QƏHRƏMANLAR ÜRƏKLƏRDƏ YAŞAYIR
Sosial həyat

QƏHRƏMANLAR ÜRƏKLƏRDƏ YAŞAYIR

Azərbaycan tarix boyu dəfələrlə yadelli işğalçıların hücumuna məruz qalmışdır. Ancaq hər zaman xalqımız Vətənimizi qorumaq üçün mübarizlik nümayiş etdirmişdir.

Ötən əsrlərdən başlayaraq ermənilərin Cənubi Qafqaza ayaq açması ilə bölgədə tarazlıq tamamilə pozulmuşdur. Bu mənfurlar həmişə “böyük Ermənistan” yaratmaq xülyaları ilə yaşamışlar. Onlar Qərbi Azərbaycandan insanları deportasiya etməklə kifayətlənməyərək, əbədi-əzəli torpaqlarımızı da işğal etdilər. O zaman hər kəs könüllü olaraq Vətənin müdafiəsinə yollandı. Belə igid oğlanlardan biri də Abdullayev Aleksandr Şaban oğludur. O, 31 mart 1963-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuş, 1970-ci ildə Qoşabulaq kənd orta məktəbinin birinci sinfinə getmişdir. O, uşaqlıq illərindən texnikaya böyük həvəs göstərmişdir. Bu səbəbdən rayon mərkəzində fəaliyyət göstərən texniki peşə məktəbinə qəbul olmuş, 1980-ci ildə traktorçu maşinist ixtisasına yiyələnərək məktəbi bitirmişdir. Ailədə 4 qardaş, 2 bacı olmuşlar. Atası Şaban Abdullayev Basarkeçər rayonunun milis şöbəsində zabit kimi çalışmışdır.

Anası Oksana Abdullayeva milliyyətcə ukraynalı idi. Qəhrəmanımızın atası rayon mərkəzində çalışdığından uşaqlığı demək olar ki, həmişə Basarkeçərdə keçmişdir. Təbii ki, o, həmişə erməni uşaqları ilə təmasda olmuşdu və bu səbəbdən erməni dilində səlis danışırdı.

1981-1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, dəfələrlə komandanlığın təşəkkürnaməsinə layiq görülmüşdür. 1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1988-ci ildə mənfur ermənilərin törətdiyi vəhşiliklər nəticəsində ailəsi ilə birlikdə çox çətin şəraitdə Azərbaycana pənah gətirmişlər. Öz doğma ata-baba yurdundan vəhşicəsinə qovulmaq Aleksandrın ermənilərə nifrətini daha da artırırdı. Onun oğlu Xəyal Abdullayevlə söhbət zamanı dedi ki, mən hələ balaca uşaq olanda atam Vətənin müdafiəsinə qalxmış, döyüş yoldaşlarından aldığım məlumata görə, əsl igidliklər göstərmişdir.

Müharibənin qızğın çağlarının birində Ağdərə-Ağcakənd istiqamətində gedən döyüşlər zamanı ermənilərin tanınmış komandiri azərbaycanlı qanına susamış, bir sıra hərbi cinayətlər törətmiş Valod adlı qansız ermənini xidməti maşınında Aleksandr məhv etmiş, UAZ markalı maşını isə silah-sursatla birlikdə ələ keçirmişdi. Bu hadisə düşmənlərə ağır zərbə olmuş, ona görə Aleksandrın ələ keçirilməsi və ya öldürülməsi üçün külli miqdarda pul vəd olunmuşdur. Artıq düşmən igid əsgərin necə qorxmaz, cəsur döyüşçü olması haqqında məlumatlı idi.

Döyüş yoldaşları bildirirlər ki, Ağdərəyə hücum zamanı birinci olaraq o, qorxmadan, çəkinmədən şəhərə girmişdir. Gizli yollarla atəş açan düşmən tankına yaxınlaşmış, erməni əsgərlərlə ermənicə danışaraq bildirmişdir ki, məni buradan xilas edin. Bu zaman düşmən əsgərləri tankın lükunu açmışdır. Elə həmin anda Aleksandr əl qumbarasını tankın içinə tullayaraq düşmənin bir ekipajını məhv etmişdir.

18 iyul 1992-ci ildə Ağdərə rayonu ərazisində gedən amansız döyüşlərin birində Aleksandr Şabanov qəhrəmancasına həlak olmuş, şəhidlik zirvəsinə yüksəlmişdir. 

Vəli VƏLİYEV,

"Respublika".