Müasir Azərbaycanın müstəqilliyinin tarixi Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan başlanmışdır
Digər xəbərlər

Müasir Azərbaycanın müstəqilliyinin tarixi Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan başlanmışdır

Ümummilli lider Heydər Əliyev böyük siyasətçi, qüdrətli dövlət başçısı, ədəbiyyatımızın və tariximizin, mədəniyyətimizin, təhsilimizin dərin bilicisi, bir sözlə, universal zəka sahibi, mütəfəkkir, böyük şəxsiyyət kimi tarixə düşmüşdür. Onun dövlətçilik fəaliyyəti sayəsində Azərbaycan dünya dövlətləri sırasında öz layiqli yerini tutmuşdur. Bu baxımdan, Heydər Əliyev şəxsiyyətinə maraq hər zaman yüksək olmuş, illər keçdikcə onun möhtəşəm fəaliyyəti ayrı-ayrı tədqiqatçıların diqqətini daha çox özünə cəlb etmişdir.

Prezident İlham Əliyevin böyük ehtiramla söylədiyi bu qiymətli sözləri daim öz yüksək dəyərini saxlayacaqdır: "Heydər Əliyevin düşündüyü ideyalar indi də yaşayır. Onun siyasəti davam etdirilir. Fəlsəfi fikirləri müasir Azərbaycanın qüdrətləndirilməsi proqramının əsas istiqamətlərini göstərməkdədir".

Azərbaycanın müstəqil dövlət quruculuğunun başlanması 1969-cu ildən - Heydər Əliyevin hakimiyyətə gəldiyi vaxtdan hesab olunur. Heydər Əliyev daxili və xarici siyasəti vəhdətdə təqdim etmənin canlı nümunəsi idi. Hələ 1994-cü ildə Heydər Əliyev qeyd edirdi: "Vəziyyət elə gətirmişdi ki, biz öz siyasətimizi sanki nazik bir sap üzərində yeridirik və istənilən anda xırdaca bir səhv nəticəsində hər şey alt-üst ola bilər. Ona görə də bu nazik tel üzrə addımlarımızı elə atmalıyıq ki, nə xarici, nə də daxili təsirlər bizi büdrətməsin və planlaşdırdığımız işi yüksək səviyyədə axıra çatdıra bilək".

Ümummilli lider Heydər Əliyev hər bir Azərbaycan vətəndaşının qəlbində, yaddaşında, təfəkküründə, xatirində özünəməxsus silinməz izlər yaratmışdır. Dilçilər onu "dilimizin təəssübkeşi", tarixçilər "tariximizin qurucusu" kimi xatırlayırlarsa, bütövlükdə təhsil işçiləri ulu öndər Heydər Əliyevi müasir təhsilimizin banisi və hamisi kimi hər zaman böyük hörmətlə anırlar.

Siyasi fəaliyyətinin ilk illərində Dövlət Təhlükəsizliyi orqanlarında çalışan ulu öndər bütün imkanları daxilində azərbaycanlıların bu orqanda işə düzəlmələrinə xüsusi səy göstərmişdir. Bununla yanaşı, o illərdə çoxsaylı Azərbaycan ziyalısını gerçəkləşə biləcək real repressiyadan xilas etmişdir. Təsadüfi deyil ki, sonralar həmin şəxslər mətbuat vasitəsilə ulu öndərin ünvanına dəfələrlə təşəkkürlərini bildirmişlər. Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə həmin Komitənin sədri vəzifəsində müvəffəqiyyətlə fəaliyyət göstərmişdir. Heydər Əliyev yeganə azərbaycanlıdır ki, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən general rütbəsinə yüksəlmişdir. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın Birinci Katibi və büro üzvü, 1982-ci ilin noyabrından 1988-ci ilə kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir.

Dahi Heydər Əliyevi bir neçə dəfə yaxından görmək, onun rəhbərliyi ilə aparılan tədbirlərdə iştirak etmək, görüşmək mənə də nəsib olmuşdur. Belə görüşlərdən biri də 1971-ci ilin dekabr ayında Azərbaycan Dövlət Pedaqoji Universitetində oldu. ADPU-nun böyük akt zalı necə deyərlər, ağzına qədər dolu idi. Tribunaya qalxan Heydər Əliyev ana dilində, doğma Azərbaycan dilində böyük və dərin məzmunlu tarixi nitq söylədi. Bu böyük şəxsiyyətin ana dilində, həm də çox səlis, rəvan və məzmunlu nitqi bütün auditoriyanı heyran etmişdi.

1969-cu ildə Heydər Əliyev birinci dəfə respublikaya rəhbərliyə gələrkən Azərbaycan keçmiş SSRİ respublikaları sırasında ən aşağı yerlərdən birində dururdu. Ulu öndər Heydər Əliyevin yüksək işgüzarlığı, intellektual səviyyəsinin yüksəkliyi, rəhbərlik, idarəçilik bacarığı sayəsində Azərbaycan bir-birinin ardınca dəfələrlə keçici Qırmızı Bayraq ordeninə layiq görüldü və nəticədə ittifaq respublikaları arasında ən yüksək səviyyəyə ucaldı. Heydər Əliyev Azərbaycan Respublikasının həyati əhəmiyyəti olan bütün sahələrinin, o cümlədən kənd təsərrüfatının, sənayenin, elm və təhsilin, səhiyyənin, mədəniyyətin inkişafına, yeni fabrik və zavodların inşasına müstəsna üstünlük verirdi.

Kommunist Partiyasının hakimiyyətdə olduğu bir dövrdə Heydər Əliyev təhsilin inkişafına milli varlığın və dövlətçiliyin təməl məsələsi kimi yanaşmış, bu sahədə uğurlar qazanmaq üçün ciddi səylər göstərmişdir. Ulu öndərin 1969-1982-ci illərdə yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan təhsili, yetişdirilmiş milli kadrlar və inkişaf etmiş elm gələcək müstəqillik üçün bir təməl əhəmiyyəti daşıyırdı. Məhz ümummilli liderin qətiyyəti, qayğısı sayəsində müxtəlif sahələr üzrə neçə-neçə gənc yüksək səviyyəli mütəxəssis kimi hazırlanmış, Azərbaycanda sosial-iqtisadi və siyasi idarəetmə sahəsində milli kadr potensialı formalaşmışdır. Bu potensial Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkə üçün son dərəcə böyük əhəmiyyət kəsb etmişdir. Heydər Əliyev hələ o zaman yaxın gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar çıxışlarının birində bu fikrini açıq şəkildə ifadə etmişdi: "Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım".

Ulu öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafına verdiyi töhfələrdən biri də 1970-1980-ci illərdə keçmiş Sovet İttifaqının 50-dən çox şəhərinin 170-dən artıq nüfuzlu ali məktəblərində, zəruri ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin təhsil almasıdır. O, Azərbaycandan kənarda təhsil almış yüksəkixtisaslı mütəxəssisləri "Azərbaycanın milli sərvəti" kimi qiymətləndirir, onların potensial imkanlarının bir istiqamətdə cəmləşdirilməsi, Azərbaycanın sosial-iqtisadi və mədəni quruculuğunda bu potensialdan səmərəli istifadə olunması üçün dəyərli tövsiyələr verirdi. Müstəqillik dövründə Heydər Əliyevin yenidən böyük siyasətə qayıdışı Azərbaycan təhsilinin durğunluqdan və əldə edilmiş nailiyyətlərin itirilməsindən xilas etdi.

Ulu öndərin azərbaycanlı gənclərin xaricdə təhsilalma sahəsindəki uzaqgörən siyasəti müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 5 min nəfər azərbaycanlı gəncin xaricdə ölkəmiz üçün vacib olan ixtisaslar üzrə təhsili nəzərdə tutulmuş və təmin olunmuşdur. Ulu öndərin keçmiş SSRİ-nin ali Hərbi məktəblərində azərbaycanlı hərbi kadrlar hazırlanmasına, həmçinin də C.Naxçıvanski adına Hərbi Liseyin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Hərbi və fiziki təlim fakültəsinin yaradılmasına istiqamətlənmiş müdrik, uzaqgörən siyasəti nəticə etibarilə bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda qalib qüvvəyə çevrilməsinə gətirib çıxarmışdır.

Xatırladaq ki, 1987-1993-cü illər Azərbaycan xalqı üçün çətin illər olmuşdur. Ölkədə çox mürəkkəb, dözülməz hadisələr baş verir, hərc-mərclik, xaos tüğyan edirdi. Sovet ittifaqı süquta uğrayır, qanunlara məhəl qoyulmurdu. İnsanlarda bir ümidsizlik, hakimiyyətə inamsızlıq yaranmışdı. Yanvar qırğını oldu. Xocalıda soyqırımı törədildi, Qarabağ və ətraf rayonlar işğal edildi. Ölkədə çörək qıtlığı, benzin çatışmazlığı yarandı. Hakimiyyət dövlətçilikdə və siyasətdə biliyi, bacarığı, səriştəsi olmayan, yalançıların ixtiyarında idi. Günün günorta çağı soyğunçuluq baş verirdi. Hava qaralan kimi şəhərə çıxmaq qorxulu idi. Bəziləri özləri üçün silahlı dəstələr düzəltmişdi. Xalqın güzəranının dözülməzliyi, Qarabağ uğrunda gedən döyüşlərdəki məğlubiyyətlərin səbəbləri sanki unudulmuşdu. Belə bir dönəmdə - 1992-ci ildə AXC-Müsavat cütlüyü hakimiyyətə gəldi. Xalq yeni hakimiyyətdən çox şeylər gözləyirdi, lakin belə olmadı. Çünki AXC-Müsavat cütlüyü dövləti idarə etməyin nə qədər çətin bir iş, siyasətin mürəkkəb proses olduğunu lazımınca qiymətləndirə bilmirdi. Bunlardan bəziləri bilavasitə tələbə auditoriyalarından yüksək dövlət vəzifələrinə gəlmişdi. Ona görə də Qarabağ uğrundakı döyüşlərdə uğursuzluqlar daha da dərinləşir, yenicə qazanılmış müstəqilliyimizin itirilmək təhlükəsi getdikcə reallıq həddinə yaxınlaşırdı. Belə bir vaxtda əhalinin tərəqqipərvər, Vətənini sevən ziyalıları Azərbaycanı mövcud təhlükədən qurtara biləcək dahi şəxsiyyətə müraciət etdilər. Ümummilli lider Heydər Əliyev həmin vaxtlarda Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində fəaliyyət göstərirdi. O zaman hakimiyyətdə olanlar Heydər Əliyevin hakimiyyətə gəlməsinə, hətta Bakıya gəlməsinə də əngəl törədirdilər. Mövcud hakimiyyət Heydər Əliyevi təcrid vəziyyətində saxlamaq istəyirdi. Lakin bu, mümkün deyildi. Qədirbilən xalqımızın ziyalı insanları müntəzəm olaraq Naxçıvana gedir, Heydər Əliyevdən Azərbaycanın böhran vəziyyətindən çıxarıla bilməsinin yollarını müzakirə edir və ulu öndərdən məsləhətlər alırdılar. Demək lazımdır ki, Heydər Əliyevin bəzi əleyhdarları belə Azərbaycanı mövcud olan böhrandan çıxara biləcək insanın ulu öndər olacağını etiraf edirdilər. Azərbaycanı ağır durumdan çıxarmağın yolunu hər kəs Heydər Əliyevdə görürdü. Belə bir ağır məqamda 91 nəfər ziyalı xüsusi mərdlik nümayiş etdirib, 16 oktyabr 1992-ci ildə ulu öndər Heydər Əliyevə məktubla müraciət etdilər. Fəxrlə demək lazımdır ki, həmin məktuba cavab çox çəkmədi. Ulu öndər 24 oktyabr 1992-ci il tarixində "91-lər"in müraciətinə müsbət cavab verdi.

Hər iki sənədin mətbuatda çap olunmasını əhali rəğbətlə qarşıladı. 21 noyabr 1992-ci il tarixində 551 nəfərin iştirakı ilə Naxçıvanda kinoteatrın binasında əlverişsiz bir şəraitdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Çünki o vaxtkı hakimiyyət Heydər Əliyevin Bakıya gəlməsinə süni əngəl törədirdi.

Yeni Azərbaycan Partiyası Heydər Əliyevin sədrliyi ilə qısa zaman kəsiyində, təxminən altı ay sonra hakimiyyətə gəldi. Bu, yalnız Azərbaycanda deyil, dünya tarixində müstəsna hadisələrdəndir. Əlbəttə, bu, ulu öndər Heydər Əliyev dühasının Azərbaycan xalqı qarşısında illərdən bəri qazandığı etimadın və etibarın nəticəsi idi. Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi. Maraqlıdır ki, həmin vaxtda hakimiyyətdə olanlar da öz canlarının qorxusundan Heydər Əliyevin Bakıya gəlməsini istəmək məcburiyyətində qalmışdılar. Çünki onların özlərinin də həyatı təhlükə altında idi. Korpus komandiri Surət Hüseynovun tabeçiliyində olan hərbçilər paytaxtın 70 kilometrliyində yerləşən Nəvai qəsəbəsinə qədər gəlib çatmışdı və hakimiyyətdə olanları Bakının Azadlıq meydanında dar ağacından asacağı ilə hədələyirdi.

13 iyun 1993-cü ildə ulu öndər Heydər Əliyev bir neçə jurnalistlə birlikdə Gəncəyə getdi. O vaxta qədər AXC-Müsavat cütlüyü Gəncəyə bir neçə dəfə nümayəndə göndərmişdi ki, Surət Hüseynov silahlı qarşıdurmadan çəkinsin. Lakin Surət Hüseynov Gəncəyə bu məqsədlə  gedən nümayəndə heyətindən heç kəsi qəbul etməmişdi. Gəncə camaatı, o cümlədən qarşı-qarşıya duran tərəflər Heydər Əliyevi hörmətlə qarşıladılar. Bununla da, şiddətlənə biləcək bir fəlakətin qarşısı alındı.

Heydər Əliyev 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Məclisinin Sədri, həmin ilin oktyabr ayında isə ölkə Prezidenti seçildi. Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra Heydər Əliyev ölkədə yaranmış böhran vəziyyətini aradan qaldırmaq istiqamətində genişmiqyaslı uğurlu işlər apardı. 1994-cü ilin may ayında atəşkəsə nail olundu. Vaxt qazanmaq, Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırmaq, müasir silahlardan məharətlə istifadə etmək, xüsusi ixtisaslaşmış döyüşçülərin differensiasiya bacarığını təkmilləşdirmək baxımından olduqca lazım idi. Görülən bu tədbirlər Azərbaycan Ordusunun həmin vaxtlardan təməli qoyulan 2020-ci ildəki Zəfər yürüşünün əsasına çevrildi. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlanan sənədin imzalanması dünyanın böyük ölkələrinin Azərbaycana inamının artmasına şərait yaratdı. Azərbaycana investisiya axınını, qarşılıqlı tərəfdaş kimi danışıq aparmaq imkanları yaratdı. Bütün bunların nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu.

Ulu öndərin Azərbaycan xalqı qarşısındakı mühüm xidmətlərindən biri də özünün siyasi varisi cənab İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsinə zəmanət verməsi olmuşdur. Heydər Əliyev deyirdi ki, İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. 2003-cü ilin oktyabr ayında İlham Əliyev Prezident vəzifəsinə seçildi. Prezident seçkilərinə qatılarkən Azərbaycan xalqı İlham Əliyevi böyük hörmətlə qəbul etdi, gənclər onu özlərinin qardaşı, yaşlı nəsil özlərinin övladı kimi qarşıladılar.

Həyatda  təsadüfi heç nə yoxdur. Gələcəkdə Azərbaycanın canlı yaradıcı tarixinə çevriləcək Heydər Əliyev BDU-nun tarix fakültəsini bitirdi, tarixi yaradan tarixçi oldu. Sovetlər imperiyasının mərkəzində yüksək vəzifə tutan Heydər Əliyev tarix yaratdı və yazdı.

Heydər Əliyevin siyasi məsuliyyəti, onun əqidə bütövlüyü, dərin zəkası, xüsusi düşüncə qüdrətilə şərtlənir və fəaliyyəti dövründə heç bir siyasi səhvə yol vermədiyi də xalqının nəzərindədir. Bu isə Heydər Əliyev fenomeninin məğlubedilməzliyinin və yenilməzliyinin təsdiqidir.

Dünyanın ən müdrik insanları Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul etmişlər. ABŞ-ın keçmiş prezidenti Bill Klinton deyirdi ki, Heydər Əliyev nəinki Azərbaycanı, Amerikanı, hətta bütün dünyanı idarə edə bilər. Almaniya parlamentinin üzvü K.Vimmer Heydər Əliyevin şəxsiyyətindən bəhs edərkən söyləmişdir ki, "Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşırdıq, zənn edirdik ki, o, Azərbaycanda kommunizm ideyalarını bərpa edəcək, lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. İndi Azərbaycan İkinci Dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil olacaq.

Böyük Britaniyanın sabiq Baş naziri, dəmir ledi Marqaret Tetçer "onu müasir zəmanəmizin görkəmli siyasi xadimi", ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt "Corc Vaşinqtona bərabər şəxsiyyət" kimi xarakterizə etmişdir. O vaxt Türkiyənin baş naziri olan R.T.Ərdoğan Heydər Əliyevin şəxsiyyətini yüksək qiymətləndirərək demişdir: "Heydər Əliyev Azərbaycanın böyük lideridir. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər. Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi xidmətlərinə görə türk və dünya tarixində şərəfli yer tutmuşdur".

Ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı, böyük siyasi məktəb keçmiş, çoxşaxəli fəaliyyətilə xalqın rəğbətini və məhəbbətini qazanmış Prezident İlham Əliyev müasir Azərbaycanın hərtərəfli tərəqqisinə, demokratik imicinin yüksəlməsinə çalışan görkəmli və böyük siyasi xadimdir. Heydər Əliyevin ordu quruculuğu sahəsindəki siyasətini uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində 30 il erməni işğalında qalan Azərbaycan torpaqlarını özünün sərkərdəliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində birdəfəlik azad etdi. Hazırda işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə vüsətli abadlıq və quruculuq işləri həyata keçirilir.

 

Ədalət FƏRƏCOV,

YAP Veteranlar Şurasının üzvü,

"91-lər"in üzvü, professor,

Prezident təqaüdçüsü.