Nofəl Quliyev
Sosial həyat

 Nofəl Quliyev

Doğma yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək məqama, şəhidlik zirvəsinə yüksəliblər. Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan torpaqları uğrunda düşmənə qarşı vuruşan qəhrəmanlardan biri də Quliyev Nofəl Zahid oğludur. Nofəl 1963-cü il oktyabr ayının 4-də Şirvan şəhərində (keçmiş Əli Bayramlı) dünyaya göz açmışdır. 1971-ci ildə Şirvan şəhər 9 saylı orta məktəbinin birinci sinfinə getmiş, 1981-ci ildə təhsilini başa vurmuşdur. 1982-ci ildə N.Quliyev ordu sıralarına çağırılmışdır. 1984-cü ildə əsgəri xidmətini başa vurub bir müddət Bakı Məişət Kondisionerləri Zavodunda çalışır. Nofəl 1984-cü ildə ailəsi ilə birlikdə Tümen şəhərinə köçür, burada işləyə-işləyə tikinti texnikumuna daxil olub. Altı il burada yaşadıqdan sonra doğma yurda dönür. Bir müddət tikinti və bu kimi yerlərdə işlədikdən sonra Daxili İşlər Nazirliyinə müraciət edir. Müəyyən prosedurları keçdikdən sonra onu polis kimi işə götürürlər. Elə həmin illərdə Ermənistan Azərbaycan torpaqlarına qarşı hücuma başlamışdı. Düşmən torpaqlarımızda təxribatlar həyata keçirir, kütləvi qırğınlar törədərək irəliləyirdi. Ölkəmizin müxtəlif bölgələrindən könüllü dəstələr cəbhəyə getsə də, vahid komandanlığın olmaması, daxildə baş verən bəzi proseslər düşmənə qarşı mübarizəyə mənfi təsir göstərirdi. Həmin vaxtlarda Nofəl polis nəfəri kimi fəaliyyət göstərir, müxtəlif bölgələrə ezamiyyətə göndərilirdi. Bu səfərlər adətən 10-15 gün çəkirdi.

12 dekabr 1991-ci ildə Goranboyun Todan kəndi erməni yaraqlılarının güclü hücumuna məruz qalmışdı. Vəziyyət son dərəcə gərgin idi. Düşmən tərəfdən çox sayda diversant həmin kənd istiqamətində hərəkət etməyə başlamışdı. Bölgədə Azərbaycan Silahlı Qüvvələrinin müəyyən sayda hərbçisi olsa da, bu, düşmənlə müqayisədə çox az idi. Həmin vaxt Nofəl Quliyev də bir qrup polislə birgə Goranboy istiqamətində düşmənə müqavimət göstərmək üçün göndərilir. Buna baxmayaraq, düşmən say etibarilə üstünlük təşkil edirdi. Erməni hərbçiləri kənd camaatını mühasirəyə almışdı. Nofəlgilin əsas missiyası mülki şəxləri düşmən təxribatından xilas etmək idi. Polislər atışma gedən bölgədə mövqe tutaraq əks-hücuma keçmişdi. Xeyli sayda düşmən qüvvələri məhv edilsə də, qeyri-bərabər döyüşdə ermənilər irəliləməkdə davam edirdilər.

Nofəl təpəlikdə dayanaraq ermənilərə qarşı atəş açmağa başlamışdı. O və digər polis nəfərlərinin müqaviməti kənddəki mülki şəxslərin təhlükəsiz bir yerə təxliyə edilməsinə kömək edir. Qısa vaxt sonra sakinlər düşmən əlindən xilas ola bilirlər. N.Quliyev yenə dostları ilə birlikdə silaha sarılaraq döyüşə yollandı. Qüvvələr nisbəti düşmənin xeyrinə idi. Buna baxmayaraq, cəsur döyüşçülərimiz kəndin bir qarış torpağının belə düşmən əlində qalmasına imkan vermək istəmirdilər. Düşmən xeyli canlı qüvvə itirsə də, geri çəkilmirdi. Nofəl yaxınlıqdakı yüksəklikdə özünə mövqe seçmişdi. Polis yoldaşları artıq təhlükəsiz yerdəydilər. Nofəl döyüşə-döyüşə geri çəkilirdi. Ermənilərin əhatəsində qalan cəsur döyüşçü çoxlu sayda ermənini məhv etdi və düşmənə əsir düşməmək üçün son gülləsini ürəyinə sıxdı.

Nofəl Quliyev Şirvan şəhərində, Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli Fərmanı ilə Quliyev Nofəl Zahid oğluna (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir. Şirvan şəhər  9 saylı orta məktəb Qəhrəmanın adını daşıyır.

44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu.

M.MİRZƏ,

“Respublika”.