Qalib Azərbaycan hərbi cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün imkanlardan istifadə edəcək
Siyasət

Qalib Azərbaycan hərbi cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün imkanlardan istifadə edəcək

Vaxtilə işğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyət göstərərək milli sərvətlərimizin talan edilməsində iştirak etmiş şirkətlərin də məsuliyyətə cəlb olunması ilə bağlı tədbirlər görülür.

Azərbaycan işğal olunmuş torpaqlarını azad etmək uğrunda həyata keçirdiyi Vətən müharibəsində hər gün yeni uğurlara imza ataraq düşmənə dövlətimizin, xalqımızın və ordumuzun gücünü sübut edirdi. Döyüş meydanında ağır məğlubiyyətlərlə üzləşən Ermənistan isə ordumuzun hər yeni uğuruna yalnız aciz, azğın və namərd şəkildə reaksiya verirdi. Ermənistan ordusu dəfələrlə döyüş meydanından uzaq olan, hərbi obyektlərin olmadığı və mülki vətəndaşların məskunlaşdığı Azərbaycan torpaqlarını hədəf alaraq raket və mərmilər vasitəsilə kütləvi itkilərə səbəb olan hadisələr törədib. Rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tuturdu.

 Dinc sakinlərin - uşaqların, qadınların və ahılların qətlə yetirilməsinin hərbi cinayət olduğunu Ermənistanın hakim dairələri də yaxşı bilirdilər. Buna baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən törədilən bu hərbi cinayətlər nəticəsində beynəlxalq sənədlər, o cümlədən Cenevrə Konvensiyasının müddəaları kobud şəkildə pozulub. Ermənilər öz vəhşiliklərini təsdiqləyən qeyri-insani hərəkətlərini davam etdirir, azərbaycanlıların yaşamaq və digər hüquqlarını pozurdular. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi, Ermənistanın təxribatlarının dayandırılması və təcavüzkar fəaliyyətinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görürdülər. Beynəlxalq qurumların ermənilərin hərbi cinayətlərinə göz yumması isə narahatlıq doğururdu. Azərbaycan ictimaiyyəti beynəlxalq təşkilatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, Ermənistan silahlı qüvvələrinin işğal olmuş Azərbaycan torpaqlarından çıxarılması, Azərbaycanın BMT və dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünün bərpa edilməsi, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, uzun illərdən bəri pozulmuş hüquqlarının bərpası və təmini, sülh şəraitində birgəyaşayışın bərpa edilməsi məqsədilə konkret tədbirlər görməyə çağırırdı.

Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi kimi, Cenevrə Konvensiyasının tələblərini də nəzərə almırdı. Birinci Qarabağ müharibəsi zamanı da düşmən ölkə eyni rəftara yol verirdi. Ermənistanın Xocalı başda olmaqla, azərbaycanlılara qarşı törətdiyi insanlıq əleyhinə cinayətlər, soyqırımları bütün dünyaya məlumdur. Düşmən ölkənin bu dəfə də eyni ssenari ilə hərəkət etməsi - günahsız azərbaycanlıları - qocaları, uşaqları, qadınları, evləri, yaşayış binalarını, məktəbləri, xəstəxanaları, təcili yardım maşınlarını, jurnalistləri, mülki infrastrukturu hədəfə alması onun faşist mahiyyətinin dəyişmədiyini bir daha göstərir. Atılan raket sayının çoxluğuna görə Goranboy, Füzuli, Bərdə və Gəncə şəhərləri, mərmilərin sayına görə isə Tərtər və Ağdam rayonlarını xüsusi qeyd etmək olar. Lakin ən çox insan tələfatı Bərdədə, Gəncədə və Tərtərdə olub. Beləliklə, Ermənistanın Cenevrə Konvensiyasını və beynəlxalq hüquq normalarını pozmasını təsdiqləyən saysız faktlar var. Düşmən ölkənin təkcə əsir və girovlara münasibəti bunun ən bariz sübutudur.

 Bütün bu faktlara baxmayaraq, Ermənistan Azərbaycanın şəhərlərinin, dinc sakinlərinin atəşə tutulmasını israrla təkzib edirdi. Onlar dünya ictimaiyyətini çaşdırmaq üçün müxtəlif feyk xəbərlər yaymaqda davam edirdilər. Guya ki, bu terroru hansısa suriyalı törədib. Yaxud Azərbaycanın özünün həyata keçirməsi barədə sərsəm bəyanatlar verirdilər. Həmçinin "ərəb muzdluları", "Pakistan əsgərləri", "Türkiyə xüsusi təyinatlıları", "F-16 qırıcıları", Xankəndidə doğum evinin, Şuşada kilsənin vurulması və digər feykləri yaymaqdan usanmırdılar. Onlar bununla erməni ictimaiyyətinin gözündə Ermənistan ordusunun məğlubiyyətlərinə haqq qazandırmaq məqsədi güdürdülər. Eyni zamanda, dünya ictimaiyyətinin diqqətini Ermənistanın törətdiyi hərbi cinayətlərdən yayındırmaq, beynəlxalq aləmdə Azərbaycanın mənfi obrazını yaratmaq istəyirdilər. Erməni tərəfi indiyədək bu hərbi cinayətlərdə məsuliyyəti boynundan atmağa çalışsa da, bu, mümkün olmayıb. Belə ki, o dövrdə Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Arsrun Ovannisyan mətbuata açıqlamasında həqiqəti etiraf etməli olmuşdu. O, Qarabağ ordusunun Azərbaycan şəhərlərinə zərbələr endirməyə tam hüququnun olması barədə verdiyi bəyanatla ölkəmizin döyüş əməliyyatlarından uzaqda yerləşən şəhərlərində öldürülən 100-dək dinc sakinin ölümünə səbəb olduğunu dilə gətirmişdi. Eyni zamanda xatırladım ki, MN sözçüsünün bəyanatı açıq şəkildə Azərbaycanın dinc əhalisini və mülki obyektlərini hədəfə almaq üçün şantaj cəhdi idi. Məlumdur ki, Ermənistan cəbhədə uduzurdu. Baş nazir Nikol Paşinyanın çıxışlarında da bunu görmək mümkündür. Məhbuslardan tutmuş, qadınların və uşaqların da orduya cəlb edilməsi cəhdləri bunun bariz nümunəsidir. Döyüş meydanında uduzan Ermənistan isə mülki əhalinin yaşadığı şəhərləri hədəfə alırdı. Və odur ki, Ovannisyanın qismində bunu artıq ictimaiyyətə açıq şəkildə bəyan edirdilər. Ermənistan tərəfinin bu hərbi cinayətləri törətmək barədə bəyanatı düşmən tərəfinin məğlubiyyət astanasında olduğundan xəbər verirdi.

 "Müharibə dövründə kimin-kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq? Onlar illər boyu deyirdilər ki, azərbaycanlılar erməniləri ittiham etmək üçün Xocalıda soyqırımını özləri təşkil ediblər. Yəqin ki, bu, dünyada analoqu olmayan həyasızlıqdır. Hərçənd, bu tipli raketlər barədə az-çox anlayışı olan bütün insanlara məlumdur ki, tapşırıq verilir, hədəf seçilir və raket düz həmin hədəfə doğru gedir. Yəni, hədəf məhz Gəncə şəhərinin əsas prospektində mülki əhalini məhv etmək idi. Onların siyasətinin və deyərdim ki, mənliyinin göstəricisi budur". Bunu Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsində deyib.

 Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan bildirib ki, tribunal məsələsinə gəldikdə isə, bilirsiniz, yaxşı məlumdur ki, hərbi cinayətlər üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır və son illərin hadisələri bunu dəfələrlə sübut edib. Ermənistanın Qərbdə mövcud olan bu cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb ölkələri ilə xüsusi münasibətləri nəzərə alınmaqla, tam səmimi deyirəm, bizim buna nail olacağımıza ümid etmək çətindir. Hətta buna nail olsaq belə, onun Azərbaycana qara yaxmaq üçün növbəti vasitəyə çevrilməyəcəyinə, ədalətli məhkəmə olacağına zəmanət yoxdur. Lakin bununla bərabər, əlbəttə, müharibə dövründə törədilmiş hərbi cinayətlərlə bağlı bütün faktlar sənədləşdirilib və təbii ki, biz hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi üçün ciddi hüquqi tədbirlər görəcəyik.

İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. "Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə - bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə aparırıq. Faydalı qazıntıları qanunsuz hasil edən xarici şirkətlər barəsində hüquqi prosedurlar hazırlanıb. İndi bu proses artıq reallaşma mərhələsindədir. Beləliklə, biz təbii ki, cinayətkarların məsuliyyətə cəlb olunması üçün bütün mümkün vasitələrdən istifadə edəcəyik."

Mustafa KAMAL,

"Respublika".