Şəhid Rəşad Hüseynli Culfa rayonunda dəfn olunub
Digər xəbərlər

Şəhid Rəşad Hüseynli Culfa rayonunda dəfn olunub

Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalan sərhədçi hərbçimiz baş çavuş Hüseynli Rəşad Ramiz oğlunun nəşi doğulduğu Culfa rayonunun Yaycı kəndində torpağa tapşırılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduğu kəndə yola salınan şəhidimizin nəşi "Başını dik tut, şəhid anası!", "Şəhidlər ölməz, Vətən bölünməz!" şüarları altında dəfn olunub.

Dəfn mərasimində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin, Culfa Rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib. Vida mərasimində şəhidin ruhuna dualar oxunub.

Bildirilib ki, 44 günlük Vətən müharibəsində hərbçilərimizin göstərdiyi rəşadət Rəşad Hüseynli üçün örnək olub. Qəhrəman şəhidlərimizin şərəfli yolunu davam etdirən Vətənin igid oğlu 2021-ci ilin aprel ayından Dövlət Sərhəd Xidmətində şərəfli xidmətə başlayıb, baş çavuş rütbəsi ilə Cəlilabadda xidmətini davam etdirib. Sentyabrın 12-13-də Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdə baş verən genişmiqyaslı təxribatının qarşısının alınmasında fəal iştirak edib, Zəngilan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Çıxış edənlər şəhidimizin ailəsinə başsağlığı verib, Vətən uğrunda can qoyan qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, güclü döyüş qabiliyyətinə malik şanlı Ordumuz tərəfindən qisasının qətiyyətlə alındığını bildiriblər.

Sonra üçrəngli Azərbaycan bayrağı şəhidimizin atasına təqdim edilib və yaylım atəşi açılıb.

AZƏRTAC