ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏR QAYĞI İLƏ ƏHATƏ OLUNUB
Region

ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏR QAYĞI İLƏ ƏHATƏ OLUNUB

Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qazandığımız Zəfər, xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu tədbirlər sistemli, ardıcıl xarakter daşıyır. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə çox mühüm addımlar atılmış və davam edir. Eyni zamanda qazilərin sağlamlığının qorunması, bərpası, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi, müalicə müəssisələrində müalicəsi üçün də çox mühüm işlər görülür. Bu şəxslərin reabilitasiyası sahəsində sistemli və kompleks tədbirlər görülür, bu isə onların öz sağlamlıqlarını bərpa etmələrinə birmənalı töhfə verir. Həmçinin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir.

Göygöldəki kardiorevmatoloji sanatoriya Qarabağ müharibəsi iştirakçılarının, qazilərin, şəhid ailələrinin müalicəsini Gəncəbasar bölgəsindən ən çox həyata keçirən müalicə mərkəzlərindən birinə çevrilmişdir. Sanatoriyanın baş həkimi Kamil Hüseynovdan bu haqda məlumat verməyini xahiş etdik. O, bildirdi ki, Azərbaycan dövləti şəhid ailələrinə, müharibə iştirakçılarına və qazilərə daim yüksək diqqət və qayğı göstərir. Ölkə Prezidenti cənab İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə diqqət və qayğını bir vəzifə kimi tapşırıb. Sanatoriya tibb aləminin ən son nailiyyətləri olan tibbi avadanlıqlar və yüksəkixtisaslı peşəkar həkimlər sayəsində müasir səviyyədə təşkil edilmiş müalicə ocağına çevrilmişdir. Sanatoriyada əsasən ürək və revmatizm xəstəliyi, dayaq hərəkət sistemindən, oynaq və digər xəstəliklərindən əziyyət çəkən xəstələr müalicə olunurlar. Bu xəstəliklərin müalicəsi üçün masaj, müalicəvi bədən tərbiyəsi, fizioterapiya, iqlaterapiya, həmçinin möcüzəvi təsirə malik palçıq vannası kabinetləri mövcuddur. Həkim və personal tərəfindən yüksək səviyyədə xidmət göstərilir. Ümumilikdə, hər il 800-dən artıq xəstənin müalicə alması üçün bütün şəraitin mövcud olduğu sanatoriyanın 69 nəfər personalı həm Birinci Qarabağ, həm də Vətən müharibəsinin iştirakçılarına, şəhid ailələrinə və qazilərə yüksək tibbi xidmət göstərir. Göndəriş əsasında bu müalicə ocağına təyinat alan pasiyentlər əvvəlcə ümumi tibbi yoxlanışdan keçirilərək, hər bir xəstəyə zəruri müalicə kursu təyin edilir və effektiv bərpa-müalicə xidmətləri göstərilir və müalicə 14 gün davam edir.

Vətən müharibəsi qazisi Adil Məmmədov bildirdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görüb və görür. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətin daimi diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Ölkə Prezidenti İlham Əliyevin imzaladığı Sərəncam və fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Müalicənin səmərəsini artıq hiss edirik. Başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla və əməyi olan hər kəsə, bizə xidmət edən personala minnətdarıq. Bəli, dövlət həmişə bizim yanımızdadır.

Vətən müharibəsi qazisi Anar Paşayev də qeyd etdi ki, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi hər zaman dövlətin diqqət mərkəzindədir. Əminliklə söyləyə bilərəm ki, bu gün Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsi yüksək səviyyədə təşkil edilməkdə, onların sosial təminat və ehtiyaclarına xüsusi diqqət yetirilməkdədir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu istiqamətdə imzalanan Fərman və sərəncamlar çoxsaylı ailələrə böyük sevinc bəxş etməklə yanaşı, təqdirəlayiq hal kimi qiymətləndirilir. Belə ki, onlar minik avtomobili və evlə təmin olunmuşlar. Həmçinin, Prezident təqaüdləri və sosial müavinətlər verilir. Düşünürəm ki, bu kateqoriyaya aid olanların sosial müdafiəsinin gücləndirilməsi davamlı xarakter daşıyır. Buradakı aldığımız müalicə və bizə göstərilən diqqət və qayğı yetərincədir. Bütün bunlara görə biz hamımız dövlətimizin başçısı cənab İlham Əliyevə və sanatoriyanın rəhbərliyinə, bizə layiqincə xidmət edən personala dərin minnətdarlıq edirik.

Şəhid anası Kifayət Quliyeva bildirdi ki, Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli liderin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bizə göstərilən bu sonsuz diqqət və qayğıya görə ölkə başçısına, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və sağlamlıq ocağının kollektivinə minnətdarıq.

Zabit XƏLİLOV,

"Respublika".