Səfir Petr Mixalko: Naxçıvanda güclü iqtisadi potensial var
MÜSAHİBƏLƏR

Səfir Petr Mixalko: Naxçıvanda güclü iqtisadi potensial var

Avropa İttifaqına üzv olan ölkələrin Azərbaycandakı səfirləri, həmçinin ticarət palataları və Avropa İttifaqına üzv olan ölkələrin şirkətlərinin təmsil olunduğu nümayəndə heyəti ilə Naxçıvana işgüzar səfər etmişik. Əsas məqsəd Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələrini genişləndirməkdir.

Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko deyib.

Səfərin məqsədi, keçirilən görüşlərin nəticələri barədə danışan Petr Mixalko bildirib ki, yerli işgüzar dairələr, iqtisadi əməkdaşlıq, investisiya qoyuluşu və ticarət sahəsində Naxçıvanın potensialını öyrənmək, gələcəkdə inkişaf və əməkdaşlıq baxımından bu potensiala uyğun təkliflər etmək arzusundayıq. Bildiyimiz kimi, Avropa İttifaqı Azərbaycanın əsas iqtisadi, ticarət tərəfdaşıdır və bu il Azərbaycanla ticarət dövriyyəsində yeni bir rekord əldə edilib. Azərbaycan məhsulları, o cümlədən qeyri-neft sektorundan olan məhsullar Avropa İttifaqına üzv olan ölkələrin bazarlarına çıxarılır. Avropa İttifaqı Azərbaycan üçün, həmçinin investisiya qoyuluşu baxımından da ən böyük tərəfdaşdır. Bu əməkdaşlığın daha da inkişaf etdirilməsi, əhaliyə müvafiq faydanın təmin olunması üçün olduqca böyük potensial vardır. Məhz gəlmişik ki, Naxçıvana da bu baxımdan dəstək verək.

"Görürük ki, Naxçıvanda güclü iqtisadi potensial var. Düzü, bu, mənim birinci səfərimdir. Ancaq Avropa İttifaqına üzv olan ölkələrin səfirlərinin bir neçəsi əvvəllər Naxçıvanda olub, bu diyarın inkişafına bələddirlər", - deyən Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib ki, burada müxtəlif məhsullar var və həmin məhsullar Azərbaycanda tanınır, digər ölkələrə, o cümlədən Avropa İttifaqı ölkələrinə ixrac olunur. Əlbəttə, bu artımı daha yüksək səviyyəyə çıxarmaq, Avropa bazarlarına ixrac etmək üçün böyük potensial var. Əsas məsələ ondan ibarətdir ki, burada çox güclü qeyri-neft sektoru mövcuddur, sənaye, istehsal inkişaf edir. Bu da çox müsbət perspektivlərdən xəbər verir. Avropa İttifaqı da bu perspektivə dəstək verməyə hazırdır. Ya şirkətlərlə birbaşa əlaqələr qurmaqla, ya da investorları Naxçıvana sövq etməklə bu işə töhfə vermək olar. Bundan əlavə, digər vasitələr, layihələr də var. Misal üçün, biz bərpaolunan enerji mənbələrindən elektrik enerjisinin alınmasına pul yatıra, rəqəmsal transformasiya sahəsinə, yerli inkişaf məsələlərinə, Naxçıvanda fəaliyyət göstərən bələdiyyə təsisatlarına da inkişaf baxımından müvafiq yardım göstərə bilərik.

Səfir Petr Mixalko deyib: "Bildiyiniz kimi, Avropa İttifaqı iqtisadi və investisiya planını bəyan edib. Azərbaycan üçün bu plan çərçivəsində 2 milyard avro vəsait səfərbər ediləcək və bu da inkişaf üçün çox gözəl bir dəstək vasitəsidir. Bizim əhəmiyyət kəsb edən 5 əsas sahəmiz var. Bunlara bərpaolunan enerji mənbələri, rəqəmsal transformasiya, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək, yaşıl iqtisadiyyata keçid, kənd ərazilərinin inkişafını təmin etmək daxildir".

AZƏRTAC