çağırışlar  elə çağırış səviyyəsində də qalır. İran rejimi  zəhərlənmələrə qarşı ciddi mübarizə aparmaqdansa, məsələni ört-basdır etməyə üstünlük verir.

Jalə QASIMZADƏ,

"Respublika".