“Dövlət siyasətimizin və qələbəmizin uğurları
Digər xəbərlər

“Dövlət siyasətimizin və qələbəmizin uğurları" mövzusunda konfrans

Sentyabrın 25-də Qərbi Azərbaycan İcmasının Amasiya rayon icmasının təşkilatçılığı ilə "Dövlət siyasətimizin və qələbəmizin uğurları" mövzusunda konfrans keçirilib.

Amasiya Rayon İcmasının sədri Akademik Abel Məhərrəmov giriş sözü ilə konfransı açıq elan edib. Daha sonar Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi ehtiramla yad edilib.

Konfransda akademik Abel Məhərrəmov "Qələbəmiz Ulu Öndər Heydər Əliyev və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev siyasətinin uğurudur" mövzusunda məruzə ilə çıxış edib. Abel Məhərrəmov qeyd edib ki, siyasi vəziyyətin gərgin olduğu dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqını xilas etdi. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra Azərbaycan aqrar ölkədən sənaye ölkəsinə çevrildi.

Akademik Abel Məhərrəmov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dayanıqlı inkişaf davam edir. Bu gün müzəffər Azərbaycan Ordusu torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirib.

Daha sonra konfransda Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli "Qərbi Azərbaycan ideyalarının gerçəkləşməsi dövlətçiliyimizin uğurudur" mövzusunda məruzə ilə çıxış edib. Əziz Ələkbərli Qarabağdakı antiterror tədbirləri barədə məlumat verib. Millət vəkili qeyd edib ki, cənab İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcmasındakı çıxışı zamanı bir daha Qərbi Azərbaycana Qayıdış konsepsiyasının hazırlanmasının vacibliyini bildirib. Xarici əlaqələrə toxunan Ə.Ələkbərli Qayıdış Konsepsiyası da daxil olmaqla, İcmanın 7 müraciətinin BMT-də bu qurumun rəsmi sənədi kimi yayıldığını vurğulayıb. Bildirilib ki, İcmanın beynəlxalq fəaliyyətinin əsas məqsədi soydaşlarımızın doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmasının təmin edilməsi prosesinə dəstək verilməsidir. Sədr Qərbi Azərbaycan İcmasının 100-dən çox bəyanatla beynəlxalq müstəvidə gördüyü işləri diqqətə çatdırıb: "Qərbi Azərbaycan İcmasının ən böyük uğuru bizim mütəşəkkilliyimizin təmin olunmasıdır. Dünyanın müxtəlif ölkələrində Qərbi Azərbaycan İcmasının ofisləri yaradılacaq. Həmçinin ölkə xaricində yaşayan qərbi azərbaycanlılar da bu ofislərə cəlb ediləcək".

"Modern ailə və inkişaf" İctimai Birliyinin sədri Zərifə Quliyeva çıxışı zamanı Ulu Öndərin hər zaman tarixi bilməyin vacibliyini qeyd etdiyini deyib. Heydər Əliyev daim torpağının, xalqının qoruyucusu olmuşdur. Hələ 1969-cu ildə Azərbaycan çox çətin vəziyyətdə olarkən hakimiyyətə gələn Heydər Əliyev ölkədə quruculuq işlərinə başladı. Ulu Öndər Heydər Əliyev deyirdi ki, Azərbaycanın ərazisini və sərhədlərini bərpa edəcəyik. Bu gün Prezident İlham Əliyev bizi öz doğma torpaqlarımıza qaytardı. Ümummilli liderin vəsiyyətini cənab Prezident İlham Əliyev şərəflə yerinə yetirdi.

Digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xarici siyasət strategiyası və Azərbaycanın milli təhlükəsizliyi barədə fikirlərini bölüşüblər.

Çıxışlardan sonra Azərbaycanın Milli Qəhrəmanı Abbasov Mehdi Yusif oğluna həsr olunmuş "Amalı Vətən" sənədli filminin nümayişi baş tutub. Qeyd edək ki, milis baş leytenantı Abbasov Mehdi Yusif oğlu 1 yanvar 1960-cı ildə Qərbi Azərbaycanın Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Ailəsi erməni millətçilərinin təzyiqi altında ata-baba ocağını tərk edib Qazaxıstana üz tutanda Mehdinin 11 yaşı var idi. Mehdi Abbasov 1981-ci ildə Karakanda Pedaqoji İnstitutuna daxil olur. O, 1985-ci ildə həmin ali məktəbi bitirərək ibtidai hərbi hazırlıq və bədən tərbiyəsi müəllimi ixtisasına yiyələnib. Klassik güləş üzrə idman normasını yerinə yetirən Mehdi "SSRİ idman ustası" adını alır. O, 1989-cu ilin noyabr ayında Qazaxıstan KP Tülkübas Rayon Komitəsinin qərarı ilə daxili işlər orqanlarında işləməyə göndərilir. 1989-1990-cı illərdə SSRİ DİN-in Stavropol ali kurslarının müdavimi olur, sonra Enbəyşin Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili vəzifəsində xidmətini davam etdirir.

Azərbaycanın başı üzərini qara buludlar alanda Mehdi öz soydaşlarının köməyinə gəlməyi qərara alır. Beləliklə, 1991-ci il 28 iyun tarixində Azərbaycan Respublikası DİN-in sərəncamına göndərilir. O, burada baş leytenant rütbəsində rota komandiri kimi DİN-in XTMD-də xidmətə başlayır. Mehdi Abbasov göstərdiyi şücaətə görə "Mixaylo" ləqəbini qazanmışdı. O, həmçinin 4 dəfə DİN-in mükafatlarına layiq görülmüşdür. "Mixaylo"nun son döyüşü 13 yanvar 1992-ci ildə olub. Məlikcan postu ətrafında qızğın döyüşlər gedən zaman snayper gülləsi onu başından ağır yaralayır. Döyüş dostu çətinliklə də olsa, onu təklükəli zonadan çıxara bilir, lakin elə həmin gün o əbədi olaraq gözlərini həyata yumur. 6 iyun 1992-ci ildə baş leytenant Abbasov Mehdi Yusif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Tədbirin yekununda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev tərəfindən şəhidin ailəsinə "Böyük Zəfər" xatirə medalı təqdim edilib.

Nəzrin ELDARQIZI,

Tacir SADIQOV,

"Respublika".