Səfir: Azərbaycanın azad olunmuş ərazilərdə bərpa işlərinə başlaması çox sevindiricidir
Siyasət

Səfir: Azərbaycanın azad olunmuş ərazilərdə bərpa işlərinə başlaması çox sevindiricidir

Dekabrın 15-də Milli Məclisin sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Abdullah Mohamed Abdullah Almauid ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirən Sahibə Qafarova ikitərəfli münasibətlərin inkişafında ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin müstəsna rol oynadığını qeyd edib. Dinimizin, oxşar mədəni dəyərlərimizin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığını deyən Milli Məclisin sədri əlaqələrimizin inkişafında parlamentlərimizin müsbət rolunu vurğulayıb. O qeyd edib ki, iki ölkənin ali qanunverici orqanlarının üzvləri arasında xoş münasibətlər mövcuddur. Bu, ikitərəfli və çoxtərəfli formatda olan əməkdaşlıqda özünü göstərir. Dostluq qruplarının fəaliyyəti, qarşılıqlı səfərləri əlaqələrimizin inkişafına töhfə verib. Milli Məclisin sədri, həmçinin parlamentlərimizin komitələri arasında əməkdaşlığın münasibətlərimizə müsbət töhfələr verə biləcəyini vurğulayıb.

Qeyd olunub ki, deputatlarımız beynəlxalq parlament təşkilatlarında da təqdirəlayiq əməkdaşlıq edirlər. O cümlədən Parlamentlərarası İttifaq və İslam Əməkdaşlıq Təşkilatı Parlament Məclisi çərçivəsində müsbət əməkdaşlıq əlaqələrimiz mövcuddur. Sahibə Qafarova deyib ki, bu əməkdaşlıq Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində də uğurla həyata keçirilir. Şəbəkənin Madriddə keçirilmiş təsis iclasında Küveyt parlamentindən nümayəndələr, cari ildə Bakıda keçirilən birinci konfransda isə sabiq sədr Mərzuq Əli Əl-Ganim iştirak edib. O, hazırda Parlament Şəbəkəsi çərçivəsində görülən bir sıra işlər, şəbəkənin beynəlxalq aləmdə daha geniş şəkildə tanıdılması, digər parlament təşkilatları ilə əlaqələrinin genişləndirilməsi istiqamətində atılan addımlar barədə məlumat verib.

Milli Məclisin sədri Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər, öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etməsi, işğal dövründə Ermənistanın bütün kənd və şəhərlərimizi tamamilə dağıtması, tarixi, mədəni və dini abidələrimizi vandalizmə məruz qoyması, məscidlərimizin, müqəddəs ocaqlarımızın ermənilər tərəfindən təhqir olunması barədə geniş məlumat verib. O, Küveyt Dövlətinin Ermənistanın Azərbaycan torpaqlarını işğalı dövründə Azərbaycana daim dəstək verdiyini bildirib.

Vurğulanıb ki, torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra Azərbaycan öz vəsaiti hesabına həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verib. Həyata keçirilən işlərə ən böyük maneə isə Ermənistan tərəfindən işğaldan azad edilmiş torpaqlarda basdırılmış çoxsaylı minalardır. Ermənistan bu gün də ərazilərimizdə mina basdırmağa davam edir. Milli Məclisin sədri, həmçinin Ermənistanın işğal dövründə Azərbaycan ərazilərində ekoloji terror həyata keçirdiyini, faydalı qazıntılarımızı, təbii sərvətlərimizi talan etdiyini, ermənilər tərəfindən terrorun və talançılığın bu gün də davam etdirildiyini diqqətə çatdırıb.

Milli Məclisdə olmaqdan məmnunluğunu ifadə edən səfir Abdullah Mohamed Abdullah Almauid ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini qeyd edib. O, Azərbaycan və Küveyt dövlətlərinin beynəlxalq təşkilatlarda eyni mövqelərdən çıxış etdiklərini xatırladaraq vurğulayıb ki, bu faktın özü də əlaqələrimizin yüksək səviyyəsinin göstəricisidir. Diplomat Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün birgə Komissiyanın fəaliyyətini, müxtəlif sahələrə aid imzalanmış sazişləri qeyd edib. Bildirib ki, parlamentlər arasında əməkdaşlığın genişləndirilməsi də onun ölkəsi üçün mühüm əhəmiyyət kəsb edir.

Görüşdə səfir ölkəsinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bir daha ifadə edərək, beynəlxalq təşkilatlarda qərar və qətnamələrin qəbulunda da ölkəmizin mövqeyini dəstəklədiyini xatırladıb.

O, səfir kimi fəaliyyətə başlayandan sonra Azərbaycanın bir sıra bölgələrinə, o cümlədən Zəngilan və Qubadlıya səfər etdiyini, orada Ermənistan tərəfindən törədilmiş dağıntıların bilavasitə şahidi olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycanın bu ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlaması çox sevindiricidir. Diplomat, həmçinin Gəncə şəhərinə səfərini, orada Ermənistan tərəfindən atılmış raketlərlə dağıdılmış evləri öz gözləri ilə gördüyünü diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.