“Öz biznesinə başla”
İQTİSADİYYAT

 “Öz biznesinə başla”

Sahibkarlığın inkişaf etdirilməsinin vacib elementlərindən biri gənclərə aktiv həyat mövqeyinin aşılanması və bölgələrdə yeni nəsil iş adamlarının yetişdirilməsidir.

Bu məqsədlə Kürdəmir rayon Gənclər və İdman İdarəsi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Ağsu-Kürdəmir KOB İnkişaf Mərkəzi ilə birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, özünüməşğulluğu təmin etmək istəyən gənclər üçün bu günlərdə “Öz biznesinə başla” mövzusunda təlim keçirib. 14 nəfərin iştirak etdiyi təlimdə gənclərin biznes ideyaları dinlənilib, onlara biznes və iş adamı anlayışı, bazarın öyrənilməsi və biznes ideyanın reallaşmasındakı əhəmiyyəti, biznes strategiyaları barədə ətraflı məlumat verilib.

İnteraktiv təlim müddətində fərqli biznes ideyaları olan gənclər bazar araşdırması apara biləcəkləri alətlər, sahibkarlığın inkişafında marketinq və biznesin təsviri, idarəetmənin təşkili, maliyyə planı, seçilmiş sahəni tənzimləyən qanun və qaydaların əhəmiyyəti barədə zəruri bilik və bacarıqlara yiyələnib, bir-biriləri ilə fikir mübadiləsi aparıblar.

Təlimin sonunda təlimçi-ekspert tərəfindən iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.

                                          Tofiq HÜSEYN,

                                         “Respublika”.