Quba: İspik kəndinə asfalt yol çəkilir
Region

Quba: İspik kəndinə asfalt yol çəkilir

Qubanın İspik kəndi rayon mərkəzindən o qədər də uzaq deyil. Amma cəmi 8 kilometr uzunluqda olan bu yolun 6 kilometri indiyədək tamamilə yararsız vəziyyətdə idi. 1500 nəfər əhalinin yaşadığı bu yaşayış məntəqəsinin sakinləri uzun illər  yolsuzluqdan əziyyət çəkirdilər. Kənd camaatı əlaqədar qurumlar qarşısında dəfələrlə məsələ qaldırsalar da, problem həllini tapmırdı.

Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyevin kənddə keçirdiyi son səyyar qəbulu  zamanı vətəndaşlar bu bir nömrəli problemin həllini yenidən xahiş etdilər.  Rayon rəhbəri  sakinlərin müraciətinə həssaslıqla yanaşaraq, səyyar qəbuldan dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi qarşısında məsələ qaldırdı. Müraciətdən keçən qısa bir vaxt ərzində məsələ öz müsbət həllini tapdı. Noyabr ayında kəndə yol çəkilməyə başlandı.

Hazırda yolda iş davam edir. Yolun tikintisi Avtomobil Yolları Dövlət Agentliyinin “11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC tərəfindən aparılır. Yerli əhəmiyyətli yol 4-cü texniki dərəcəyə uyğun inşa olunur. Asfalt yol çəkilməsi üçün burada yeni yol yatağı salınıb. Eni 6 metr olan bu yola keyfiyyətli asfalt döşənir. Artıq yolun 2 kilometrlik hissəsinə asfalt örtük çəkilib. Burada işlərin gedişini nəzarətdə saxlayan RİH başçısı bu günlərdə Quba-İspik yolunda təmir-yenidənqurma işləri ilə yerində tanış olub. Kənd sakinləri ilə görüşüb onlarla söhbət aparıb.

İspik kəndi gözəl təbiəti ilə diqqət çəkir. Axar-baxarlı mənzərələri, zümrüd meşələri olan bu kənd yeni yol istifadəyə veriləndən sonra həm də əlverişli turizm məkanlarından birinə çevriləcəkdir.

Ziyafəddin BAYRAMOV.