Şərqi Zəngəzur - əzəli və əbədi yurd yerimiz
Siyasət

Şərqi Zəngəzur - əzəli və əbədi yurd yerimiz

Paytaxt Bakıdan başlayan rahat və müasir yollar indi Şərqi Zəngəzurdan keçir. Torpaqlarımız işğalçılardan azad ediləndən sonra çəkilən yeni yollar bölgənin döyünən nəbzinə çevrilib. Qızılı payız bu yerlərə özgə bir gözəllik gətirib, artıq dağların zirvəsinə qırov düşüb, təpələrə, dərələrə örpək kimi sarılan duman elə bil gələn qonaqlara bələdçilik edir. Buz kimi soyuq, ancaq şəfalı hava insana rahatlıq gətirir, göz işlədikcə ana təbiətin yaratdığı və düşmənin yaraladığı yerlərə baxırıq. Ermənilər işğal illərində bütün yaşayış məntəqələrimizi yerlə-yeksan edib, tarixi irsimizə sağalmaz yaralar vurub. Otuz ilə yaxın torpaqlarımızı işğal altında saxlayan mənfur düşmən daşı-daş üstündə qoymayıb. Araşdırmalar nəticəsində məlum olub ki, ermənilərin 30 ilə yaxın bir müddətdə törətdiyi ekoloji terror nəticəsində on minlərlə hektar meşə sahəsi talan olunub, bölgənin təbii landşaftına və bioloji müxtəlifliyinə böyük zərər yetirilib, 100-dən çox təbiət abidəsi məqsədli şəkildə məhv edilib.

Vaxtilə Zəngəzur mahalına və Qarabağa köçürülən ermənilər son iki yüz ildə azərbaycanlılara qarşı silsilə terror törədib, qədim yurd yerlərimizi erməniləşdiriblər. XX əsrin əvvəllərində Zəngəzur mahalında 149 türk, 91 kürd və 81 erməni kəndi olub. 1905-1907 və 1914-1920-ci illərdə erməni daşnaklarının törətdiyi qırğınlar nəticəsində bu mahalda çox sayda türk və kürdmənşəli insanlar həlak olub, həmin illərdə Zəngəzurda 115 kənd yer üzündən silinib, 4472 qadın və uşaq ermənilər tərəfindən qəddarlıqla qətlə yetirilib. Aşkarda ermənilərin başını sığallayan, onlara havadarlıq edən, həm də onlara silah-sursatı dəyər-dəyməzə satan bəzi dövlətlər ermənilərin törətdiyi belə qanlı cinayətləri görməməzliyə vurur, hər dona girərək hayları müdafiə edirlər. 2020-ci ilin payızında, 44 gün davam edən Vətən müharibəsində qəhrəman silahlı qüvvələrimiz ermənilərə və onların havadarlarına yaxşı bir dərs keçdilər, işğalçıları doğma torpaqlarımızdan qovdular. Biz bu torpaqlara qəhrəman xalq kimi, qalib dövlət kimi ləyaqət və şərəflə qayıtdıq. Özü də əbədi qayıtdıq.

Qarabağda olduğu kimi, Şərqi Zəngəzurda da ilk əvvəl həyat əhəmiyyətli infrastruktur layihələr icra olunur, bölgənin enerji təsərrüfatı yenidən qurulur, hava limanları inşa olunur, yeni yollar çəkilir. Prezident İlham Əliyev oktyabrın 19-da Cəbrayıla səfəri zamanı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını elektrik enerjisi ilə təmin edəcək 330/110 kilovoltluq "Cəbrayıl" Qovşaq Yarımstansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. Dörd ay əvvəl təməli qoyulan yarımstansiyada bir çox işlər başa çatıb. Rəqəmsal İdarəetmə Mərkəzinin binası tikilib. Həmin yarımstansiya vasitəsilə Qarabağ və Şərqi Zəngəzurun dayanıqlı elektrik enerjisi ilə təchizatı təmin ediləcək, ən əsası isə Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyaları imkan verəcək ki, qardaş Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına daha əlverişli çıxış əldə olunsun. Eyni zamanda, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq. Qeyd edək ki, 330 kilovoltluq "Cəbrayıl" yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir. Ölkə rəhbəri tərəfindən Cəbrayılda təməli qoyulan 35 kilovoltluq yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi də mühüm əhəmiyyətə malik layihədir.

Ermənilərin vəhşiliklə dağıtdıqları Qumlaq kəndinin xarabalıqları Araz çayının sularında əks olunur, qəmli və kədərli bir faciədən xəbər verir. Nə xoş ki, tikinti-quraşdırma işləri bu ayrılıq çayının sahillərinə də çatıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisindən keçən dəmir yolu Qumlaq kəndindən keçir, burada inşa ediləcək dəmiryol stansiyası yüklərin səmərəli və təhlükəsiz daşınmasına imkan verəcək. Bu il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının təməlini qoyublar. Xatırladaq ki, Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli isə keçən il fevralın 14-də qoyulub və polad magistralın tikintisi 2023-cü ilin sonunda başa çatacaqdır. Qeyd edək ki, dəmir yolu xəttinin uzunluğu 110,4 kilometrdir. Dəmir yolu xətti boyunca 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd) fəaliyyət göstərəcək. Layihə çərçivəsində, həmçinin 456 süni mühəndis qurğusu, 70 yoldəyişən, 110,4 kilometr uzunluğunda rabitə və işarəvermə xətti istismara veriləcək. Hazırda dəmir yolu xəttinin 62-ci və 71-ci kilometrləri arasındakı ərazidə torpaq yatağı və süni mühəndis qurğularının tikintisi işləri aparılır.

Şərqi Zəngəzur iqtisadi rayonunda ən əhəmiyyətli layihələrdən biri də dövlətimizin başçısının tapşırığı ilə icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun tikintisidir. Həmin yolun 14,2 kilometrlik Şükürbəyli-Cəbrayıl hissəsi istifadəyə verilib. Uzunluğu 39,7 kilometr olan yeni yol dördzolaqlıdır, yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb. Həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlıda da tikinti-quruculuq işləri sürətlə və keyfiyyətlə aparılır. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 19-da Qubadlı şəhərinin Baş Planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Baş Plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin "S.A_Partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq.

Qubadlı rayonu ərazisində yaradılacaq "Zabuxçay" və "Bərgüşadçay" su anbarları bölgədə kənd təsərrüfatının inkişafına şərait yaradacaq, uzun illər su üzünə həsrət qalan torpaqlar suvarılacaq, əhali içməli su ilə təmin ediləcək. Layihəyə əsasən Zabuxçayın Həkəriçaya birləşdiyi yerdən aşağı hissədə su anbarının və ondan ayrılacaq magistral kanalların (Laçın-Qubadlı-Zəngilan) yaradılması məsələsi üzrə müvafiq araşdırmalar aparılıb. Ümumi ərazisi 12 min 100 hektar olan əkin sahəsinə saniyədə 6,18 kubmetr suyun mütəmadi verilməsi üçün tutumu 26,7 milyon kubmetr olan su anbarının yaradılması daha münasib hesab edilib. Su anbarının hündürlüyü 40 metr, uzunluğu 615 metr olan torpaq bənddən yaradılması təklif edilib. Yeni su anbarı bu yerlərə həyat bəxş edəcək. İşğaldan azad edilən torpaqlar yenidən canlanır, erməni vəhşiliyinin ağır izləri aradan qaldırılır, yeni şəhərlər və kəndlər tikilir. Dövlət başçısının qətiyyətlə və çox inamla dediyi "...biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq", sözləri gələcək xoşbəxt həyatdan və yeni-yeni uğurlardan xəbər verir.

Salman ALIOĞLU,

"Respublika".