Nəsillərə əbədi örnək
Region

Nəsillərə əbədi örnək

Vətən müharibəsindən sağ-salamat qayıtdı. Kənd camaatı onu böyük coşqu ilə qarşıladı. Cabbarovlar ailəsinə hamı gözaydınlığı verdi. Ayağının altında qurbanlar kəsdilər. Çoxları elə bildi ki, hər şey bitdi. Ancaq Orxan üçün müharibə hələ qabaqda idi. Ürəyində hər an itirdiyi şəhid yoldaşlarını, döyüş dostlarını düşünürdü. Onların qisasını almaq niyyəti ilə orduda xidmətini davam etdirmək qərarını verdi. Odur ki, gizirlik kursuna yazıldı. Kursu bitirib piyadanın döyüş maşını komandiri kimi yenidən xidmətə başladı. Öz arzusu ilə düşmənin daha çox təxribat törətdiyi əraziyə Laçın rayonuna – Dövlət sərhədinə yollandı. Burada xidmət etdiyi dövrdə ermənilərin törətdiyi təxribatların qarşısının alınmasında şücaət və igidliklər göstərdi. Noyabrın 16-da sərhəddə 44 günlük Vətən müharibəsinin davamı kimi tarixə düşən ağır  döyüşlər getdi. Bu döyüşlərdə 7 nəfər qəhrəman Vətən oğlu şəhid oldu. Onlardan biri də Cabbarov Orxan Hətəm oğlu idi. O, düşmən təxribatının qarşısını alarkən göstərdiyi igidliyə görə “3-cü dərəcəli Rəşadət ordeni” ilə təltif olundu.

Şəhid Orxan Cabbarov 1994-cü ildə Quba rayonunun Davidoba kəndində dünyaya göz açıb. Orta məktəbi də burada bitirib. 2013-cü ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ilin yanvarında 161 nömrəli hərbi hissədə hərbi xidmətini başa vurmuşdur. 2017-ci ilin fevral ayından müddətdən artıq həqiqi hərbi xidmətə hazırlıq kursuna başlamış, oranı bitirərək 651 nömrəli hərbi hissədə piyadanın döyüş maşınının sürücü-mexanik vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ müharibəsi başlanan kimi o, döyüşlərə qatılmış, Füzuli, Suqovuşan, Cəbrayıl, Xocavənd istiqamətində gedən ağır döyüşlərin önündə getmişdir. 44 günlük müharibədə göstərdiyi xidmətlərə görə hələ sağlığında bir sıra medallarla təltif olunmuşdur.

Orxan müharibənin başlamasını səbirsizliklə gözləyirdi. Torpaqlarımızın yağı düşməndən azad olunmasında bir hərbçi kimi iştirak etmək istəyirdi. Qəlbində vətənpərvərlik hissləri lap uşaqlıqdan baş qaldırmışdı. Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər onu çox  təsirləndirmişdi. Mənfur düşməndən qisas almaq üçün orduda xidmət etmək arzusunda idi. Odur ki, hərbi xidmətini başa vuran kimi yenidən ordu sıralarına qayıtdı. 44 günlük Vətən müharibəsində əvvəldən axıra kimi düşmənlə üzbəüz vuruşdu. Onun xeyli canlı qüvvəsini və texnikasını məhv etdi. Neçə-neçə əsgər yoldaşını döyüş meydanından çıxardı. İndi onun göstərdiyi qəhrəmanlıqlardan hamı ürəkdolusu danışır. Sağ qalan, bu gün qazi kimi həyatda yaşayan döyüş yoldaşları deyir ki, biz həyatda Orxanın hesabına qalmışıq. Bir ömür ona borcluyuq. Komandirləri, döyüş yoldaşları  söyləyirlər ki, həm Vətən müharibəsi zamanı vuruşmalarda, həm də Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatlarının qarşısının alınmasında Orxanın xidmətləri əvəzsizdir. Komandirlərindən biri söyləyir ki, müharibənin qızğın günləri idi. Füzuli uğrunda ağır döyüşlər gedirdi. Bizə kənd Horadiz istiqamətində “Kamera Potu” adlanan düşmənin döyüş mövqeyini ələ keçirmək tapşırığı verilmişdi. Hücuma keçdik. Həmin vaxt Orxan Cabbarov 929 nömrəli piyadanın döyüş maşınının sürücü-mexaniki idi. Hücum zamanı düşmən piyada döyüş maşınlarımızın ikisini vurdu. Heyət üzvləri arasında ölən və yaralananlar oldu. Mən bölükdən onları döyüş meydanından götürməyi istədim. Buraya girmək çox böyük risk tələb edirdi. Doğrusu heç kəsdən səs çıxmadı. Bu vaxt Orxan Cabbarov: komandir, mən gedib çıxardaram - dedi. Qorxmadan, böyük cəsarətlə döyüş maşınını sürərək neytral zonadan şəhid və yaralılarımızı götürdü.

Laçın rayonunda düşmən təxribatlarının qarşısının alınmasında da Orxanın xidmətləri çox olubdur. Komandiri söyləyir ki, 2021-ci il noyabrın 16-da Laçın rayonu ərazisindəki Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənin təxribatlarının və hücumlarının qarşısını almaq üçün saat 18 radələrində BTR-82 A tipli döyüş maşınında piyadanın döyüş maşınının komandiri kimi Orxan Cabbarov döyüşə atılaraq əsl qəhrəmanlıq nümunələri göstərmişdir. Bu zaman o, düşmənin tank əleyhinə idarə olunan raket kompleksini, 3 nəfər şəxsi heyətini və xeyli  qüvvəsini məhv etmişdir.

Davidoba kəndi hələ bu qədər insan axını və izdiham görməmişdi. Kənd düz bir il bundan əvvəl müharibədən sağ-salamat qayıdan igid oğlunu indi  şəhid kimi qarşılayırdı. Şəhidin tabutu ətrafında insan əlindən tərpənmək olmurdu. Bütün el-oba, rayon əhli onun dəfninə yığışmışdı. Noyabrın 18-də Orxan Cabbarov Quba şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Həmyerliləri öz qəhrəman oğullarının xatirəsini həmişə əziz tuturlar. Davidoba kəndinin mərkəzində kənd camaatı və valideynlərinin təşəbbüsü ilə xatirəsi əbədiləşdirilib. Burada “Orxan” bulaq-abidə kompleksi yaradılıb. İndi bu bulaq kənd sakinlərinin müqəddəs məkanına, ziyarətgahına çevrilib. Buradan keçən hər kəs abidənin önündə baş əyir, şəhidə öz dərin ehtiramlarını bildirir. Orxanla qürur duyur, onunla fəxr edirlər.

Orxan qısa bir ömür yaşadı. Kəndin tək şəhid qəhrəman oğlu kimi adını tarixə həmişəlik yazdı. Zaman ötəcək, illər, qərinələr bir-birini əvəz edəcək. Canından əziz sevdiyi Vətənin bir qarış torpağı üçün özünü fəda etmiş bu igidin keçdiyi mənalı həyat yolu gələcək nəsillərə əbədi örnək, əsl vətənpərvərlik nümunəsi olacaqdır.

Ziyafəddin BAYRAMOV,

“Respublika”.