Qoşulmama Hərəkatı məqsəd və prinsiplərilə güclü siyasi platformadır
Siyasət

Qoşulmama Hərəkatı məqsəd və prinsiplərilə güclü siyasi platformadır

Azərbaycan təşkilata sədrliyi dövründə digər təsisatlarla dialoqun inkişaf etdirilməsinə və əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə nail olub

Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, bu il biz BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan Hərəkatımızın yaradılmasının 60 illiyini qeyd edirik. Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığından, mürəkkəb qlobal çətinliklər Hərəkatımızın əhəmiyyətini daha da artırıb: “Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə, ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğundur. Bu səbəbdən 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Qısa müddət ərzində ölkəmiz Qoşulmama Hərəkatında olduqca böyük nüfuz və etimad qazandı. 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik bizə həvalə edildi. 2019-cu ilin oktyabr ayında Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünü uğurla təşkil etdi və biz sədrliyi öz üzərimizə götürdük”.

Son bir neçə on ildə bəşəriyyət çox dinamik və mürəkkəb vəziyyətlə üz-üzə qalır. Çünki bəzi ölkələrin yürütdüyü siyasət getdikcə daha da eqoist və qərəzli olur. Halbuki reallıqda kompleks yanaşma olmalı, eyni zamanda, dialoq və həmrəylik ruhu hökm sürməlidir. Bu proses razılaşdırılmış addımlar və anlaşmalar üçün səmərəli siyasi platforma olan Qoşulmama Hərəkatının strukturunun gücləndirilməsi istiqamətində aparılır ki, qəbul edilən qərarlar və qətnamələr beynəlxalq səviyyədə müsbət həllini tapsın, həqiqi təsir gücünə malik olsun. Qoşulmama Hərəkatının prinsipləri və niyyətləri üzv ölkələrin sabit inkişafına yardım edir. Təşkilat hansısa tərəfin hegemonluğuna və digər ölkələrin sabitliyinə olan  hücumlara qarşıdır.

Vətən müharibəsi dövründə Qoşulmama Hərəkatının Azərbaycana dəstəyinin önəmini vurğulayan dövlət başçısı cənab İlham Əliyev bildirib ki, BMT Təhlükəsizlik Şurasında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı baş tutmuş müzakirələrdə Qoşulmama Hərəkatının və eyni zamanda, hazırda Təhlükəsizlik Şurasının üzvü olan ölkələr  - İndoneziya, Tunis, Niger, Dominik Respublikası, Vyetnam, Cənubi Afrika Respublikası, Sent-Vinsent və Qrenadin təklif edilən sənəd layihəsinə Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874, 884 saylı qətnamələrinə istinadın daxil edilməsinə dair israrlı mövqe nümayiş etdiriblər. Nəticədə Təhlükəsizlik Şurasının daimi üzvləri olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələri hazırladıqları bəyanat layihəsini geri götürməyə məcbur olublar.

Sözügedən ölkələrin belə qəti mövqe sərgiləməsi Qoşulmama Hərəkatının prinsip və dəyərlərinə sadiqliyini və beynəlxalq hüquqa olan hörmətini nümayiş etdirir. Azərbaycan tərəfindən bu mövqe ikitərəfli nümasibətlərdə tarixi dostluq əlaməti kimi qəbul olunur. Məlumat üçün bildirək ki, Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür və təşkilata 2011-ci ildə qəbul olunub. Və elə həmin il bu qurumun və onun üzvlərinin dəstəyini alıb. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı özünü göstərib. Azərbaycan Qoşulmama Hərəkatındakı tərəfdaşlarının güclü dəstəyini alıb. Bu, o qədər də asan məsələ olmayıb. Çünki Azərbaycanın güclü rəqibləri var idi və həmin rəqiblər bu təşkilata üzv olmayan ölkələr idi. Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi üçün 16 raund tələb olundu və ölkəmiz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildi. Beləliklə, Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi Azərbaycanın ən mötəbər beynəlxalq quruma üzv seçilməsində həlledici rol oynadı.

Bunu üzv dövlətlər arasında həmrəyliyin təzahürü kimi dəyərləndirən dövlət başçısı cənab İlham Əliyev bildirib ki, bu, eyni zamanda, Qoşulmama Hərəkatının imkanlarının göstəricisidir: “BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmiş Azərbaycan iki il ərzində orada təşkilatımızın bütün üzvlərini təmsil etdi. Bəyan etdik ki, biz uzun illərdir bir çox hallarda pozulan ədalət və beynəlxalq hüququ müdafiə edəcəyik”.

Məlumat üçün bildirək ki, “Bandunq prinsipləri”ni rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda 2019-cu ilin oktyabrında Bakıda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak etdilər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatıldılar. Qoşulmama Hərəkatına sədrlik edən Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro Zirvə Görüşünü açaraq Azərbaycan hökumətinə qonaqpərvərliyə görə təşəkkür etdi. Maduro Venesuelanın sədrliyi dövründə Qoşulmama Hərəkatının böyük inkişaf yolu keçdiyini, dünyada sülhün və təhlükəsizliyin güclənməsinə xidmət göstərdiyini dedi və növbəti üç il üçün sədrliyin Azərbaycana keçdiyini bəyan etdi.

Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi.

Qoşulmama Hərəkatının sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündəki nitqində bəyan etdi ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliğinə xidmət edir və bütün ölkələrin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyini nümayiş etdirir. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanmışdır.

Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul olunmuşdur. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür. Bunu dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir və bu qərara görə bir daha sizlərə təşəkkürümü bildirirəm.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi “Bandunq prinsipləri” üzərində quracaq. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür.

Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir.

Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcəkdir. Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Hərəkat çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür.

Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilmişdir. Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alırlar. Təsadüfi deyil ki, Azərbaycan Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Gənclər Sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişdir. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak etmişlər.

XVIII Zirvə Görüşü çərçivəsində aparılan müzakirələrin nəticələri və  alınan qərarlar Qoşulmama Hərəkatının gündəliyində duran hədəflərin həyata keçirilməsinə xidmət göstərir. Azərbaycan Hərəkata sədrlik etdiyi müddətdə öz prioritetlərini üzv dövlətlərlə birgə həyata keçirmək üçün ardıcıl və davamlı səylər göstərir.

Zirvə Görüşündəki çıxışlarda terrorçuluqla mübarizə, münaqişələrin həlli ilə bağlı beynəlxalq əməkdaşlığın daha da möhkəmləndirilməsi, beynəlxalq hüquq və öhdəliklərin yerinə yetirilməsi, kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması, qaçqınlar problemi, yoxsulluğun azaldılması, ətraf mühitin qorunması, üzv ölkələr arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və digər məsələlərlə bağlı fikirlər diqqətə çatdırıldı. Çıxış edənlər mövcud problemlərin həllində Qoşulmama Hərəkatının kifayət qədər güclü mövqelərə malik olduğunu deyərək 60 il bundan əvvəl qəbul olunan “Bandunq prinsipləri”nin bu gün də aktual olması fikrində həmrəylik nümayiş etdirdilər.

Qeyd edək ki, Qoşulmama Hərəkatının yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır. Tamhüquqlu 120 üzvü olan Qoşulmama Hərəkatı özündə 17 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı birləşdirir. 1961-ci ildə yaradılmış təşkilata üzv olan hər bir dövlət onun prinsiplərinə bağlılığını bildirməlidir. Hərəkata üzvlük prinsipləri hələ təşkilatın təsis olunmasından əvvəl, 1955-ci ildə İndoneziyanın Bandunq şəhərində keçirilən konfrans zamanı qəbul edilib. Azərbaycan Hərəkatın müxtəlif səviyyəli iclas və konfranslarında iştirak etmək və üzv ölkələrlə ikitərəfli münasibətlərini sıxlaşdırmaqla onun məqsəd və prinsiplərinə öz töhfəsini verir. Hərəkata üzv olduğumuz qısa müddət ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə beynəlxalq ictimaiyyətin geniş dairələrində məlumatlılıq daha da artıb, təşkilatın daxili prosedur və sənədlərində Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinə davamlı olaraq dəstək əks olunub. Hərəkata üzvlük, həmçinin beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığa dair proseslərə ölkəmizin daha yaxından cəlb olunması və çoxsaylı dövlətlərlə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə münasib şərait yaradıb.

Bir daha nəzərə çatdıraq ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirən, BMT Baş Assambleyasından sonra dünya birliyinə üzv dövlətlərin təmsil olunduğu ən böyük siyasi platformadır. Məhz bu amilin özü qurumun müasir beynəlxalq münasibətlərin tənzimlənməsi prosesində tutduğu yerindən və rolundan xəbər verir. Dünya dövlətlərinin üçdə ikisini əhatə edən bir təsisatın mühüm toplantılarında müzakirəyə çıxarılan məsələlər BMT Baş Assambleyasının gündəliyinin formalaşmasına da ciddi şəkildə təsir edir. Qeyd edək ki, 2019-cu ildə Bakıda keçirilən XVIII Zirvə Görüşünün Yekun Sənədinə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edildi. Bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayır və təsdiq edirlər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə işğalçı ifadəsi işlədilir ki, bu da Ermənistanın 120 dünya birliyi dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.

Əsas məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan Qoşulmama Hərəkatı müasir dünyada öz aktuallığını daha da artırır. 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Bu təşkilat hər zaman rəsmi Bakının siyasi və diplomatik mövqeyini qlobal səviyyədə dəstəkləyib. Azərbaycan Respublikası da 2018-ci ildə Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin və 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşünə ev sahibliyi, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik etməklə onun məqsəd və məramlarının təşviq olunmasına, beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın güclənməsinə əsaslı töhfəsini verir.

Bakı Zirvə Görüşündəki çıxışında dövlət başçısı bəyan edib ki, Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında olacaq. Bu gün cənab Prezident məmnunluqla qeyd edir ki, Azərbaycan sədrliyi dövründə digər beynəlxalq təsisatlarla körpülərin yaradılmasına müvəffəq olub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının yuxarıda qeyd olunan onlayn Zirvə Görüşündə iştirak ediblər. Daha sonra Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

Şükür ƏLİZADƏ,

“Respublika”.