Sarsılmaz birliyimizlə güclüyük: Azərbaycan-Türkiyə qardaşlığı bu sınaqdan da uğurla çıxacaq
Türk dünyası

Sarsılmaz birliyimizlə güclüyük: Azərbaycan-Türkiyə qardaşlığı bu sınaqdan da uğurla çıxacaq

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, qardaş Türkiyə Respublikasında olan Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını uğurla davam etdirirlər.

Qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrindən ibarət  üçüncü qrupdan sonra təyyarə ilə Türkiyəyə yola salınan  dördüncü qrup  da  artıq əməliyyatlara başlayıb.

Xatırladaq ki, FHN-in qüvvələri Muğla vilayətindəki strateji əhəmiyyətli Kəmərköy və Yeniköy istilik elektrik stansiyalarının yanğından mühafizəsində iştirak edirlər. Türkiyədə Azərbaycandan gələn yanğınsöndürənlər də fəal, əzmlə, mərdliklə mübarizə aparıb, bəzi ərazilərdə  yanğınları nəzarət altına almağa müvəffəq olsalar da, meşə yanğınları hələ də davam edir. Türkiyə Prezidenti yanğından zərər çəkmiş bölgələri təbii fəlakət zonası elan edib. Muğla vilayətinin Marmaris bölgəsində isə yanğınsöndürənlərimiz yanğının ən qaynar nöqtələrindən birində fəaliyyət göstərirlər.

Yanğının lokallaşdırılması üçün yanğınsöndürən helikopterlərdən, digər lazımi avadanlıq və ləvazimatlardan istifadə olunur. Bu işə beş yüz nəfərdən ibarət şəxsi heyət cəlb olunub.

Bu rəsmi məlumatlar dağıdıcı meşə yanğınlarının lokal xarakterini, miqyasını ifadə etsə də, əsl təhlükəli anları, hiss və həyəcanları yanğınsöndürənlər real həyatda yaşayırlar. Ona görə də onların hər birinin fədakar əməyini, sözün həqiqi mənasında, göstərdikləri qəhrəmanlıqları  alqışlayırıq. Qəlbən onların yanında olub dualarımızla  güclərinə güc qatmağa çalışırıq. Uca Tanrı onları qorusun. İnanırıq ki, sarsılmaz Azərbaycan-Türkiyə qardaşlığı yenə zəfər qazanacaq. Azərbaycan Prezidenti İlham Əliyevin “Mən dəfələrlə demişəm ki, bu gün dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın və bağlı olan ölkələr yoxdur. Bu, həqiqətdir. Bu, həm tarixi və etnik köklərə əsaslanan həqiqətdir, eyni zamanda, biz - iki qardaş ölkə öz siyasətimizlə bu birliyi möhkəmləndiririk” fikirləri bir daha təsdiqləyir ki, “bir millət, iki dövlət” vəhdətini heç nə poza bilməz. Dövlət başçımızın da vurğuladığı  kimi, Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Eyni zamanda bütün məsələlərdə, beynəlxalq arenalarda Azərbaycan daim Türkiyənin haqq işini dəstəkləyir. Elə bir məsələ olmayıb ki, Azərbaycan öz dəstəyini Türkiyəyə göstərməsin. Bütün proseslərdə birmənalı şəkildə Azərbaycan dövləti və Azərbaycan xalqı Türkiyə dövlətinin və xalqının yanındadır.

Belə bir məsəl  var: “Yaxşı dost yaman gündə tanınar”. Azərbaycan-Türkiyə  dostluq və qardaşlığını sınamağa ehtiyac yoxdur. Çünki bu qardaşlıq tarixin bütün sınaqlarından keçərək bu günümüzə qədər çatıb. Azərbaycan və Türkiyə xalqlarının tarixi dostluq, qardaşlıq ənənələri, birlik  münasibətləri bu gün də möhtərəm prezidentlərimiz cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında daha da möhkəmlənərək uğurla davam etməkdədir. Qardaş və dost ölkələrimizin və xalqlarımızın qarşılıqlı münasibətləri ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir. Bu günlər Türkiyədə yaşananlarla əlaqədar ölkə başçısı Rəcəb Tayyib Ərdoğan xüsusilə ilk andan etibarən dəstəklərini əsirgəməyən Can Azərbaycanın Prezidenti İlham Əliyevə təşəkkürünü  bildirib: “Meşə yanğınlarıyla mübarizəmizdə dəstəyini, “keçmiş olsun” diləklərini, başsağlığını çatdıran, köməyə hazır olduqlarını bildirən, yardım göndərən bütün dost ölkə və təşkilatlara millətim adından təşəkkür edirəm. İnşallah, bu çətin müddəti ən qısa müddətdə sovuşduracağıq”.

Türkiyə və Azərbaycan eyni soykökə mənsub olduqları üçün hərbi, iqtisadi, sosial və mədəni baxımdan eyni cizgiləri paylaşırlar. Ataların bir deyimi var: “Birlikdən güc doğar”. Bu deyim sanki iki qardaş ölkə üçündür. Bu yerdə  politoloqların səsləndirdiyi belə bir fikirlə razılaşmamaq olmur. Belə ki,  bu gün dünyada türk millətinə qarşı soyqırımlar həyata keçirilir. Əslində isə istər iqtisadi, istərsə də hərbi sahədə dünyanın ən güclü dövlətləri türklərin olacaq. Bu isə Türk Dövlətləri Birliyinin yaradılmasını qaçılmaz edir. Belə bir birliyin yaradılması Türkiyə və Azərbaycan dövlətlərinin hər bir sahədə daha sıx əməkdaşlığı şəraitində baş tuta bilər. Türk Dövlətləri Birliyinin yaradılması vəzifəsi konkret olaraq, Türkiyə ilə Azərbaycanın üzərinə düşür.

Avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın telefon söhbətində  güclü meşə yanğınlarının törətdiyi fəsadlardan danışılıb. Prezident Rəcəb Tayyib Ərdoğan meşə yanğınlarının ilk günlərindən Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın yanğınların söndürülməsində Türkiyəyə göstərdiyi dəstəyinə görə təşəkkürünü bildirib. O, Azərbaycandan olan yanğınsöndürənlərin yanğınsöndürmə əməliyyatlarında yüksək peşəkarlıq və sevgi ilə iştirak etdiyini vurğulayıb. Prezident İlham Əliyev əlavə olaraq 40 ədəd yanğınsöndürən maşınla ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 93-ə çatacağını qeyd edib. Dövlətimizin başçısı yanğın zonasında 1 helikopter, 1 amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürənin fəaliyyət göstərdiyini bildirib.

Azərbaycan Prezidenti əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsini təklif edib və beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağını deyib. Prezident Rəcəb Tayyib Ərdoğan bu əlavə dəstəyə görə təşəkkürünü bildirib və bu dəstəyin Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümü olduğunu diqqətə çatdırıb.

Amansız mücadiləyə  baxmayaraq,  Türkiyədə meşə yanğınları davam edir. Türkiyəli yanğınsöndürənlər və xilasedicilər Antalya ərazisində təbiət yanğınlarını nəzarət altına almağa müvəffəq olublar, buna başlayan leysan yağışları da kömək edib. Ən son məlumatlara görə, iyulun 28-dən 47 vilayətdə qeydə alınan 223 yanğından 217-si nəzarətə alınıb. Şiddətli yanğınlardan 5-i ölkənin Muğla vilayətindədir. Muğladakı beş şiddətli yanğın nöqtəsinə 6 təyyarə və 39 helikopterdən müdaxilə olunur. Bundan başqa, çox sayda yanğınsöndürmə maşını və su tanker maşınları böhranın aradan qaldırılmasına cəlb olunub. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin yanğın-xilasetmə qüvvələri Muğlada ən qaynar nöqtələrdə yanğınların söndürülməsində fədakarcasına iştirak edirlər.

İnanırıq ki, qardaş Türkiyə həyatın bu növbəti sınağından da qalib çıxacaq, dost əllər birləşib yaralara məlhəm olacaq, təzə-təzə fidanlar əkiləcək, zamanla böyüyüb qos-qocaman meşələrdə yerini tutacaq. Bu gün meşələri bürüyən yanğın da söndürüləcək, hər şey axarına düşəcək. Təki dostluğumuzun, qardaşlığımızın, birliyimizin odu, atəşi sönməsin.

Mustafa KAMAL,

“Respublika”.