Qədim kəndin bugünkü həyatı
Region

Qədim kəndin bugünkü həyatı

Sabirabad rayonunun ən iri yaşayış məntəqələrindən olan, özünün qədim tarixi ilə zaman-zaman tədqiqatçı alimlərin diqqətini cəlb edən Cavad kəndi son illər sürətlə inkişaf edir. Mövcud problemlər barədə ətraflı fikir mübadiləsi aparmaq məqsədilə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Cavad kəndində səyyar görüş-qəbul keçirdi.

Görüşdə hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etdilər.

Rayon icra hakimiyyətinin başçısı çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışdı.

Kənd sakinlərindən şəhid atası Fuad Abbasov, Taleh Nuriyev, Sərhəd Məmmədov, Rafiq Hüseynov və başqaları çıxış edərək onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürdülər.

Görüş-qəbul zamanı kənd sakinləri Cavad-Narlıq kəndlərarası avtomobil yolunun əsaslı təmir olunması, əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılması və digər məsələlərin həllində əhaliyə köməklik göstərilməsini xahiş etdilər.

Görüşdə rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı əlaqədar təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verdi.

Tofiq HÜSEYN,

“Respublika”.