Naxçıvanın zəngin turizm potensialı  mediaturda nümayiş olunub
İQTİSADİYYAT

Naxçıvanın zəngin turizm potensialı  mediaturda nümayiş olunub

Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasına mediatur təşkil olunub.  Əsas məqsəd Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.

Mediaturda iştirak edən Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naxçıvanın turizm potensialının və tarixi-mədəni irsinin beynəlxalq və regional miqyasda tanıdılmasının iqtisadi və strateji əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə fəaliyyətlərin davam etdirildiyini qeyd edib.

Dövlət Turizm Agentliyi ilə birgə Muxtar Respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Fəaliyyət Planının hazırlandığını bildirən Naxçıvan Muxtar Respublikası (NMR) Turizm Departamentinin direktoru Əkbər Novruzov  fəaliyyət planının əsas məqsədinin müxtəlif növ turizm məhsullarının hazırlanması, infrastrukturun inkişaf etdirilməsi ilə NMR-a gələn xarici və yerli turistlərin sayında artıma nail olduğunu da vurğulayıb.

Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid    Naxçıvanın yay və qış turizm imkanlarının zəngin olduğunu,  bölgənin eko, təbiət, qastronomik, mədəni, sağlamlıq turizminin inkişafı üçün geniş resurslara malik olduğunu bildirib.

Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə   media nümayəndələrinə turun əhəmiyyəti barədə bildirmişdir ki,  hər birimizin məqsədi Azərbaycanın gözəl diyarını tanıtmaq, ölkəmizin inkişafına kiçik də olsa, töhfə verməkdir.

Səfər zamanı media nümayəndələri Heydər Əliyev Muzeyi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini, Atabəylər dövründə Şərqdə qadına ehtiram əlaməti olaraq tikilmiş, dünya memarlığının nadir nümunəsi və Naxçıvan dövlətçilik tarixinin nişanəsi olan, hələ XII əsrdə türk qadınına verilən dəyərin rəmzi sayılan Möminə Xatun məqbərəsi, Xan Sarayını, Bayraq Meydanındakı muzeydə Naxçıvan  xanlığının bayraqlarının fotoları, nümunələrini, ərazisini əks etdirən xəritə ilə tanış olmuş ,Tarix-Mədəniyyət Muzeyini, möhtəşəm Əlincəqalaya səyahət etmiş bu məkanlar haqda ətraflı məlumatlandırılıblar. Həmçinin,tur iştirakçıları  Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti, "Badamlı" sularının istehsal prosesi ilə yaxından tanış olublar.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.