Sınaqlardan keçmiş tarix
Region

Sınaqlardan keçmiş tarix

Yeni Azərbaycan Partiyası Cəbrayıl rayon təşkilatında partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirildi. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq ruhunu dərin ehtiramla yad etdilər. Sonra 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə-Kompleksində respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi yad olunaraq abidə önünə gül-çiçək dəstələri qoyuldu.

Tədbirdə YAP Veteranlar Şurasının üzvü Əli Həsənov, YAP İdarə Heyətinin üzvü Bayram Aslanov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, Millət vəkili Ceyhun Məmmədov, Şərqi Zəngəzur üzrə zona kuratoru Elmar Məmmədov, YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev, YAP üzvləri, qazilər, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıldı. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Tədbirin sonunda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunmuş Vətən müharibəsi qazilərinə medallar, Cəbrayıl rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına Fəxri fərmanlar, eləcə də partiya sıralarına yeni qəbul olunmuş şəxslərə üzvlük vəsiqəsi təqdim edildi.

                                                Tofiq HÜSEYN,

                                               “Respublika”.