Peşəkar Azərbaycan Ordusu
Digər xəbərlər

Peşəkar Azərbaycan Ordusu

Silahlı Qüvvələrimiz düşmənin təxribatlarına mətinliklə cavab verməyə qadirdir

Hər bir dövlətin gücünü həmçinin onun hərbi potensialı və müdafiə qabiliyyəti də müəyyən edir. Silahlı Qüvvələrin gücü təkcə ölkənin hərbi qüdrəti demək deyil, bu, eyni zamanda, dövlətin beynəlxalq siyasət və təhlükəsizlik arenasında mövqeyinin qorunması baxımından əhəmiyyətli faktordur. Qürur hissi ilə deyə bilərik ki, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan həm də güclü və rəşadətli orduya malikdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev demişdir: "Azərbaycan Ordusu öz gücünü göstərdi. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq".

Bəli, Azərbaycan Ordusu qüdrətini döyüş meydanında nümayiş etdirdi. Ordumuzun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyilə uğurlu hərbi əməliyyatlar apararaq 44 gün ərzində Ermənistanın silahlı qüvvələrini darmadağın etməsi, düşmənin məğlub olaraq qarşımızda diz çökməsi və təslim olması xalqımızın tarixi missiyasını uğurla yerinə yetirdiyinin təsdiqi oldu.

Digər tərəfdən, Vətən müharibəsi Azərbaycan Ordusunda sağlam mənəvi-psixoloji durumun, ruh yüksəkliyinin, özünəinam və güclü vətənpərvərlik hissinin hökm sürdüyünü təsdiqlədi. Eyni zamanda, Azərbaycan xalqının qüdrəti, dövlətinin ordusuna qətiyyətli və birmənalı dəstək verməsi şanlı tarixi qələbəmizin əldə olunmasında müstəsna rol oynadı. Böyük fəxrlə deyə bilərik ki, bu gün harada yaşamasından asılı olmayaraq, hər bir vətənpərvər azərbaycanlı özünü Ali Baş Komandanımızın əsgəri, Vətənin müdafiəçisi kimi görür, dövlətə və ordumuza prinsipial dəstək verir. Bütün bunlar isə haqq mübarizəsi aparan ölkəmizin qüdrətini artırır.

İqtisadi güc, güclü ordu, milli həmrəylik və birlik, beynəlxalq səviyyədə uğurlar və bütün bunları təmin və təşkil edən, mümkün resursları vahid amal uğrunda səfərbər etməyi bacaran Müzəffər Ali Baş Komandan İlham Əliyev kimi liderin olması Vətən müharibəsində Qələbəni şərtləndirən əsas amillər oldu.

Vətən müharibəsində darmadağın edilməsinə baxmayaraq, Ermənistanda müəyyən dairələr hələ də revanşist bəyanatlar səsləndirir, həmçinin silahlı təxribatlar törədirlər. Həmin təxribatların qarşısı ordumuz tərəfindən qətiyyətlə və yüksək peşəkarlıqla alınır. Təbii ki, gələcəkdə də istənilən belə təxribatlara layiqli cavab vermək və düşməni bu əməllərdən çəkindirmək üçün Azərbaycan Ordusunun təchizatı və hazırlığı, eləcə də hərbçilərimizin şəxsi peşəkarlığı hər zaman yüksəldilir.

44 günlük Vətən müharibəsinin hər anı bizim üçün əhəmiyyətli, dəyərlidir, çünki heç vaxt bir addım belə geri çəkilməyən, daim irəliləyən, torpaqlarımızı qarış-qarış azad edən Azərbaycan Ordusu göstərdiyi rəşadətə, döyüş taktikasına görə, dünyanın diqqət mərkəzindədir. Çətin döyüş əməliyyatlarından az itki, böyük Qələbə ilə çıxan Silahlı Qüvvələrimiz öz adını dünya hərb tarixinə yazdıra bilib. Təkcə Şuşa uğrunda döyüşlərdə ordumuzun göstərdiyi qəhrəmanlıq bütün dünyanı heyrətə gətirib. Çətin coğrafi şəraitinə görə və Şuşaya doğru irəliləmək nöqteyi-nəzərindən Hadrut döyüşləri Vətən müharibəsi zamanı xüsusi hərbi-strateji və rəmzi əhəmiyyətə malik idi. Hətta erməni tərəfi Hadrutun Azərbaycan Ordusu tərəfindən azad olunduğunu bir neçə gün inkar etmiş və Hadrutun itirilməsilə barışa bilmədiyinə görə bu məlumatı ört-basdır etməyə çalışmışdır. Məhz Hadrut azad ediləndən sonra Ermənistan ordusunda fərarilik halları daha da çoxalmışdı. Əlbəyaxa, yüngül silahlarla, qayalara dırmaşaraq düşmənlə üz-üzə, göz-gözə döyüşən əsgərlərimiz Şuşanı azad etməklə qarşı tərəfə daha bir dərs vermiş oldu.

Ordumuzun ərazi-relyef baxımından son dərəcə mürəkkəb şəraitdə və qısa müddətdə həyata keçirdiyi "Dəmir yumruq" əməliyyatı dünya hərb tarixinə düşərək aparıcı hərbi mərkəzlər və mütəxəssislər tərəfindən öyrənilir.

Ali Baş Komandanın əmri ilə Azərbaycan Silahlı Qüvvələri "Dəmir yumruq" əməliyyatı adı altında işğal edilmiş ərazilərimizin azadlığı uğrunda 44 günlük şanlı tariximizi yazan zəfər yürüşünə başladı və dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa qadir olan döyüş taktikası, Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi qələbəyə gedən yolumuzu daha da tezləşdirdi. Belə ki, düşmən bu ərazilərə faktiki, eyni zamanda, praktiki cəhətdən bələd idi.

Həmçinin, döyüşlərdə iştirak etmiş bir çox əsgər və zabitlərimiz bu coğrafiyada ilk dəfə idi ki, vuruşur, qarşı tərəfin ordusu isə bu yerləri daha yaxşı tanıyırdı. Ermənistan pulsuz əldə etdiyi texnika və hərbi sursatlar hesabına yüksək dərəcədə təminatlı orduya malik olsa da, Azərbaycan Silahlı Qüvvələrinin onlara qarşı istifadə etdiyi pilotsuz uçuş aparatları (PUA), "Bayraktar TB2" zərbə pilotsuz təyyarələrindən və "Zərbə" dronlarından qaçışları mümkün olmadı.

Ümumiyyətlə, hələ 2016-cı ildə Aprel döyüşlərində düşmənə zərbə vuran, 2018-ci ildə Günnüt əməliyyatı ilə Ermənistanı Dağlıq Qarabağla birləşdirən magistral yola nəzarəti ələ keçirən Azərbaycan Ordusu "Dəmir yumruq"la düşmənin belini qırdı. Bu gün qürurla söyləyə bilərik ki, qələbənin səbəbkarı Azərbaycan xalqı, Milli Ordumuzun hər bir əsgəri, zabitidir. O əsgər, o zabit ki, bu gün də sərhədlərimizin keşiyində ayıq-sayıq dayanıb, düşmən təxribatına canı, qanı bahasına cavab verir. Son zamanlar baş verən hadisələr də bunu təsdiq edir.

Ermənistanın avqustun əvvəlində növbəti təxribatına cavab olaraq Azərbaycan Ordusunun "Qisas" əməliyyatı xalqımıza düşmən üzərində daha bir qələbə yaşatdı. Laçın tam olaraq Azərbaycanın nəzarətinə götürüldü.

Sentyabrın 12-də və 13-də sərhəddə yaranmış qarşıdurma da Azərbaycan Ordusunun növbəti qələbəsilə nəticələndi. Qaranlıq şəraitdə yüksək dağlıq ərazidə peşəkar hərbi əməliyyat aparan Ordumuz yenə də öz üstünlüklərini nümayiş etdirdi.

3000 metr yüksəklikdə, dağlıq ərazidə aviasiya qüvvələrini cəlb etmədən düşməni susduran ordumuz döyüş taktikası baxımından hərb tariximizin yeni uğurlu bir səhifəsini yazdı. Nə Ermənistanın gücləndirilmiş bunkerləri, nə qurduğu postlar qəhrəman əsgərlərimizin müqavimətini qıra bilmədi, düşmən tez bir zamanda neytrallaşdırıldı. Azərbaycan əsgəri Şuşa döyüşlərindəki təcrübəsindən yararlanaraq bu dəfə də əlbəyaxa döyüşlərin qalibi oldu, daha bir strateji qələbəyə imza atdı.

Bu, hər zaman belə olacaq, ermənilər hər bir həmləyə, təxribata görə layiqli cəzasını alacaq, çünki Azərbaycan Ordusu düşmənin təxribatlarına mətinliklə cavab verməyə qadirdir.

Zümrüd QURBANQIZI,

"Respublika".