Şəhid  Əliağa Məmmədovun xatirəsinə
Sosial həyat

Şəhid  Əliağa Məmmədovun xatirəsinə

"Səssiz Dünya" İşarət Dilində Danışan Əlillərə və İdmançılara Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  dəstəyi ilə "Eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün Zəfər tarixi ilə bağlı mədəni tədbirlərin təşkili" adlı layihənin icrasını  davam etdirir.

Akademik Musiqili Teatrda həyata keçirilən layihənin rəhbəri Aida Səfərova bildirib ki, təşkilat olaraq eşitmə və nitq məhdudiyyəti olan uşaqlar üçün 44 günlük Şanlı Zəfər tariximizlə bağlı mədəni tədbirlərin həyata keçirilməsinə və bu istiqamətdə təbliğat işlərinin aparılmasına başlamışıq. Təqdim etdiyimiz "Puç olmuş arzular" adlı kompozisiya Vətən müharibəsində gedən qızğın döyüşlər zamanı yoldaşlarının həyatını qurtarmaq üçün özünü sipər edərək, qəhrəmancasına şəhidlik zirvəsinə ucalan igidimiz, Akademik Musiqili Teatrın əməkdaşı, şəhid  Əliağa Məmmədova və onun timsalında bütün şəhidlərimizə həsr olunub.

Qeyd edək ki, bu kompozisiya yazıçı Narıngül Nadirin  ssenarisi əsasında Ritual Mobil Teatr Laboratoriyasının rejissoru və sosial teatr təlimçisi Elnur Paşa Rzayevin quruluşunda səhnələşdirilib. Layihə çərçivəsində səhnələşdirilən kompozisiyanın sonunda şəhid Əliağa Məmmədovun yazdığı bir şeir həm jest dili ilə, həm də surdotərcüməçi vasitəsilə tamaşaçılara çatdırılıb.

Əliağa Eldəniz oğlu Məmmədov 2001-ci il iyulun 26-da Bakı şəhəri, Sabunçu rayonunda anadan olub. 2017-ci ildə Sabunçu rayonunun 322 nömrəli tam orta məktəbini bitirib. 2017-2018-ci illərdə 5 nömrəli Peşə Liseyində "İşıq operatoru" ixtisası üzrə təhsil alıb. 6 il cüdo idman növü ilə məşğul olub.

2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətə başlayıb. Əliağa Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Əliağa Məmmədov oktyabrın 6-da Ağdərə döyüşləri zamanı şəhid olub. Sabunçu rayonunun Maştağa qəsəbəsində dəfn olunub.

 Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əliağa Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

Bəybala  BƏYBALAYEV,

"Respublika".