Ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasının təməlində Ümummilli Liderin ideyaları dayanır
Siyasət

Ölkəmizin dünya dövlətləri arasında layiqli yer tutmasının təməlində Ümummilli Liderin ideyaları dayanır

1993-cü il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi keçirilmişdir

Bütün ömrünü xalqına, dövlətinə həsr edən ümummilli lider Heydər Əliyev müdrik, uzaqgörən siyasətlə milli dövlətçiliyimizin təməlini qoymuş, xalqının intibahı və milli maraqlar onun həyat amalına çevrilmişdir. Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, qorunub saxlanması, xalqın vahid ideya, əqidə ətrafında birləşməsi dahi rəhbərin ən ali məqsədi olmuşdur. Müdrik siyasətçinin hələ sovet rəhbərliyi dövründə xalqın milli maraqlarını düşünülmüş şəkildə reallaşdırması 90-cı illərin sonunda milli hərəkatın genişlənməsinə və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasına zəmin yaratmışdır. Müstəqilliyini bərpa edən, dövlətçilik tarixində yeni səhifə açan Azərbaycan xalqının isə həmin illərdə yüksək idarəçilik qabiliyyətinə, uzaqgörən siyasətə, geniş dünyagörüşə sahib olan güclü və iradəli liderə böyük ehtiyacı var idi. Çünki o zamankı iqtidarın səriştəsizliyi, fərasətsizliyi üzündən respublika böhranlı günlərini yaşayır, fəlakətə sürüklənirdi. 1993-cü ilin iyun ayında Azərbaycanda faktiki olaraq vətəndaş müharibəsi başlamışdı. Yalnız xalqının dahi oğlu ulu öndər Heydər Əliyev millətini real təhlükədən xilas edə bilərdi.

Azərbaycan dövlətinin, xalqının müqəddəratı həll olunduğu gərgin bir dövrdə xalqın istəyi və təkidi ilə ulu öndər Heydər Əliyev ikinci dəfə ölkəyə siyasi hakimiyyətə qayıtmağa razılıq verdi. 1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində ulu öndər yekdilliklə - 98,84 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabr ayının 10-da Respublika Sarayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin andiçmə mərasimi keçirildi. Dahi rəhbər, müdrik siyasətçi xalqı qarşısında Azərbaycanın müstəqilliyini, suverenliyini möhkəmləndirmək, onu qoruyub saxlamaq, ölkəmizin ərazi bütövlüyünü təmin etmək üçün əlindən gələni əsirgəməyəcəyinə and içdi: "And içirəm ki, Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarının həyata keçirilməsinin təminatçısı olacaq, milliyyətindən, dini etiqadından və siyasi əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarının hüquqlarının və azadlıqlarının qorunmasının, müdafiə edilməsinin təminatçısı olacağam. Azərbaycan Respublikasında azadlığın, demokratik dəyişikliklərin, Azərbaycan Respublikasının demokratik-hüquqi dövlət kimi inkişaf etdirilməsinin təminatçısı olacağam. And içirəm ki, Azərbaycan Respublikasına, Azərbaycan xalqına ləyaqətlə xidmət edəcəyəm, müstəqil dövlətimizin sivilizasiyalı dünya dövlətləri arasında, dünya birliyində ləyaqətli yer tutmasına çalışacağam".

Bununla da müstəqilliyinin ilk illərində ölkəni bürüyən qarışıqlığa, hakimiyyətsizliyə və anarxiyaya son qoyuldu. Ümummilli liderin hakimiyyətə gəlişi ilə Azərbaycanda müstəqillik ideyalarının praktik şəkildə bərqərar olmasına əsaslar yarandı. Ulu öndər ilk olaraq mühüm əhəmiyyətli məsələlərin həllinə başladı. Hakimiyyət boşluğunun aradan qaldırılması, separatçı və silahlı dəstələrin təhdidlərinin qarşısının alınması və nizami, yüksək döyüş qabiliyyətinə malik milli ordunun yaradılması ölkə rəhbərinin qarşıya qoyduğu vacib məsələlər oldu. Daxili və xarici siyasətində əhəmiyyətli uğurlara imza atan Azərbaycanın müasir, dünyəvi, beynəlxalq birliyə inteqrasiya edən, demokratik əsaslara sadiq ölkə olaraq inkişaf strategiyasını müəyyənləşdirdi. Bütün bunlar isə ilk növbədə, ölkə iqtisadiyyatının inkişafına, güclənməsinə stimul verərək sosial problemlərin qısa zaman ərzində həllinə nail olmağa imkan yaratdı.

1990-cı ilin əvvəllərindən ölkədə baş alıb gedən özbaşınalıq, siyasi hakimiyyətin bacarıqsızlığı nəticəsində baş verən vətəndaş qarşıdurması yatırıldı. Azərbaycan parçalanmaq və məhv olmaqdan, vətəndaş müharibəsindən, hərc- mərclikdən, dövlətçiliyini itirmək təhlükəsindən qurtuldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Prezident Heydər Əliyev Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas etdi. Respublikanın inkişafı, siyasi uğurları davamlı xarakter aldı. Dövlətçiliyimizin inkişafında mövcud maneələrin kökü ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, dövləti və xalqı qarşısında əvəzsiz xidmətləri sayəsində birdəfəlik kəsildi. Qısa müddət ərzində gənc, müstəqil Azərbaycan öz taleyinə sahib, azad və müstəqil yaşamaq hüququna malik ölkə kimi beynəlxalq aləmə inteqrasiya olundu. Milli dövlətçiliyimizin ideya təməlini qoyan dahi lider, ulu öndər Heydər Əliyevin sayəsində Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsi başladı.

Ümummilli lider xalqın öz təbii sərvətləri üzərində həqiqi varislik hüququnu təmin etdi. 1994-cü ilin 20 sentyabrında "Əsrin müqaviləsi"nin imzalanması ilə dünyanın aparıcı dövlətlərinin neft şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması respublikanın hərtərəfli inkişafına zəmin yaratdı. Yeni neft strategiyasının əsasında isə iqtisadiyyatın və qeyri-neft sektorunun inkişafı, elmtutumlu istehsal sahələrinin yaradılması, insan kapitalının formalaşması dayanırdı. "Əsrin müqaviləsi"nin Azərbaycan tarixində, ölkənin iqtisadi inkişafında mühüm əhəmiyyəti olduğunu bildirən Prezident İlham Əliyev demişdir: "Əsrin kontraktı"nın Azərbaycan tarixində xüsusi yeri vardır və Azərbaycanın müstəqil ölkə kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə imkanlarımız var idi, nə də vəsaitimiz... Məhz o çətin illərdə Azərbaycana investisiyalar gətirmək, Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim etmək, xarici investorlar üçün münbit şərait yaratmaq, eyni zamanda Azərbaycanın dövlət maraqlarını tam şəkildə qorumaq böyük siyasi təcrübə, bilik və məharət tələb edirdi... Ancaq Heydər Əliyevin qətiyyəti və Azərbaycan xalqının dəstəyi ilə biz ona nail ola bilmişik".

Ümummilli liderin neft strategiyası ölkəmizin hərtərəfli inkişafını təmin etməklə yanaşı, Cənubi Qafqaz regionunda Azərbaycanın mövqeyini möhkəmləndirdi, müttəfiqlərinin sayının artmasına imkan yaratdı.

Prezidentliyi dövründə Heydər Əliyevin xalqı qarşısında əvəzsiz xidmətlərindən biri də torpağı kəndliyə təmənnasız olaraq bağışlamağı oldu. Belə ki, hələ 1992-ci ildə Naxçıvan Ali Məclisinə rəhbərliyi dövründə ulu öndər kənd təsərrüfatında kolxoz-sovxoz sisteminin xüsusi mülkiyyətə keçirilməsi ilə bağlı qərar qəbul etmişdir. Ümummilli liderin bu qərarı isə nəinki Azərbaycanda, bütün ittifaq miqyasında kənd təsərrüfatında ümumi mülkiyyətçiliyin ləğv olunmasında ilk təşəbbüs idi.

10 illik prezidentliyi dövründə Heydər Əliyev Azərbaycanda milli ordunun formalaşmasına, Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs sazişinin imzalanmasına, müstəqil respublikanın ilk Konstitusiyasının qəbul edilməsinə, yeni neft strategiyasının hazırlanmasına, özəlləşdirmə proqramının hazırlanması və reallaşdırılmasına, iqtisadiyyatın bazar iqtisadiyyatı prinsipləri əsasında qurulmasına nail oldu. Bu dövr ərzində Heydər Əliyev BMT, ATƏT, NATO, Avropa Birliyi, İƏT kimi beynəlxalq təşkilatların tribunasından Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı.

Ermənilərin Azərbaycan ərazilərində işğalçılıq siyasətinin 200 ilə yaxın tarixi vardır. Fasilərlə xalqımıza qarşı soyqırımları törədən, deportasiyalar həyata keçirən mənfur qonşularımız Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə bu missiyalarını həyata keçirə bilməmiş, torpaq iddiasında olmağa cəsarət etməmişlər. Yalnız 1987-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Siyasi Büro üzvlüyündən istefa verməsindən qısa müddət sonra ermənilərin uzun illər ərzində Dağlıq Qarabağı ələ keçirmək məqsədilə hazırladıqları planları həyata keçirildi. Həmin vaxtdan etibarən Dağlıq Qarabağda ermənilərin təşkilatlanmasına, silahlı dəstələrin yaradılmasına, xarici ölkələrdən gətirilmiş muzdluların bu dəstələrə təlimlər keçməsinə, bir sözlə, Qarabağın işğalına ciddi hazırlıq işlərinə başlandı. 1988-ci ildən etibarən isə ermənilər alçaq niyyətlərini həyata keçirərək Azərbaycan torpaqlarını işgal etdi, vətəndaşlarını doğma torpaqlarından didərgin saldı. Ermənilərin işğalçılıq siyasəti ulu öndərin Azərbaycana ikinci dəfə hakimiyyətə gəlişinə qədər davam etdi. Xalq bu çətin vəziyyətdən xilas olmaq üçün öz dahi oğlunu saysız-hesabsız müraciətlərlə 1993-cü ilin iyun ayında ölkəyə rəhbərliyə gətirdikdən sonra erməni işğalçılarının qarşısı alındı. 1994-cü ildə atəşkəs elan olundu. Dahi lider yalnız cəbhə xəttindəki ermənilərlə deyil, eyni zamanda daxildəki dövlət çevrilişinə cəhd göstərən qüvvələrlə də mübarizə apararaq Azərbaycanı dağılmaq, parçalanmaq təhlükəsindən xilas etdi. Ulu öndərin böyük dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi, ən mühümü isə sarsılmaz Xalq-Heydər Əliyev birliyi müstəqilliyini yenicə bərpa etmiş xalqı istiqlalını itirməkdən, qardaş qırğınından xilas etdi. Müstəqil Azərbaycanı inkişaf və tərəqqi yoluna çıxardı.

Bu gün ulu öndərin uzaqgörən, düşünülmüş siyasətlə, uğurlu neft strategiyası əsasında qurucusu olduğu müstəqil Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dünyada aparıcı dövlətlər sırasındadır. Qalib Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuza, regionda isə söz sahibinə çevrilib. Ölkəmizin dünya birliyində layiqli yer tutmasının təməlində isə dahi rəhbər, ümummilli lider Heydər Əliyevin ideyaları dayanır.

Mehparə ƏLİYEVA,

"Respublika".