Prezidentin xüsusi nümayəndəsi: Şəhidlərimiz bizim ölməz qəhrəmanlarımızdırlar, xalqımızın xatirəsində daim əziz qalacaqlar
MÜSAHİBƏLƏR

Prezidentin xüsusi nümayəndəsi: Şəhidlərimiz bizim ölməz qəhrəmanlarımızdırlar, xalqımızın xatirəsində daim əziz qalacaqlar

Ölkəmizin hər yerində olduğu kimi, Ağdam şəhərində də 27 Sentyabr - Anım Günündə Vətən müharibəsində canını fədan edən igid oğullarımızın, şəhidlərimizin əziz xatirəsini bir daha yad etdik. İşğaldan azad olunan Ağdam şəhərində inşaat işçiləri, hərbçilər, polis əməkdaşları, ziyalılar, rayon sakinləri və Ağdam könüllülərinin də iştirakı ilə Şəhidlər xiyabanına yürüş etdik, şəhidlərimizin məzarları üstünə gül dəstələri qoyduq, onların xatirəsini andıq. Din xadimlərimiz Cümə məscidinin önündə dualar oxudular. Biz hər birimiz bu günü - Vətən müharibəsinin başlandığı tarixi, eləcə də şəhidlərimizin əziz xatirəsini böyük qürur hissi ilə, ehtiramla anırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

"Əlbəttə, şəhidlərimiz bizim üçün böyük itkidir, ancaq onlar bizim ölməz qəhrəmanlarımızdırlar, xalqımızın xatirəsində daim əziz qalacaqlar. Biz bu gün bu torpaqlarda gəziriksə, bərpa və yenidənqurma işləri görürüksə, ilk növbədə, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və onun rəhbərliyi altında bu torpaqları 30 illik həsrətdən sonra bizə bəxş edən igid oğullarımıza borcluyuq. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik", - deyə Emin Hüseynov əlavə edib.

AZƏRTAC