QAYSAQ BAĞLAMAYAN YARALAR
Sosial həyat

QAYSAQ BAĞLAMAYAN YARALAR

Tarixin bütün dövrlərində xalqımız müxtəlif siyasi-hərbi münaqişələrə cəlb olunmuş, nəticədə zaman-zaman əraziləri işğal olunmuş, insanlar qətlə yetirilmişdir. Müharibələr nəticəsində xalqın minilliklər boyu formalaşmış mənəvi-dini-milli dəyərlərinə ziyan dəymiş, torpaqlarının bir hissəsi itirilmiş, Cənubi Qafqaz Rusiyaya birləşdirildikdən sonra bu proses daha da güclənmişdir. Erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçuları və daşnakları tərəfindən Azərbaycana qarşı ardıcıl olaraq həyata keçirilən terror geniş vüsət almışdır. Qarabağ bölgəsində kütləvi insan tələfatına nail olmaq üçün azərbaycanlıların kompakt yaşadığı məntəqələrdə terror aktları təşkil edilmiş, nəticədə minlərlə günahsız insanlar həlak olmuşdur.

1992-ci il fevralın 18-də Xocalı istiqamətində yerləşən yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Ermənilər üçün əsas hədəf Xocalı idi. Onların başlıca məqsədi bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət strateji əhəmiyyətli ərazidə maneəni aradan qaldırmaq idisə, digər tərəfdən Xocalı soyqırımını törətməklə Dağlıq Qarabağı və əlavə Azərbaycan torpaqlarını ələ keçirməklə xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri SSRİ dövründə Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərini zəbt etdilər. Şəhəri toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutdular. Fevralın 26-sı səhər saat 5 radələrində şəhər artıq alovlar içərisində idi. Belə bir vəziyyətdə erməni silahlıları əhatəsində olan 2500 nəfərə yaxın əhali şəhəri tərk etməyə məcbur olmuşdu. Şəhəri yerlə-yeksan edən erməni silahlı dəstələri dinc əhaliyə divan tutdular. O vahiməli, soyuq fevral gecəsində baş verənlər azərbaycanlılara qarşı həyata keçirilən dünyada görünməmiş soyqırımı idi.

30 gün erməni quldurlarının əsirliyində olmuş, ağır işgəncələrə məruz qalmış, II qrup əlil, Xocalı sakini Məmmədov Yaqub Qədir oğlu ilə həmsöhbət olduq. Onun nurani simasında Xocalı faciəsinin acı izləri açıq-aşkar hiss olunur, başına gətirilən müsibətləri danışarkən ürəkağrısı, çəkdiyi işgəncələrin mənəvi əziyyəti yaşaran gözlərində canlanırdı: "Dünyada analoqu olmayan faciə gecəsi, özünümüdafiə batalyonunda xidmət edirdim. Erməni silahlı dəstələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının köməyi ilə Xocalı şəhərini hər tərəfdən mühasirəyə aldılar. Dinc sakinlər canlarını qurtarmaq üçün soyuq, şaxtalı qış gecəsində çöllərə düşdülər. Şəhəri ən axırıncı tərk edən əliyalın sakinlərdən biri də mən oldum. Hamı Ağdam istiqamətində qaçırdı. Həmin gecə güclü qar yağırdı. Dəhraz meşəsində ermənilər xocalılıların gedəcəyi bütün yerlərə pusqu qurub bağlamışdılar. Gördükləri insanların hamısını güllələyirdilər. Yer qar olduğundan qaçan insanları ayaq izlərindən asanlıqla tapırdılar. Müxtəlif istiqamətlərə hərəkət etməklə 3 gün meşədə tək qaldım. Yeməyim, içməyim ancaq qar oldu. 3 gündən sonra 5 erməni məni əsir götürdü. Məni və əsir tutduqları bir neçə nəfəri Naxçıvanlı kəndindəki fermaya saldılar. Onların içərisində tanışlardan Elbrus Abbasov, Elbrusun anası, əmisi arvadı, Nadir və başqaları var idi. Hamımıza işgəncə verdikdən sonra bizi Dəhraz kəndinə gətirdilər, oradan isə Xankəndiyə apardılar. Naxçıvanlı - Aranzəmin yolu arasında təxminən 500 nəfər öldürmüşdülər. Öldürülənlər arasında uşaqlar, qocalar və qadınlar da var idi. Sağ qalan əsirləri gündə 3 dəfə amansızcasına döyür və ağır işgəncələr verirdilər. Hər bir adama 50 qram çörək, 9 adama bir stəkan su verirdilər. Rusca və ermənicə bildiyimdən məni xarici jurnalistlərin yanına gətirdilər. Biri qadın, ikisi kişi idi. Mən stolda istiqamətimi dəyişdim ki, arxa tərəfim o adama tərəf düşməsin. Jurnalistlər həmin adamın otaqdan çıxmasını istədilər. Ancaq o, çıxmaq istəmirdi və rusca "mən də iştirak etməliyəm", - deyirdi. Jurnalistlərdən biri əsəbləşərək "Zori Balayan, dur çıx kabinetdən", - deyən zaman anladım ki, o erməni qaniçən Zori Balayandır. Onu otaqdan çıxardılar. Məni sorğu-sual etdilər. Ermənilər qabaqcadan mənə tapşırıq vermişdilər ki, bizi döymürlər, yatdığımız yer istidi, yaxşı yeməklər verirlər, deyək. Lakin ingilis jurnalistləri verilən sualların üzərindən səthi keçmədilər, öz peşəkarlıqları ilə müsahibə götürdülər. Belə ki, mənim paltarımı soyundurub ermənilərə göstərdilər ki, bədənimdə ət rəngi yoxdur, hər tərəfim qapqaradır. Paltarımı geyinəndən sonra məndən soruşdular ki, bizdən istəyin nədir. Dedim ki, biz Qarabağda doğulub, Qarabağda böyümüşük. Ermənilər çığırışdılar ki, Qarabağ bizimdir, Qorbaçov bizə verib. Mən onlardan bir xahiş elədim, ədaləti yazın. Danışdıqca insanın dərdi az da olsa yüngülləşir... Əsirlikdə gördüyüm işgəncələrin izləri ömürlük məndə qalacaq...

Növbəti müsahibim 80 gün erməni əsirliyində olmuş, erməni vəhşilərinin ən ağır, ən dəhşətli işgəncələrinə məruz qalmış Elbrus Abbasov oldu: Soyqırımı gecəsi mən postdan çıxıb evə gəlmişdim. Qəflətən atışma başladı. Elə bil yerlə göy birləşdi. Yarım saat başımızı evdən çölə çıxara bilmədik. Əhali iki istiqamətə ayrılmışdı. Bir hissəsi Qarqarçay istiqamətində Ağdama tərəf, o biri hissəsi isə Kətik dağına tərəf üz tutdu. Həmin gecə gözümün şahidiyəm ki, neçə-neçə ayaqyalın çöllərə düşən qadın, uşaq, qoca donvurmadan həlak oldu. Ağbirçək qadınlar, qoca kişilər, körpə uşaqlar dərələrə yuvarlanırdılar. Bütün şəhər alov içində idi. Şəhərin içində 30-40 BMP, BRDM tipli hərbi texnikalar hərlənirdi. Qurşağa qədər qar yağmışdı. Elə bir vəziyyət yarandı ki, yolu azdıq. Hansı tərəfə gedirdiksə, erməni kəndi ilə rastlaşırdıq. Təxminən 10-12 nəfər olardıq. Valideynlərim, əmim çox ağır vəziyyətdə idilər, yeriməyə taqətimiz qalmamışdı. İki gün idi ki ac və susuz idik. Şəhərimizin sakini Ağayev Səttarın kiçik oğlu soyuqdan və aclıqdan gözlərini yumdu. Həmin an onun anasının naləsi mən deyərdim ki, bütün ərazini bürüdü. Ömrümün sonuna qədər gözümün qabağından o hadisə, ananın o fəryadı qulaqlarımdan getməyəcək. Bizi əsir götürdülər, Naxçıvanlı kəndində donuz fermasına gətirdilər. Axşam yemək üçün 250-300 nəfər qadın, uşaq, qocaya 1 vedrə çiy buğda verirdilər. Təbii ki, bunu yemək olmazdı. Bu onların girovlara verdiyi bir növ mənəvi işgəncəsi idi.

Hər bir Xocalı sakini kimi Elbrus Abbasovun da ən müqəddəs arzusu Xocalıya qayıtmaqdır. Xocalı soyqırımı yalnız Azərbaycan xalqının deyil, bütün bəşəriyyətin faciəsi oldu.

Bu gün xocalılılar tezliklə öz məkanlarına qovuşmaq arzusundadırlar. Gənc nəsil "Biz Xocalıya qayıdacayıq, mütləq qayıdacayıq", - deyirlər. Bu inamı onlarda ulu öndər Heydər Əliyev yolunu uğurla davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik siyasəti və qətiyyəti yaradıb.

Zabit XƏLİLOV,

"Respublika".