Qoyun sürüləri, arı ailələri Kəlbəcərdə və Laçında
İQTİSADİYYAT

Qoyun sürüləri, arı ailələri Kəlbəcərdə və Laçında

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi Məsələlər üzrə İşçi Qrupu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində Kəlbəcər və Laçın rayonundan olan fermerlərə məxsus xırdabuynuzlu heyvandarlıq təsərrüfatları və arı ailələrinin bu yay köçürülməsi həyata keçirilib.

Pilot layihəyə uyğun olaraq seçilmiş Kəlbəcər yaylağına 10 min baş xırdabuynuzlu heyvan, 4000 arı ailəsi, Laçın rayonuna isə 531 arı ailəsi Daxili İşlər Nazirliyinin  komendantlığı ilə birlikdə dislokasiya üzrə yerləşdirilməsi təşkil edilmişdir.

Fermerlərin, sürülərin və arı ailələrinin, onlara qulluq edəcək vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə öncədən KTN-də fəaliyyət planı hazırlanmışdır. Nazirlikdən aldığımız məlumata görə, plana uyğun olaraq təsərrüfatların yerləşdirilməsi üçün ərazilərə əvvəlcədən baxış keçirilərək yaylaqlar seçilmiş, hərəkət marşrutu, dislokasiya yerləri, mövcud flora və faunanın vəziyyəti Nazirliyin Heyvandarlığın təşkili və monitorinqi, Torpaqlardan istifadəyə nəzarət şöbələri və müvafiq mərkəzi icra hakimiyyəti orqanı ilə birlikdə monitorinq edilərək risklər qiymətləndirilmişdir. Nəticə etibarilə həm su, həm də bitki örtüyü təminatı olan, həmçinin təhlükəsizlik riskləri minimum olan ərazilər - yaylaqlar dislokasiya üçün seçilib koordinatlaşdırılaraq xəritə hazırlanmışdır. Eyni zamanda, heyvanların və arı ailələrinin sağlamlığının təmin edilməsi üçün Kəlbəcər və Laçın Rayon Baytarlıq İdarəsinin, Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşlarının xidməti təmin olunmuşdur.

Təsərrüfatlar köçürülməmişdən əvvəl onların rəhbərlərinə, o cümlədən qulluq edəcək şəxslərə ANAMA-nın Göygöl Regional Təlim Mərkəzində təlimlər keçirilmişdir.

Köçürülən heyvandarlıq və arıçılıq təsərrüfatları əsasən aşağıdakı meyarlar üzrə seçilmişdir:

- Damazlıq təsərrüfat kimi dövlət reyestrində və qeydiyyatda (EKTİS) olanlar;

- Qoyunçuluq və arıçılıq sahəsində uzun müddət məşğul olan təcrübəli fermerlər;

- Kənd Təsərrüfatı Nazirliyinə müraciət edənlər və qeyd olunan meyarlara uyğun gələnlər;

- ANAMA-nın təlimində iştirak edənlər;

- Ərazini tanıyan və təhlükəsizlik tələblərinə, qaydalarına riayət edənlər;

- Təsərrüfatların məhsuldarlıq göstəriciləri.

Qeyd etmək lazımdır ki, arı ailələrinin iyun ayından etibarən köçürülməsinə baxmayaraq, artıq bal süzümünə başlanılmışdır. Bəzi təsərrüfatlar 3-cü, bəziləri isə 2-ci süzümü edirlər. Bu ərazidə istehsal olunan arı məhsulları öz keyfiyyətinə görə digər ərazilərdə istehsal olunan məhsullardan fərqlənir. Belə ki, Azərbaycanda 640-dan çox dağ-çəmən, çiçək açan (nektarlı) bitkilər vardır ki, bunlardan da 520-dən çoxu Kəlbəcər, 400-ə qədəri isə Laçın yaylaqlarında bitir. Belə bir bitki örtüyündə istehsal olunan bal həm diastaz, həm də polen tərkibinə görə çox yüksək keyfiyyətə malik olur və dünyada nadir ballardan biri hesab edilir. Bu, ölkəmizdə həm keyfiyyətli bal istehsalının artmasına, həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsinə səbəb olacaq, gələcəkdə ekoloji təmiz kənd təsərrüfatı məhsulu kimi Azərbaycan balının xarici bazarlara çıxarılmasına zəmin yaradacaqdır.

Pilot layihənin yekunları təhlil olunduqdan sonra gələcəkdə yeni təhlükəsizlik zonaları müəyyən edilməklə əlavə qoyun sürülərinin, arı ailələrinin köçürülməsi nəzərdə tutulur.

Nəriman CAVADOV,

“Respublika”.