Ölkəmizdəki siyasi partiyaların rəhbərləri və nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
Sosial həyat

Ölkəmizdəki siyasi partiyaların rəhbərləri və nümayəndələri Bakıdakı “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Sentyabrın 15-də Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü Azərbaycan paytaxtında və respublikamızın bölgələrində bir sıra tədbirlərlə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, respublikamızda fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri və nümayəndələri bu münasibətlə “Türk şəhidliyi” abidəsini ziyarət ediblər.

Ziyarətçilər “Türk şəhidliyi” abidəsinin önünə gələrək Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda canlarından keçən türk qardaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Siyasi partiya rəhbərləri və nümayəndələri Azərbaycan -Türkiyə qardaşlığının əbədi və sarsılmazlığını əks etdirən bu məzarlıqda uyuyan türk şəhidlərinin qəhrəmanlığını və fədakarlığını dərin hörmət və ehtiramla anıb, məzarları üstünə qərənfillər düzüblər.

Xatırladaq ki, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Bakıya qəti hücumda iştirak etmək üçün təxminən 8 min Osmanlı əsgəri və Azərbaycanın 7 min  nəfərədək yerli qüvvəsi toplanıb. Bu hərbi əməliyyatla həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub. Bu tarixi hadisədən sonra sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürülüb.

AZƏRTAC